Yol kəsənləri 40 min cərimə gözləyir
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Avtosfer.az xəbər verir ki, Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tutan layihə səsverməyə çıxarılaraq qəbul olunub. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.
Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.
Milli Məclisdə Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi də qəbul olunub. Aqrar komitənin sədri Eldar İbrahimov bildirib ki, dəyişiklikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağında yerləşən torpaq sahələri ilə bağlı tələblərin pzoulmasına görə, fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnir. Bu, təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimələnəcək. Qanun layihəsinə əsasən, Azərbaycana mənsub sahilboyu 20-50 metrlik zolaqda olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanın qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər.
Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edlməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.
Deputat Fazil Mustafa bildirib ki, vətəndaşların dənizdən məhdudlaşmasının motivi də bura əlavə olunmalıdır. “Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək, dəniz qıraqlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyurlar. Kimlərsə dənizə gedən məhəllələrdən dənizə çıxış yolunda hasar tikirlər. Yalnız bir nəfərin keçib getməsi üçün cığır saxlayırlar. Nəqliyyatın sərbəst hərəkət etməsi üçün yol qoyulmalıdır. Bu gün dənizkənarı yerlərdə vəziyyət belədir. Dar yollu məhəllələrin arasında tıxac yaranır və vətəndaşalrın istirahət hüququ pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq lazımdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Dənizin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır”.
Deputat Elmira Axundova bildirib ki, Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə sahilboyunda daş hasarlar tikilib: "Xəzər dənizinin altındakı və sahil zolağındakı torpaq sahələrinin istifadəsi ilə bağlı hər hansı məsələ müzakirə olunarkən diqqət hər zaman xüsusilə həmin ərazilərdə tikilən yaşayış evlərinə, onların uzun və hündür hasarlarına, bütün bunların da nəticəsində sahil zolağına girişin məhdudlaşdırılmasına yönəlir. Əgər xatırlayırsınızsa, bununla bağlı keçən illərdə də xeyli müzakirələr və fikir mübadiləsi də aparılıb. İndi bizə təqdim edilən dəyişikliklərdən görünür ki, bu hasarlar tikilməsinə və istifadəsinə müəyyən məhdudiyyətlər qoyulur və cərimələr xeyli sərtləşdirilir. Belə ki, bütöv daş hasarlar əvəzinə qəfəsli hasar olmalıdır, sahildən dəniz görünməlidir və hər 100 metrdən bir eni 6 metrdən az olmayan keçidlər qoyulmalıdır. Əlbəttə ki, hamımız istərdik ki, bu hasarlar tamamilə götürülsün, lakin bu dəyişiklik də müəyyən mənada buna keçid mərhələsi ola bilər, biz bunu müsbət qarşılayırıq. Lakin bu cərimələrlə bağlı vacib sual ortaya çıxır. Abşeron, Qaradağ, Sumqayıt və Ələtin bir çox yerlərində sahilboyunda artıq daş hasarlar tikilib və onlar şəxsi mülkiyyətdir. Belə olan halda bu gün qanuna edilən dəyişikliklər tikilmiş olan daş hasarlara da şamil ediləcəkmi? Yoxsa bundan sonra tikilməsi nəzərdə tutulan sahilboyu hasarlara şamil olunacaq? Yəni bu günə qədər tikilən obyektlərə münasibətdə bu qanun dəyişikliyi necə tətbiq olunacaq? Bu çox vacib sualdır, çünki təkrar edirəm, hal-hazırda Xəzər sahilboyunun demək olar ki, əhəmiyyətli hissəsi artıq daş hasarlara alınıb və edilən dəyişiklik ancaq bundan sonra tikilən hasarlara şamil ediləcəksə, bu dəyişikliyin elə də böyük əhəmiyyəti olmayacaq”.
Deputat Fəzail Ağamalı deputatlara danışmaq üçün söz verilməməsindən şikayətlənib. “İcazə verin qanunların müzakirəsində bizə verilmiş hüquqdan istifadə edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq. Axı bu milləti narahat edən məsələdir. Vətəndaşlar yayda dincəlməyə gedə bilmirlər. Xahiş edirəm, bir-birimizə təmkinli yanaşaq”.
Elmin