Ağsuda sel avtomobil yolunu dağıtdı - Hərəkət çətinləşdi - FOTOLAR - VİDEO

Yaz aylarında Ağsu çayına gələn güclü sel rayonun Maşadqanlı kəndinə gedən avtomobil yoluna ciddi ziyan vurub. Selin yaratdığı güclü axın nəticəsində yolun müəyyən hissələri tamamilə dağılıb, çayla yol arasında yerləşən beton istinad divarları yararsız vəziyyətə düşüb. Bunun nəticəsində kəndlə rayon mərkəzinin nəqliyyat əlaqəsi bir müddətlik tamamilə kəsilmişdi. Avtosfer.az xəbər verir ki, hadisədən dərhal sonra görülən ilkin işlər nəticəsində yol qismən bərpa olunsa da, ərazidə təhlükə tam aradan qalxmayıb. Bir neçə il əvvəl yenidən qurulmuş yol sel sularının gücünə tab gətirməyib. Torpaq layı, yol yatağı və asfalt örtüyü dağılıb, bəzi hissələrdə dərin çalalar və çökmələr əmələ gəlib. Sürücülər həmin ərazidən keçərkən xeyli çətinlik çəkdiklərini, bəzən yolun keçilməz hala düşdüyünü bildirirlər. Ən çox əziyyət çəkənlər isə gündəlik olaraq bu yoldan istifadə edən kənd sakinləridir.
Maşadqanlı kənd sakini Fikrət Hüseynov vəziyyətin həm maddi, həm də sosial problemlər yaratdığını deyir:
“Uşaqları məktəbə aparıb-gətirmək çətinləşib. İcra hakimiyyəti gəlmişdi, görüş keçirildi, dedilər ki, yaxın günlərdə problem həll olunacaq. Amma aylar keçir, yol elə həmin vəziyyətdə qalır. Maşınlarımız sıradan çıxır, texnikamız çayın içində qalıb. Heç olmasa qrabil töksünlər ki, yol bir qədər düzəlsin. Bir maşına 3–4 adam mindirəndə maşının altı yerə dəyir”.
Kəndin digər sakini Barat Əliyev isə daha ciddi xəbərdarlıq edir. Onun sözlərinə görə, istinad divarları tikilməsə, növbəti sel yalnız yolu deyil, kəndin təsərrüfat sahələrini də məhv edə bilər:
“Ərazinin bərpası yarımçıq qala bilməz. Əvvəlcə sahilboyu beton divar çəkilməli, çayın yatağı möhkəmləndirilməlidir. Beton olmadan çəkilən asfaltın heç bir əhəmiyyəti yoxdur – sel gələn kimi yenə dağıdacaq. Əkin sahələri sürüşür, torpaq qopur. Bu işlər təxirə salınsa, kəndin rayonla əlaqəsi yenidən kəsiləcək”.
Məsələ ilə bağlı Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Əlhüseyn Mayılov məlumat verib ki, sel sonrası yolun bağlanmış hissəsi təxirəsalınmaz tədbirlər nəticəsində bərpa edilib və sakinlərin istifadəsinə verilib. Hazırda isə idarənin canlı qüvvəsi və texnikası çayın digər təhlükəli sahələrində bəndvurmanın və beton kanalların möhkəmləndirilməsi işlərini davam etdirir. Baş mühəndis bildirib ki, çay yatağında suyun axını dəyişdirilib, təhlükə yaradan istiqamətlərdə profilaktik tədbirlər görülüb. Maşadqanlı istiqamətindəki yolun və istinad divarlarının bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanıb və artıq investisiya planına daxil edilib. Onun sözlərinə görə, layihəyə uyğun olaraq selin dağıtdığı hissədə uzunluğu 250 metr, dərinliyi 5 metr, eni 2 metr olan yeni beton istinad divarı inşa ediləcək. Bu işlər tamamlandıqdan sonra yolun məhv olmuş asfalt örtüyü aidiyyəti qurum tərəfindən yenidən çəkiləcək. Beləliklə, həm yolun dayanıqlılığı artırılacaq, həm də kəndin təsərrüfat ərazilərinin sel təhlükəsindən qorunması təmin ediləcək (AZƏRTAC).
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
Bayram öncəsi bazarlarda qiymətlər necədir? - VİDEO
“Bu şəxslər cəriməni hansı vəsait hesabına ödəyəcək?...” - Yeni cərimələr dalğası gəlir!
Bayrama görə bu şəxslərə 450 manat verildi
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO














