Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS

Azərbaycanda onlayn mərc və qumar platformalarının sürətlə yayılması və vətəndaşların bu şəbəkələrə cəlb olunması böyük problemlərdən biri sayılır. Asan qazanc hərisliyi və alqoritmik manipulyasiya insanlarda sürətli asılılıq yaradır, nəticədə qısa müddətdə böyük maliyyə itkiləri baş verir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətlərə həsr olunub. Bu fəsildə informasiya-kommunikasiya texnologiyaları sistemlərinə qanunsuz müdaxilə, parolların və elektron məlumatların qanunsuz ələ keçirilməsi, verilənlər bazasına müdaxilə, habelə kibercinayətlərin törədilməsi üçün nəzərdə tutulan vasitələrin hazırlanması və dövriyyəsi kimi əməllərə görə cinayət məsuliyyəti məsələləri əhatə olunur. Bəs bu oyunların yaradıcıları və onları reklam edənlər necə cəzalandırılır? Vətəndaş öz haqqını necə tələb edə bilər?
Suallarımızı hüquqşünas Rəsul Cəfərov cavablandırıb.

Onun sözlərinə görə, qumar oyunları təkcə canlı formada deyil, eyni zamanda elektron qaydada, onlayn platformalar, virtual şəbəkələr, internet şəbəkələri, o cümlədən mobil rabitə şəbəkələri vasitəsilə həyata keçirildikdə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır.
“Bu maddə qumar oyunlarının təşkili və keçirilməsi adlanır və həmin cinayət əməlini təşkil edən hərəkətləri müəyyən edir. Qumar oyunlarının təşkili və keçirilməsi sosial şəbəkə platformalarından, digər rabitə vasitələrindən, internet-kommunikasiya tətbiqlərindən və texnologiyalarına əsaslanan platformalardan istifadə edilməklə həyata keçirildikdə cinayət məsuliyyəti yaranır. Bu halda iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Qanunla icazə verilən qumar oyunları da mövcud ola bilər. Məsələn, Azərbaycan Respublikasının «Lotereyalar haqqında» Qanunu və «Bədən tərbiyəsi və idman haqqında» Qanunu ilə müəyyən edilən lotereyalar və idman mərc oyunları buna aiddir. Bundan əlavə, qısa müddət əvvəl Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində çimərlik sahələrinin yaradılması ilə bağlı yeni qanun qəbul edilib və həmin istiqamətdə kazino fəaliyyətinə faktiki olaraq icazə verilib. Bu istisnalar xaricində qalan bütün qumar oyunları, o cümlədən sualda qeyd etdiyiniz barabanların fırladılması, zərlərin atılması və ya başqa formalarda təşkil edilən oyunlar bu anlayışa daxildir. İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsində dörd istiqamət üzrə hərəkət inzibati xəta kimi qiymətləndirilir və həmin əməllərə görə cərimə formasında inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Məsələn, 401.1-ci maddədə ölkə ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən virtual mühitə çıxışın təmin edilməsi ilə bağlı cərimələr nəzərdə tutulur. Fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 7000 manat, hüquqi şəxslər isə 40 000 manat məbləğində cərimə edilə bilərlər. 401-ci maddənin digər bəndlərində də başqa əməllərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məsələn, qumar oyunları biletlərinin satışının təşkili və satışının özü ilə bağlı hallarda fiziki şəxslər 3000 manat, vəzifəli şəxslər 7000 manat, hüquqi şəxslər isə 40 000 manat məbləğində cərimə edilə bilərlər".
İctimaiyyəti maraqlandıran suallardan biri də odur ki, əgər bu cür onlayn qumar platformaları qadağandırsa, yaxud onları təşkil etmək cinayət məsuliyyəti yaradırsa, o zaman bu platformalar necə olur ki, Azərbaycanda yayılır və kifayət qədər istifadəçi kütləsi toplaya bilir?
Məsələ ilə bağlı İKT üzrə mütəxissis Elvin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu platformaların ölkəyə ilkin girişində və yaranma mərhələsində təsbit edilməsi bir neçə texniki və hüquqi çətinliklərlə üzləşir.

“Birincisi, bu platformaların yaradıcıları "domino" və ya "güzgü" sayt texnologiyasından istifadə edirlər, dövlət qurumları bir veb-ünvanı və ya IP ünvanı bloklayanda, alqoritm avtomatik olaraq domeni yüzlərlə yeni alternativ ünvana yönləndirir. İkincisi, dələduzlar ödənişləri qəbul etmək üçün ənənəvi bank köçürmələrindən yox, kriptovalyutalardan, xarici elektron pul kisələrindən və ya "drop" hesablar vasitəsilə həyata keçirilən P2P transferlərdən istifadə edirlər. Bu da tranzaksiyaların ilkin mərhələdə adi şəxsi köçürmələrdən fərqləndirilməsini mürəkkəbləşdirir".
Türkan Ülvi
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...













