Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?

Sosial 5 Oktyabr 2026 12:18
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
WhatsApp kanalımıza abunə olun

Bakıda məsafəyə görə ödəniş modelinə keçid avtobusların intervalına və xidmət keyfiyyətinə nəzarəti gücləndirə, sərnişin az olan saatlarda belə marşrutların qrafik üzrə işləməsini təmin edə bilər.

Avtosfer.az xəbər verir ki, ajans.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu modelin sərnişin üçün əsas üstünlüyü avtobusların marşrut üzrə fəaliyyətinin sərnişin sayından asılı olmamasıdır.

“Sərnişin üçün burada əsas üstünlük ondan ibarətdir ki, avtobusun marşrutda işləməsi sərnişinin sayından asılı olmayacaq. Yəni avtobusda və yaxud dayanacaqda həmin marşrut üzrə sərnişin az olsa belə, marşrut öz qrafiki ilə işləməlidir. Müəyyən olunmuş saatlarda, səhər və gecə saatlarında fəaliyyət göstərməli olacaq. Həm də keyfiyyətli və təhlükəsiz xidmət göstərməlidir. Burada sadəcə avtobusun müəyyən edilmiş saatlarda işləməsi yox, həm də keyfiyyətli və təhlükəsiz xidmət göstərməsi əsasdır. Bu da öz-özlüyündə sərnişin üçün ictimai nəqliyyatdan istifadəni daha proqnozlaşdırılan edir. Sərnişin bilir ki, avtobus müəyyən dəqiqədə dayanacağa gələcək və müəyyən saata qədər işləyəcək. Yəni əvvəlki kimi sürücü və yaxud dispetçer xətdə sərnişin azdırsa, müəyyən saatdan sonra avtobusu qaraja göndərməyəcək. İşləməli olacaq”, – ekspert qeyd edib.

E.Cəfərovun sözlərinə görə, belə bir sistemdə daşıyıcı şirkətlər müəyyən edilmiş qrafiklə işləməli, təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun xidmət göstərməlidirlər.

“Ona görə də avtobusların intervalına da ciddi nəzarət etmək mümkün olacaq. Müvafiq qurum bunu xüsusi GPS və digər sistemlər vasitəsilə izləyə biləcək. Belə bir misal çəkim: tutaq ki, avtobus 5 dəqiqəlik intervalla işləməlidirsə, daşıyıcı şirkət buna əməl etməlidir. Yəni o, həmin intervalla işləməlidir. Bu interval 10 dəqiqəyə, 15 dəqiqəyə yüksəlməməlidir.

Keyfiyyətli xidmət dedikdə avtobusun vaxtında gəlməsi nəzərdə tutulur. Əgər daşıyıcı müəyyən edilmiş intervalı uzadırsa, vaxtında sərnişinləri dayanacaqdan götürüb mənzil başına çatdırmırsa, artıq burada tənzimləyən qurum tərəfindən həmin daşıyıcı şirkətə müəyyən xəbərdarlıqlar və sanksiyalar tətbiq oluna bilər. Əgər xidmət yaxşı olduqca, daşıyıcının ödənişi də buna uyğun yaxşı olacaq”, – deyə E.Cəfərov vurğulayıb.

Ekspert Bakıdakı vəziyyətə də toxunaraq bildirib ki, paytaxtda artıq bəzi marşrutlarda “brutto müqavilə” sisteminə keçid mövcuddur.

“Düşünürəm ki, hazırda müvafiq qurum tərəfindən müəyyən edilmiş tələblərə cavab verən, bu tələblərə uyğun avtobusları marşruta buraxan daşıyıcı şirkətlərə də subsidiyaların verilməsi mümkündür, yəni onlar “brutto müqavilə”sinə qoşula bilərlər. Sadəcə, müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Həm iş sistemi, həm də marşruta buraxılan avtobusların vəziyyəti lazım olan səviyyədə olmalıdır.

Belə bir sistemə keçid sərnişinin az olduğu ərazilərdə və saatlarda da avtobusların işləməsini təmin edir. İstər Bakıda, istər digər şəhərlərdə. Eyni zamanda avtobusların intervalına, sayına, texniki vəziyyətinə, təmizliyinə, sürücünün xidmətinə daha ciddi və dəqiq nəzarət etmək mümkün olur.

Yəni konkretləşdirsək, sərnişindaşımada işləyən daşıyıcının məqsədi və vəzifəsi sadəcə sərnişin toplamaq yox, keyfiyyətli nəqliyyat xidməti göstərmək olacaq. Bu da uzun müddətdə ictimai nəqliyyatın daha nizamlı işləməsinə kömək edəcək”, – deyə ekspert əlavə edib.
 

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh