Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?

"MV Hondius" kruiz gəmisində aşkarlanan hantavirus virusu dünyanı narahat etməyə başlayıb. Gəmi aprelin 1-də Argentinanın Uşuaya şəhərindəki limandan ayrılıb.
Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, ilk yoluxma halı niderlandlı kişi sərnişində qeydə alınıb və o, aprelin 11-də gəmidə həyatını itirib. Meyit aprelin 24-dək gəmidə qalıb. Daha sonra həyat yoldaşı ilə birlikdə Sent-Helena adasında sahilə çıxarılıb. Təxliyə zamanı yüngül simptomlar göstərən qadın Cənubi Afrikanın Yohannesburq şəhərinə gedərkən vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və aprelin 26-da vəfat edib. Gəmidə olan Almaniya vətəndaşı isə mayın 2-də həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin hantavirusun nadir növü olan və insandan insana keçə bilən Andes ştammı olduğunu təsdiqləyib. ÜST-ün məlumatına görə, virus səbəbindən gəmidə 3 nəfər həyatını itirib.
"MV Hondius” gəmisindən təxliyə edilən sərnişinlər əvvəlki gündən etibarən ölkələrinə qayıtmağa başlayıblar. Bu səbəbdən ABŞ, Fransa, İspaniya və Niderland başda olmaqla bir sıra ölkələrdə sərnişinlər üçün karantin və müşahidə tədbirləri tətbiq olunub. İlk ölüm hadisəsindən sonra gəmidən enən "YouTuber” Ruhi Çenet də bir neçə gün əvvəl "Instagram” hesabında karantində olduğunu açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi bu gün açıqlama yayaraq bildirib ki, son günlər beynəlxalq informasiya məkanında hantavirus infeksiyası ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ictimaiyyətə bildirir ki, ölkəmizdə epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur. Bildirilib ki, ÜST-ün məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir:
"Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir. Bu səbəbdən ölkəmizdə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil. Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və ÜST-lə qarşlıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə çağırır. Mövcud vəziyyət ölkə əhalisi üçün hər hansı əlavə risk yaratmır".
İki virus arasındakı ən böyük iki fərq: Mənbə və yoluxuculuq
Yoluxucu xəstəlikləri müəyyən dərəcədə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Lakin gəmidəki hantavirus yayılması ilə qlobal miqyasda yayılan COVİD-19 pandemiyası tamamilə fərqli vəziyyətlərdir. COVİD-19 pandemiyası ilə "MV Hondius” gəmisindəki yoluxmanın törədiciləri arasında bir çox fərq mövcuddur. Ən böyük iki fərq isə virusların ölümcüllüyü və yoluxuculuğudur. Bu fərqlər epidemiyanın nəticələrinə birbaşa təsir edə biləcək amillər hesab olunur. Hantavirusun əsasən gəmiricilərdən keçdiyi məlumdur. Hantavirus SARS-CoV-2 virusundan daha ölümcüldür, lakin yoluxuculuğu daha aşağıdır. Covid-19 pandemiyası insanları koronavirus ailəsi haqqında geniş məlumat əldə etməyə məcbur etsə də, hantavirus barədə yayılan məlumatlar qarışıqlıq yaradır. Məlumat çatışmazlığı isə narahatlığı artırır. Bu səbəbdən hantavirus ilə COVİD-19 arasındakı fərqlər barədə virusoloq Semih Tareen və infeksion xəstəliklər üzrə mütəxəssis Dr. Songül Özərin fikirləri öyrənilib. Biotexnologiya və virusologiya üzrə mütəxəssis Dr. Semih Tareen bildirib ki, hantavirusun yoluxuculuğu onun variantından asılı olaraq dəyişir və variantlar coğrafi baxımdan fərqlənir:
"Məsələn, Amerika qitəsində, xüsusilə Cənubi Amerikada rast gəlinən və gəmidə də aşkar olunan Andes variantı insandan insana keçə bilir. Andes variantının insandan insana ötürülməsi COVİD-19 və ya qızılca qədər geniş deyil. Lakin 2018-2019-cu illərdə baş verən əvvəlki hantavirus yayılması zamanı ad günü məclisində iştirak edənlər arasında bir neçə yoluxma halı qeydə alınmışdı".
Dr. Tareen əlavə edib: "Andes növü yaxın təmas, tüpürcək, asqırıq və öskürək vasitəsilə insandan insana keçə bilir. Lakin Asiya və Avropada rast gəlinən hantavirus növləri bu baxımdan uğurlu deyil. Bu səbəbdən həmin bölgələrdə yoluxma əsasən heyvandan insana keçir və burada əsas mənbə gəmiricilər — siçan və siçovul növləridir.”
İnfeksion xəstəliklər üzrə mütəxəssis Dr. Songül Özer isə bildirib ki, hantaviruslar əsasən yoluxmuş gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə çirklənmiş mühitin nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yayılır:
"Xüsusilə uzun müddət havalandırılmamış qapalı məkanlarda risk artır. İnsanlar arasında yoluxma isə son dərəcə nadirdir. Bu səbəbdən cəmiyyət daxilində sürətli və kütləvi yayılma potensialı COVİD-19 ilə müqayisədə çox aşağıdır".

Bəs inkubasiya və karantin müddəti nə qədərdir?
Semih Tareen hantavirusun inkubasiya və karantin müddətinin COVİD-19 ilə müqayisədə daha uzun olduğunu bildirib:
"Bunun səbəbi simptomların yaranmasının iki və ya üç həftə çəkməsidir. Hətta nadir hallarda bu müddət beş həftəyə qədər uzana bilər. Buna görə də DST karantin müddətini ən azı 40 gün tövsiyə edir. Lakin əlimizdə PCR testləri var. PCR vasitəsilə insanların qan nümunələrində virusun olub-olmadığını müəyyən etmək mümkündür. Bu üsulla təmaslıların izlənməsi aparılıb karantin müddəti uzadıla bilər".
Songül Özer də hantavirus hallarında karantin müddətinin COVİD-19-dan daha uzun olduğunu vurğulayıb:
"İnkubasiya müddəti adətən bir ilə səkkiz həftə arasında dəyişə bilər. Əksər hallarda simptomlar təmasdan təxminən iki-dörd həftə sonra ortaya çıxır. Qızdırma, halsızlıq, əzələ ağrıları, baş ağrısı və ağır hallarda tənəffüs çatışmazlığı müşahidə oluna bilər. Təmaslı şəxslərlə bağlı yanaşma COVİD-19 ilə eyni deyil".
Özer qeyd edib ki, təmaslı şəxslər əsasən simptomların inkişafı baxımından izlənilir və hər bir hal virus növü, klinik şübhə və infeksiyaya nəzarət prinsiplərinə uyğun şəkildə ayrıca qiymətləndirilir.
Mutasiyaya uğrasa, nə baş verə bilər?
Hantavirusun COVİD-19-dan daha az yoluxucu olduğu məlum olsa da, mutasiya nəticəsində daha sürətli yayılma ehtimalı sual doğurur. Dr. Semih Tareen bildirib ki, bütün canlılar, o cümlədən viruslar mutasiyaya uğrayır. Virusların üstünlüyü isə hər çoxalma dövründə milyonlarla, hətta milyardlarla yeni nüsxə yarada bilmələridir: "Bu səbəbdən virusların təkamülü və mutasiya sürəti daha yüksək olur. Lakin mutasiyanın qalıcı olması üçün seçilim təzyiqi də lazımdır. Hazırda gəmidə aşkarlanan Andes növünün genomunu bilirik və onun 2018-2019-cu illərdə Argentinada müşahidə edilən variantla çox oxşar olduğunu görürük. Aralarında çox az mutasiya var. Tareen əlavə edib: "Bu variant insandan insana asan keçmədiyi üçün onun çox sürətlə yeni mutasiyalar qazanacağını gözləmirik. Çünki bunun üçün seçilim təzyiqi yoxdur. Virus artıq gəmiricilər arasında rahatlıqla yayılır. Mutasiyalar həmişə olacaq, lakin hantavirusun fövqəladə xüsusiyyətlər qazanması ehtimalı çox aşağıdır".
Songül Özer də qeyd edib ki, bütün RNA viruslarında olduğu kimi hantaviruslarda da mutasiya ehtimalı nəzəri baxımdan mövcuddur:
"Lakin hazırda hantavirusların COVİD-19-a səbəb olan SARS-CoV-2 kimi sürətli mutasiya keçirərək yüksək yoluxuculuq qazanacağına dair elmi sübut yoxdur".
Ölüm nisbəti nə qədərdir?
Semih Tareen bildirib ki, hantavirus COVİD-19-dan daha ölümcül olsa da, insandan insana daha çətin keçir:
"COVİD-19 zamanı ölüm nisbəti təxminən 0,1 faizdən 1 faizə qədər dəyişirdi. Lakin COVİD-19 çox sürətlə yayıldığı üçün ölüm sayı da yüksək oldu və qısa müddətdə pandemiyaya çevrildi".
Tareen qeyd edib ki, hazırda belə hər həftə yüzlərlə insan Covid-19 səbəbindən həyatını itirir:
"Təəssüf ki, bu, COVİD-19 ilə yaşamağın reallığıdır. Hər il qripdən minlərlə insan öldüyü kimi, COVİD-19 səbəbindən də ölümlər davam edəcək. Hantavirus daha ölümcüldür, amma insanlar arasında asan yayılmadığı üçün COVİD-19 tipli pandemiya riski çox aşağıdır".
Onun sözlərinə görə, Amerika qitəsində yayılan hantavirus növlərində ölüm nisbəti 20-60 faiz, Asiya və Avropadakı variantlarda isə 1-15 faiz arasında dəyişir.
Tareen bildirib ki, hantavirus 1970-ci illərdən, onun yaratdığı xəstəlik isə 1950-ci illərdən bəri məlumdur:
"Bu səbəbdən hər il dünyada hantavirusla bağlı ölüm halları baş verir. Əsas məsələ elmə əsaslanmaq, PCR testləri kimi vasitələrdən istifadə etmək və zərurət olduqda təmaslıların izlənməsi, karantin tədbirləri ilə yoluxma zəncirini qırmaqdır".
Songül Özer isə vurğulayıb ki, hantavirus daha az yoluxucu olsa da, ağır hallarda daha yüksək ölüm riski yarada bilər:
"Xüsusilə gəmiricilərlə təmas olan yerlərin gigiyenik saxlanılması, qapalı məkanların diqqətlə havalandırılması və gəmiricilərə nəzarət əsas qorunma üsullarıdır. Hazırda hantavirusa qarşı geniş istifadə olunan təsirli peyvənd mövcud deyil".
Təcili tibbi yardım üzrə mütəxəssis Dr. Gültekin Akyol da mayın 5-də "Hurriyet.com.tr”yə açıqlamasında hantavirusların böyük əksəriyyətinin insandan insana keçmədiyini bildirib:
"Ədəbiyyatda yalnız bəzi nadir növlərdə məhdud yoluxma halları qeyd olunub. Əgər hər hansı mühitdə belə yoluxma müşahidə edilirsə, ilk növbədə ortaq məruz qalma araşdırılır. Yeni variant ehtimalı yalnız ətraflı elmi araşdırmalar nəticəsində müəyyən edilə bilər.”
Daha sonra ÜST də xəstəliyin insandan insana keçə bilən nadir Andes ştammı olduğunu təsdiqləyib.
Dr. Gültekin Akyol beynəlxalq səfərlər zamanı əsas qorunma yolunun riskli təmaslardan uzaq durmaq və gigiyenaya diqqət etmək olduğunu vurğulayıb. Xüsusilə gəmiricilərin ola biləcəyi qapalı və yaxşı təmizlənməmiş məkanlardan uzaq durmaq, mühitləri havalandırmaq, əl gigiyenasına riayət etmək, qida və su təhlükəsizliyinə diqqət yetirmək tövsiyə olunur. Səfərdən sonra qızdırma və xüsusilə nəfəs darlığı yaranarsa, gecikmədən tibb müəssisəsinə müraciət edilməlidir.
İyunda 10 gün İŞ OLMAYACAQ
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır








