Əlçatan mənzillər azalır: Paytaxtda qiymətlər niyə artır?

Sosial 20 May 2026 21:45
Əlçatan mənzillər azalır: Paytaxtda qiymətlər niyə artır?
WhatsApp kanalımıza abunə olun

Son illər paytaxt Bakı və ətraf ərazilərində daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı mənzil seçimlərinə də ciddi təsir göstərib. Mənzillərin qiyməti demək olar ki, hər ay dəyişir, xüsusilə paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində bahalaşma daha çox hiss olunur. Ekspertlər bildirirlər ki, bazarda qiymətlərin formalaşmasına urbanizasiya, söküntü prosesləri, yeni infrastruktur layihələri, ipoteka imkanları və əhalinin alıcılıq qabiliyyəti kimi bir sıra amillər təsir edir.

Hazırda alıcılar hansı evləri almağa üçstünlük verir? Hansı evlər əlçatan hesab olunur? 

Avtosfer.az-ın məlumatına görə, "Qaynarinfo"ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əmlak bazarında uzun illər davam edən qiymət artımı səbəbindən artıq son bir il ərzində tələbat daha çox ipoteka kreditinə çevrilə bilən köhnə çoxmənzilli yaşayış binalarındakı və yeni tikili binalardakı ümumi sahəsi az, otaq sayı çox olan mənzillərədir:

"Bundan başqa, fərdi yaşayış evlərinə tələbat əvvəlki illərdə daha çox idi. Amma son baş verən yağışlar nəticəsində su basmalara məruz qalmış ərazilərdəki mənzillərə tələbat tamamən azalıb”.

Elnur Fərzəliyev əlavə edib ki, təkcə Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız, ucuz fərdi yaşayış evləri var ki, onların satış qiymətləri ucuz olsa da, lakin çıxarışları olmadığına görə vətəndaşlar bu tip mənzilləri hər hansı kredit şərtləri ilə əldə edə bilmir:

"Bu da az təminatlı ailələrin mənzil problemlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Bazar dəyəri 30 min manatdan 100 min manat arası dəyişən bu tip əmlaklar çıxarışla təmin olunarsa, bu zaman həmin evlər istənilən növ kreditlə alına bilər ki, bu da həmin mənzillərin bazar dəyərinin aşağı olması səbəbindən onların həm ilk ödənişinin, həm də aylıq ödənişinin az olması səbəbilə evə ehtiyacı olan insanların böyük bir qisminin ev problemlərini aradan qaldırmış olar”.

Həmsöhbətimiz deyir ki, paytaxtda aparılan söküntülər onu deməyə əsas verir ki, artıq yaxın gələcəkdə Bakıda böyük bir qism köhnə istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri söküləcək. Bu isə ucuz qiymətə təklif olunan mənzillərin əmlak bazarından birdəfəlik çıxması ilə nəticələnəcək:

"Sökülən hər yaşayış massivlərinin yerində yeni binalar inşa olunacaq, bu binalardakı mənzillər isə 2 dəfə baha təklif olunacaq. Bu da yaxın gələcəkdə – 2040-cı ilə qədər xüsusən paytaxt Bakıda əmlak bazarında həm satış, həm də kirayə bazarında bahalaşmaya gətirib çıxaracaq. Çünki paytaxt 2040-cı ilə qədər hazırlanmış Baş Plana uyğun formada olacaq. Həmin baş planda isə paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərindəki fərdi yaşayış evlərinin və köhnə çoxmənzilli binaların bir qismi yoxdur”.

"Paytaxtda hazırda bir çox ərazilərdə yeni parklar salınır, infrastruktur qurulur. Bu, paytaxtın yenilənməsi üçün müsbət hal olduğu kimi, digər tərəfdən də həmin ərazilərdəki ucuz, əlçatan qiymətə olan mənzillərin birdəfəlik mənzil bazarından çıxmasına gətirib çıxarır. Mənzillərin sayının azalması isə gələcəkdə tələbatı artıracaq ki, bu da qiymət artımına səbəb olacaq”, – ekspert əlavə edib.

Oxunub : 32
ŞƏRH YAZ
Ad

E-mail

Şərh