Müharibələr uşaqların psixologiyasına necə təsir göstərir? - Psixoloq AÇIQLADI

Sosial 2 Mart 2026 13:41
Müharibələr uşaqların psixologiyasına necə təsir göstərir? - Psixoloq AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müharibələr bəşəriyyət tarixində ən ağır və dağıdıcı hadisələrdən biridir. Silahlı münaqişələr yalnız ölkələrin sərhədlərini deyil, insanların həyatını, gündəlik yaşam tərzini və cəmiyyətlərin ümumi inkişaf istiqamətini də dəyişdirir. Müharibə dövründə ictimai həyat pozulur, iqtisadi çətinliklər yaranır, ailələr parçalanır və insanlar doğma yurdlarını tərk etmək məcburiyyətində qalırlar. 

Avtosfer.az xəbər verir ki, belə dövrlərdə xüsusilə uşaqlar və müharibəni birbaşa yaşayan insanlar daha həssas vəziyyətdə olurlar. Müharibə zamanı yaşanan partlayış səsləri, zorakılıq, itkilər və davamlı təhlükə hissi insan psixikasında dərin izlər buraxır. İnsanlar özlərini daim qorxu və gərginlik içində hiss edir, sabaha olan inam və təhlükəsizlik duyğusu zəifləyir.

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, həyatda baş verən bütün təhlükələr, daşqınlar, zəlzələlər, müharibələr və digər fəlakətlər həyatımızda bəzən fərqinə belə varmadığımız izlər buraxır:

“Yaranan travmalar zamanı valideyn özü belə stress halında olur və bu vəziyyətdə uşağa baş verənləri düzgün şəkildə izah etməkdə çətinlik çəkə bilər. Belə anlarda əsas düşüncə “övladımı və özümü necə xilas edim?” sualı olur. Təbii ki, həmin anda valideyndən uşağın keçirdiyi hissləri tam müşahidə etməsini gözləmək çətindir. Müharibə və ya məcburi köçkünlük hallarında insanlar ilk növbədə yeni mühitə uyğunlaşmaq məcburiyyətində qalırlar. Qaçqın və ya məcburi köçkün olan ailələrin qarşılaşdığı ilk məqamlar, onlara verilən suallar və ya cəmiyyətdəki yan baxışlar uşaqlara da təsirsiz ötüşmür. Məsələn, məktəbini dəyişən və yeni mühitə düşən yeniyetmələr, xüsusilə də özünü təsdiq dövründə olduqları üçün çətinlik yaşayırlar. Bununla belə, onlar hər zaman yenidən özlərini təsdiq etməyə doğru addımlar atırlar. Uşaqların müharibə şəraitində göstərdikləri reaksiyaları anlamaq üçün üç əsas meyara diqqət yetirmək vacibdir: uşağın məruz qaldığı təsirin növünü müəyyənləşdirmək, onun baş verən hadisələrə münasibətini müşahidə etmək və müharibə ilə bağlı verdiyi suallara diqqət yetirmək. Çünki uşağın hansı məqamı daha gərgin və çətin qəbul etdiyini çox zaman məhz suallarından anlamaq mümkündür”.

Psixoloqun sözlərinə görə, müharibə dövründə uşaqların çoxu stressli hadisələr yaşadığı üçün valideyn və müəllimlərin onların suallarını cavablandırması vacibdir:
“Bəzən uşaqlarda elə suallar yaranır ki, həmin suallara vaxtında cavab tapılmadıqda onlar qeyri-müəyyənlik və narahatlıq içində qalırlar. Yetkin insanlardan fərqli olaraq, uşaqların keçirdiyi sıxıntıların səbəbini müəyyən etmək daha asandır. Çünki onların davranış və cavablarında narahatlıq və stress açıq şəkildə müşahidə olunur. Kiçik yaşlı uşaqlarda narahatlığın səbəbini anlamaq üçün oyunlardan və hekayələrdən istifadə etmək mümkündür. Müharibə ilə bağlı mövzular izah edilərkən qəhrəmanlıq, vətənpərvərlik kimi anlayışlar diqqətlə və yaş səviyyəsinə uyğun formada təqdim edilməlidir. Bu prosesdə ən böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Müharibənin uşaqlarda buraxdığı izlər yaş kateqoriyalarına görə fərqlənir. Sıfırdan üç yaşa qədər olan körpələrdə, yəni ilkin şəxsiyyət formalaşma dövründə baş verənlər instinktiv şəkildə qəbul olunur. Onlar valideynin keçirdiyi qorxu və gərginliyi mimika və davranışlardan hiss edə bilirlər. Buna görə də belə vəziyyətlərdə həm uşaqlara, həm də ailələrə psixoloji dəstək göstərilməsi olduqca vacibdir. Keçmiş dövrlərdə müharibə səhnələrini daha çox filmlər vasitəsilə izləyirdiksə, bu gün bəzi cəmiyyətlər həmin reallıqları birbaşa yaşayırlar. Bu isə uşaqların və ailələrin psixoloji durumuna xüsusi həssaslıqla yanaşmağı zəruri edir”.
Nurcan Babək

Oxunub : 180
ŞƏRH YAZ
Ad

E-mail

Şərh