Təhsil sistemində əzbərləmə dilemması - Bilik əzbərləməkdir, yoxsa anlamaq? – EKSPERT AÇIQLADI

Müasir dövrdə təhsil sisteminin qarşısında duran əsas problemlərdən biri bilik anlayışının əzbərləmə ilə eyniləşdirilməsidir. Bir çox hallarda şagirdin və ya tələbənin uğuru mövzunu nə dərəcədə anladığına görə deyil, onu nə qədər yaxşı yadda saxlayıb imtahan zamanı təkrar edə bilməsinə görə qiymətləndirilir. Bu yanaşma isə təhsilin əsas məqsədi olan düşünən, analiz edən, öyrəndiyini real həyatda tətbiq edə bilən fərdlərin formalaşmasına mane olur.
Əzbərləməyə əsaslanan təhsil modeli qısa müddətli nəticələr versə də, uzunmüddətli perspektivdə biliklərin tez unudulmasına, şagirdlərdə öyrənməyə qarşı marağın azalmasına və yaradıcılığın zəifləməsinə səbəb olur. Şagirdlər məlumatı anlamaq əvəzinə, imtahandan keçmək üçün mexaniki şəkildə yadda saxlamağa üstünlük verirlər. Nəticədə isə bilik formal xarakter daşıyır və gündəlik həyatda, problem həllində istifadə edilmir.
Bu vəziyyət “Əzbərləmə biliyin göstəricisidirmi?” sualını aktuallaşdırır. Çünki əsl bilik yalnız məlumatı xatırlamaq deyil, onu dərk etmək, əlaqələndirmək və yeni situasiyalarda tətbiq edə bilməkdir. Təhsil sistemində bu balansın pozulması həm müəllimləri, həm valideynləri, həm də cəmiyyəti narahat edən məsələlərdəndir. Məhz buna görə də əzbərləmə probleminin səbəblərini araşdırmaq, onun şagirdlərin inkişafına təsirini dəyərləndirmək və daha effektiv təlim metodlarının tətbiqini müzakirə etmək bu gün olduqca vacibdir.

Bununla bağlı Avtosfer.az-a açıqlama verən təhsil eksperti Elmin Nurizadə bildirib ki, əzbərləmə təhsili təfəkkür mərhələsinə çatmayan, hələ onun özünə uzaqdan-uzağa baxan bir pilləyə aparır, daha doğrusu, aşağıya doğru sürükləyir:
“Qabardılan mövzu çox ciddi problemativ məqamları özündə əks etdirir. Əzbərləmə prosesi təhsili özünün əsas mahiyyətindən uzaqlaşdıran, hətta onu iflic edən məsələdir. Təhsilin yaddaş dövrü artıq öz işini 100 ilə yaxındır ki, başa vurub. Şagird tədris prosesində informasiyanı kortəbii şəkildə qəbul edərək onu yaddaş üçün yükə çevirir. Qəbul etdiyi informasiya analiz süzgəcindən qəti şəkildə keçmir. O özünün emal prosesini tam formada yaşamır və şagirddə zehni inkişafa qətiyyən təsir göstərmir. Burada isə təhsil missiya olaraq tamamlanır. Çünki əzbərçilik təhsil, bilik yox, yalnız və yalnız vərdiş predmetidir. Amma bəla da budur ki, bu vərdiş heç də qalıcı deyil. Qısa müddətdən sonra insan beyninin aldığı saysız informasiyalar fonunda qısa yaddaşdan da silinərək məhv olub gedir”.
Ekspertin sözlərinə görə, bu müstəvidə vəziyyət sürətlə dəyişməyə, inkişafa doğru gedir. İstər orta məktəb, istər universitetlərə hazırlıq zamanı, istərsə də ali təhsil seqmentində artıq yaddaş öz yerini ildırım sürətilə düşüncəyə, təfəkkürə verməkdədir:
“Təəssüf ki, bizim təhsil seqmentimizdə əzbərləmə prosesi uzun illər davam etdi. Bu, orta məktəbin ibtidai siniflərindən başlayaraq, yuxarı-buraxılış siniflərinə qədər davam etdi. İbtidai sinifdə Abdulla Şaiqin uşaq şeirlərini kortəbii olaraq əzbərləyən şagird, buraxılış siniflərində universitetə düşəcək qaydaları, düsturları kortəbii formada əzbərləməyə, qısa yaddaşın etibarsız məhsuluna çevirdi. Nəticədə, təhsil bir proses kimi özünün qalıcılığını, sistematikliyini, tətbiq və qərarvermə üstünüklərini xeyli dərəcədə itirdi. Bu meyar o qədər yayıldı ki, az qala, ümumi qanunauyğunluğa çevrildi”.
Nurcan Babək













