Təkcə magistr təhsili ilə Azərbaycanda yaxşı iş tapmaq mümkündür? - Ekspert AÇIQLADI

Azərbaycanda son illər ali təhsilin, xüsusilə də magistratura pilləsinin rolu və əhəmiyyəti ilə bağlı müzakirələr daha da aktuallaşıb. Magistr diplomunun əmək bazarında nə dərəcədə üstünlük yaratdığı və magistr proqramlarının keyfiyyətinin real sektorun tələblərinə uyğun olub-olmadığı əsas müzakirə mövzularındandır. Bir tərəfdən magistratura akademik inkişaf mərhələsi kimi qiymətləndirilir, digər tərəfdən isə gənclər üçün praktik faydası sual altına alınır.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, magistratura hər hansı bir əmək fəaliyyəti ilə bağlı olaraq əmək bazarına birbaşa çıxış verən sahə deyil:

“Azərbaycanda magistraturaya tələbat arzu olunan səviyyədə deyil. Magistratura qəbul imtahanının birinci cəhdində 22.200 ətrafında bakalavr iştirak edib ki, bu da kifayət qədər aşağı göstəricidir. Bu hal gənclərin magistraturaya marağının zəif olduğunu göstərir. Ümumiyyətlə, magistratura akademik karyeradır. Magistratura hər hansı bir əmək fəaliyyəti ilə bağlı olaraq əmək bazarına birbaşa çıxış verən sahə deyil. Hər bir vətəndaş bakalavr diplomu ilə əmək bazarına qoşula bilər. Magistratura diplomu isə əsasən akademik inkişaf üçündür. Magistratura pilləsində təhsil alan şəxs ali təhsil müəssisələrində dərs demək hüququ qazana, beynəlxalq layihələrdə iştirak edə, akademik adlar məsələn, dosent, professor və s. ala bilər. Yəni magistratura akademik karyeranın inkişafı istiqamətində atılan bir addımdır. Bu pillə konkret olaraq əmək bazarına qoşulmaq üçün ixtisas kimi nəzərdə tutulmayıb. Mövcud vəziyyətdə magistratura təhsili orta ümumtəhsil məktəblərində dərs demək üçün birbaşa imkan vermir. Ümumiyyətlə, bizdə nəinki magistratura, hətta bakalavr təhsili də əmək bazarına çıxmaq üçün həlledici amil kimi qəbul olunmur.
Ekspertin sözlərinə görə, ali təhsil müəssisələri ölkə üçün kadr formalaşdırır, lakin bir çox hallarda məzunlar əmək bazarına qoşula bilmir:
“Hazırda ölkədə kadr hazırlığı arzu olunan səviyyədə deyil. Xüsusilə bəzi ixtisaslarda ciddi problemlər mövcuddur. Məsələn, inşaat mühəndisliyini bitirən məzunlara iş dünyası etibar etmir. Səbəb isə praktik biliklərin yetərli olmamasıdır. Bəzi ali təhsil müəssisələrində ixtisaslar mövcud olsa da, həmin ixtisaslara uyğun laboratoriyalar yoxdur. Tələbə yalnız nəzəri bilik alır, praktik imkanları olmur. Maşın mühəndisliyi ixtisası üzrə məzun olan şəxsin praktik təcrübəsi olmur, çünki universitetin uyğun laboratoriya və ya istehsalat bazası yoxdur. Halbuki belə ixtisas üzrə kiçik zavod və ya praktik laboratoriya olmalıdır ki, tələbə real bacarıqlar əldə etsin. Hüquq ixtisasını bitirən bəzi məzunlar iddia ərizəsi belə yaza bilmir. Bunun səbəbi praktik təlimin kifayət qədər olmamasıdır. Bütün bunlar göstərir ki, mövcud ali təhsil və magistr proqramlarının keyfiyyəti əmək bazarının ehtiyaclarına tam cavab vermir. Praktik yönümlü tədris gücləndirilməli, ixtisaslara uyğun laboratoriyalar yaradılmalı və kadr hazırlığına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda magistratura təhsilinə dəyər verilməli, bakalavr və magistr pillələri arasında fərq müəyyənləşdirilməli, əmək bazarında bu fərq öz əksini tapmalıdır”.
Nurcan Babək
Məktəb bufetlərində şagirdlərə zərərli qidalar təklif edilir - Qida mütəxəssisi AÇIQLADI
Şəhid ailələri metrodan ödənişsiz istifadə edə bilmirlər? - RƏSMİ
Qazilərin və müharibə iştirakçılarının pensiyaları necə hesablanacaq? - RƏSMİ
Bakıda bu şəxslər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ
Gəncədə "Hacıbala irsi" davam edir; yolu çəkib sonra qazırlar - VİDEO
Bakıda bu ərazilər plana düşdü - Minlərlə ev söküləcək
Uşaqlı sərnişindən imtina edən taksi sürücülərinə XƏBƏRDARLIQ
"Cavanlar artıq burada qalmır" - Altı kəndin yol dərdi - VİDEO
Məktəblərin sinif otaqlarına kamera quraşdırılması mümkündür – Ekspert səbəbləri AÇIQLADI
Ramazan günlərində qida təhlükəsizliyi - Nəyə diqqət edək?- Ekspertlər AÇIQLADI
Sərnişinlərin diqqətinə: Bakı metropoliteni təmir işlərini başa çatdırdı - VİDEO










