Banner

Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA

Sosial 29 Yanvar 2026 16:11
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə həm valideynlər, həm də mütəxəssislər arasında yeni nəslin boy göstəriciləri ilə bağlı ciddi narahatlıq yaranıb. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, əvvəlki nəsillərlə müqayisədə uşaqlar arasında balaca boyluq halları daha tez-tez müşahidə olunur. Bu vəziyyət çox vaxt valideynlər tərəfindən ciddi problem kimi qəbul edilmir, “genetikdir”, “vaxtı çatanda uzanacaq” kimi fikirlərlə arxa plana atılır.

Məsələ ilə bağlı pediatr Şəlalə Poluxova Avtosfer.az-a açıqlamasında bildirib ki, genetik faktorlarla yanaşı, bir neçə amillər də balaca boyluq hallarının artmasına səbəb olur:
“Bu artımın səbəblərində genetik faktorların rolu çox mühümdür və böyük əhəmiyyət daşıyır. Lakin məsələni yalnız genetik faktorlarla izah etmək mümkün deyil. Bununla yanaşı, ətraf mühit amilləri, qidalanma tərzi, həyat tərzi və uşağın ümumi sağlamlıq vəziyyəti də bu məsələdə həlledici rol oynayır. Boy artımına mənfi təsir edən faktorların birinci sırasında şübhəsiz ki, qidalanma problemləri dayanır. Müasir dövrdə uşaqlar kifayət qədər kalorili qidalar qəbul etsələr də, zülal, dəmir, sink, kalsium və D vitamini ilə zəngin qidalanma olmadığı üçün ciddi çatışmazlıqlar yaranır. Bu mikroelementlər sümük inkişafında və böyümə hormonunun fəaliyyətində çox vacib rol oynayır. Xüsusilə məktəbli və daha böyük uşaqlarda fast-food qidalarına üstünlük verilməsi, şəkərli içkilərin rasionda çox olması və ev yeməklərinin az qəbul edilməsi boy artımına mənfi təsir göstərir. İkinci əsas amil fiziki aktivliyin azlığıdır. Hərəkətsiz, oturaq həyat tərzi uşaqlarda əvvəlki nəsillərlə müqayisədə xeyli artıb. Açıq havada oyunların yerini planşet, telefon və televizor kimi ekran fəaliyyətləri alıb. Fiziki aktivliyin azalması isə böyümə hormonunun fizioloji ifrazını zəiflədən əsas faktorlardan biridir. Bu da uşaqlarda boy problemlərinin daha çox gündəmə gəlməsinə səbəb olur”.

Pediatrın sözlərinə görə, digər mühüm məsələ uşaqlarda yuxu çatışmazlığıdır:
“Böyümə hormonu əsasən gecə yuxusu zamanı sintez olunur. Uşaqların ən gec saat 22:00-da yatması tövsiyə olunur. Lakin ekran qarşısında uzun müddət qalmaq və gec yatmaq hormonal balansın pozulmasına səbəb olur ki, bu da boy qısalığına gətirib çıxaran amillərdəndir. Bununla yanaşı, bəzi xroniki xəstəliklər də boy artımına mane ola bilər. Gizli gedən qalxanabənzər vəzi xəstəlikləri, xroniki bağırsaq problemləri, uzunmüddətli və təkrarlanan infeksiyalar bu faktorlara misal ola bilər. Bütün bu səbəblər birlikdə boyun qısalmasına və artımın ləngiməsinə gətirib çıxarır, xüsusilə də vaxtında aşkarlanmadıqda. Uşaqlarda davamlı stres, ailədaxili gərginlik, məktəbdə ağır dərs yükü və emosional problemlər də böyümə prosesinə mənfi təsir göstərir. Bu vəziyyət tibbdə psixososial boy geriliyi kimi tanınır. Azərbaycandakı klinik müşahidələrimiz göstərir ki, valideynlərin ən böyük problemlərindən biri boy geriliyini çox gec fərq etmələridir. “Atası da gec uzanmışdı”, “əmisində də belə idi” kimi yanaşmalar səbəbilə həkimə gec müraciət olunur. Nəticədə isə artıq gec mərhələdə heç bir effektiv müdaxilə mümkün olmur. Profilaktik ölçmələr kifayət qədər aparılmır. Boy və çəkinin daim izlənməsi çox zəifdir. Halbuki hər bir uşağın doğulduğu gündən 18 yaşına qədər boy və çəki göstəricilərinin mütəmadi qeyd olunduğu xüsusi kartı olmalıdır. Xüsusilə böyük uşaqlarda bu ölçmələr ən azı ildə bir dəfə aparılmalıdır. Uşaqlarda D vitamini çatışmazlığı çox geniş yayılıb. Təəssüf ki, ikinci cinsi inkişaf dövrü başladıqdan sonra boy artımı ilə bağlı bir çox imkanlar artıq itirilmiş olur. Ən narahatedici məqam isə erkən diaqnoz qoyulduqda düzəldilə bilən halların gec mərhələdə aşkarlanmasıdır. Bu zaman uşaqlar öz genetik boy potensialını itirmiş olurlar. Buna görə də uşaqların boy və çəki göstəriciləri mütləq şəkildə mütəmadi izlənilməlidir. Əgər illik boy artımı 4–5 sm-dən azdırsa, mütləq həkimə müraciət olunmalıdır. Qidalanma rejimi, yuxu rejimi və ümumi həyat tərzi birlikdə kompleks şəkildə dəyərləndirilməli, lazım gəldikdə pediatrik endokrinoloqun konsultasiyası alınmalıdır. Qısaboyluluq hər zaman genetik səbəblərlə əlaqəli olmur. Vaxtında aşkar edildikdə, bir çox hallarda bu vəziyyətin qarşısını almaq və düzəltmək mümkündür. Burada əsas məsələ erkən diaqnoz, diqqətli yanaşma və düzgün istiqamətləndirmədir”.
Nurcan Babək

Oxunub 164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh