Banner

27 Sentyabr – Anım günü: Zəfərə gedən yolun başlanğıcı - FOTO

Yazarlar 27 Sentyabr 2025 09:00 Oxunub 1060
27 Sentyabr – Anım günü: Zəfərə gedən yolun başlanğıcı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Soy kökü, yurd-yuvası, dünyada tayı-bərabəri olmayan məkrli və hiyləgər ermənilərin çar Rusiyası tərəfindən torpaqlarımızda yerləşdirilməsinin 200 illik bir tarixi var. Bu illər ərzində ermənilər həmişə torpaqlarımızı ələ keçirmək iddiasında olublar. Sürəkli Azərbaycan toponimlərini dəyişdirərək özünküləşdirməklə, azərbaycanlılara qarşı etnik dözümsüzlük siyasəti yeridiblər. Tarixi vərəqləsək görərik ki, 1905-1907, 1918-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri cinayətlər xüsusi qəddarlığı ilə tarixə yazılıb. Həmin illərdə on minlərlə soydaşımız soyqırımın qurbanı olmuş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdı. 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı qədim İrəvan xanlığına məxsus, Ermənistandakı öz tarixi torpaqlarından deportasiya olunaraq Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlı bir gecənin içində doğma ocağından zorla çıxarılmışdı. Ermənistan bununla monoetnik dövlətə çevrilmişdir. Erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı ideyası yüz minlərlə soydaşımızın faciəsinə, qədim torpaqlarımızın işğalına gətirib çıxartmışdı. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

1994-cü ildə bağlanan atəşkəsə baxmayaraq, Ermənistan qoşunları hələ uzun illər ərzində yenə də dinc durmadılar. Hətta bir müddət əvvələ qədər yenə də öz məkrli siyasətlərinin bəlasını çəkən Ermənistan əsgərləri azad edilmiş torpaqlarımızı müxtəlif mövqelərdən atəşə tuturdu. Ermənilərin 1994-cü ildə başladığı təxribatların cavabı ordumuzun şücaətli, qorxmaz, şəhidlik zirvəsinə qaçaraq can atan igidləri tərəfindən vaxtaşırı alınırdı. Bu yolda Xocalının, Qarabağın intiqamını almaq üçün hətta heç kəsə xəbər vermədən neytral ərazini keçib düşmən üzərinə şığıyan Mübariz, onun heç deyilsə şəhid bədənini düşmən əlindən xilas etmək üçün işğal altındakı torpaqlara keçən Fəridlər bu millətin hər bir fərdinə nümunə oldu. 2020-ci ilin iyulunda Tovuzda baş verənlər, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyev və digərlərinin şəhadəti xalqı özündən çıxartdı. Minlərlə paytaxt sakini küçələrdə toplaşaraq Parlament binasına doğru yürüş etdilər. Bu insanlar intiqam istəyirdi. Bu insanlar generalının, polkovnikinin, Qarabağda şəhid edilən uşağının, qocasının, qadınının, hər bir fərdinin qanının yerdə qalmamasını istəyirdi.

2020-ci ilin sentyabr ayında Ermənistan ordusunun və işğal altında olan torpaqlarımızdakı seperatçı qüvvələrin silahlıları ölkəmizin ərazi bütövlüyü əleyhinə növbəti dəfə genişmiqyaslı təxribata hazırlaşmışdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin tapşırığı ilə düşmən qoşunlarının təxribatının qarşısının alınması məqsədilə əks-hücum əməliyyatlarına başlanıldı. Sentyabrın 27-si başlanan bu “Dəmir yumruq” əməliyyatı Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Zəfərimizə gedən yolun başlanğıcı olan bu yolda 3000-dən çox şəhidimiz oldu. 44 gün çəkən Vətən müharibssi Azərbaycanın ərazi bütövlüyünün təminatında ən böyük rolu üzərinə götürdü. Sonrasında 2023-cü ilin sentyabr ayında Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə olan qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycana qarşı növbəti təxribat cəhdi antiterror əməliyyatlarının başlanmasına gətirib çıxardı. Nəticədə, ordumuz hələ də ərazisində erməni silahlı təstələri olan Xankəndi, Ağdərə, Xocalı, , Xocavənd və Əsgərənda Azərbaycan bayrağı dalğalandı və bununla da ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.

Ölkə Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Biz jurnalistləri, bu müharibənin şahidi olanları, şəhidi, qazisi olanları narahat edən bir məsələ var: müharibənin, onun nəticələrinin, mənasının, bütövlükdə “Anım”ın nə olduğunun unudulması. Bu gün dövlət səviyyəsində bu günün unudulmaması üçün müxtəlif addımlar atılır, tədbirlər keçirilir. Lakin gələcək nəsillərin hansı psixologiyada, necə bir mühitdə böyüyəcəyi sual altında olduğu üçün bu mövzuda zəmanət də mümkünsüzə çevrilir.

Milli məclisin deputatı Naqif Həmzəyev 27 Sentyabr – Anım günü ilə əlaqədar Avtosfer.az-a açıqlamasında deyib ki, cənab Prezidentin həmin gün verdiyi qərar öz tarixiliyini bu gün də hiss etdirir:

“Ali Baş komandan İlham Əliyevin verdiyi tapşırıqla Azərbaycan əks-həmlə əməliyyatlarına başlamaq məcburiyyətində qaldı. Sonda qətiyyətlə verilən həmin qərar 44 gün sonra tarixi zəfərlə yekunlaşdı. Həmin dövrdə çox ağır və çox keşməkeşli anlar yaşandı. Rəşadətli ordumuz, qəhrəman zabit və əsgərlərimiz ölümün gözünə dik baxaraq torpaqlarımızı işğaldan azad etmək üçün düşmənin üzərinə şığıdılar və həmin kəndlərimizi, şəhərlərimizi mərhələli şəkildə biz işğaldan azad etdik. Ən uğurlu bir məsələni diqqətinizə çatdırım ki, həmin 44 gün ərzində Ordumuz 1 qarış belə geri çəkilmədi.Bəzən müharibələrdə ordular taktiki səbəblərdən də olsa, geri çəkilməyə məcbur olur, amma Azərbaycan əsgəri döyüşlər zamanı bir an belə geri çəkilmədi. Yalnız “irəli” əmrini yerinə yetirərək əsgərlərimiz Şuşaya qədər bu tarixi Zəfəri daşıya bildilər. Bizim namus və qeyrət simvolu olan Şuşa şəhəri də işğaldan azad olunduqdan sonra, demək olar ki, ll Qarabağ savaşının taleyi həll olundu və Ermənistan, eləcə də, seperatçı qüvvələr kapitulyasiya aktını imzalamağa məcbur qaldılar. Daha sonra isə Laçın, Ağdam və Kəlbəcər rayonları da bir güllə atmadan Azərbaycana təhvil verildi. Məhz 27 sentyabr tarixində başlanılan bu proses Zəfərlə yekunlaşdı. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm! Bu Zəfərdə əməyi, əziyyəti, payı olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Necə ki, bu müharibə başlayanda xalq-ordu-lider birliyi nəticəsində bu qələbəni qazana bildik. Biz bu gün də bu birliyimizi qorumalıyıq. Bu gün də çalışmalıyıq ki, gələcək nəsillər üçün 27 Sentyabr – Anım gününün önəmini hər an xatırladaq və unutmağa qətiyyən iqoymayaq. Biz sülhə doğru gedirik, yəqin ki, tezliklə sülh müqaviləsi imzalanacaq. ABŞ-də avqustun 8-də Vaşinqton danışıqları zamanı hər iki dövlət tərəfindən sülh müqaviləsi paraflandı və artıq biz sülhə doğru ilkin addımı atmışıq. Ancaq istənilən halda, hətta sülh müqaviləsi imzalandıqdan sonra da, biz istər l, istərsə də ll Qarabağ müharibəsi dövründə başımıza gətirilənləri qətiyyən unutmamalıyıq. Gələcək nəsillərin də bu hadisələri unutmasına şərait yaratmamalıyıq, tariximizi onlara olduğu kimi ötürməliyik. Mən inanıram ki, biz bu Zəfərin bizə yaratdığı imkanları fürsətləri ölkəmizin digər sahələrdəki inkişafında uğura çevirə bilmişik və bu proses davam edəcək”.

27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında iki mənanı birləşdirir: bir tərəfdən şəhidlərin müqəddəs xatirəsi qarşısında baş əymək, digər tərəfdən onların qanı bahasına qazanılmış qələbəni qoruyub saxlamaq. Bu gün hər il bizi birliyə çağırır, milli kimliyimizi möhkəmləndirir və gələcək nəsillərə azadlığın necə yüksək qiymətə başa gəldiyini xatırladır.

Şəhidlərin hekayələrini xatırlamaq, onların adını məktəblərdə, küçələrdə, kitabxanalarda yaşatmaq, hər birimizin borcudur. Anım Günü bu borcun ümummilli simvoluna çevrilmişdir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh