Reklam

Avtobuslar xəstəlik mənbəyidir - Çirkdən ərp bağlamış oturacaqlar, toz.... FOTO

Yazarlar 4 May 2016 14:19 Oxunub 1707
Avtobuslar xəstəlik mənbəyidir - Çirkdən ərp bağlamış oturacaqlar, toz.... FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bakıya bu qədər yeni avtobuslar gətiriblər. Niyə xəttə buraxmırlar?"

Avtobuslar sərnişinlər üçün təhlükə mənbəyi olmaqla yanaşı, həm də xəstəlik mənbəyidir. Belə ki, paytaxtın sərnişindaşıma sistemindəki nöqsanlar yalnız bəzi sürücülərin özbaşınalığı, hərəkət qrafikini pozmaları, sərnişinlərə qarşı xoşagəlməz davranışları ilə yekunlaşmır. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, avtobusun təmizliyinə də riayət edilmir. Çirkdən rəngi bilinməyən oturacaqlar, toz və palçıq içində olan avtobusun döşəməsi sərnişinləri bu avtobuslara minməkdən belə çəkindirir. Bir sıra avtobuslarda isə sərnişin oturacaqları ilə yanaşı sürücünün də oturacağı sınıq-salxaq olur ki, bu da birbaşa təhlükə yaradan səbəblərdəndir. Əslində avtobusların texniki göstəricilərinin normativlərə cavab verməməsinin əsas səbəblərindən biri də onların istismar müddətinin başa çatması, bəzilərinin isə təmirə ehtiyacının olmasıdır. İllərdir xəttə fasiləsiz buraxılan, hər gün 16-18 saat istismar olunan avtobusların bu hala düşməsi əslində təbiidir. Bakı şəhəri ərazisində sərnişindaşıma xidməti göstərilməsi üçün dəfələrlə ölkəyə yeni avtobuslar gətirilsə də, onların heç də hamısı xəttə buraxılmayıb. Bir çox istiqamətlərdə işləyən avtobuslar hələ də köhnə avtobuslardır. Məsələn 11, 199, 40, 36 və digər köhnə avtobusların hər birində bu problem var. 40 nömrəli avtobusun oturacaqlarının bəzilərinin üzlüyü cırılıb, orta hissəsi deşilib. Hətta əl tutan yerlər də qırıqdır və sərnişin əlini tutsa da, həmin tutacaq sərnişinin tarazlığını saxlamağa yardımçı olmur. Bakı ətrafı qəsəbələrə sərnişin daşıyan avtobuslarında rahatlığından danışmağa dəyməz. Oradakı vəziyyət daha da bərbaddır.

Bu cür bərbad avtobusların bir neçəsinin sürücüsü ilə söhbətləşərkən sürücülər avtobusun təmizliyi məsələsinin onların işi olmadığını deyirlər. Onların əsas rəyləri bu cürdür: “Bizim işimiz avtobusun işlək bir yeri xarab olanda onu düzəltdirməkdir. Təmizliyə avtobus şirkətlərinin rəhbərliyi baxır. Belə də ki, təmizləməyin, təmir etməyin bir mənası yoxdur. Bizim sərnişinlər qəribədir, təmiz olan nəyisə çirkləndirməyə və sındırmağa meyillidirlər”.

Sərnişin Afaq Əliyeva çirkli və sınıq avtobuslardan təngə gəldiyini deyir: “Məcburən bu avtobusa minib hər gün işə gedirəm. Oturacaqlarda oturmağa adam iyrənir. O qədər çirk var ki, çox zaman ağ və açıq rəngli paltarlar geyinəndə o oturacaqlarda oturmuram. Üstəlik, oturacaqlar sınıqdır. Hər avtobusdan düşəndə üstümün toz olduğunu görürəm”.

Söhbətə qatılan digər sərnişin Eldar İsmayılov isə bu cür avtobusların sıradan çıxarılmasını tələb edir: “Bakıya bu qədər yeni avtobuslar gətiriblər. Niyə xəttə buraxmırlar? Gətiriblər ki, üzünə baxsınlar?! Bir neçəsini xəttə buraxdılar, vəssalam. Bu camaat yazıqdır. Bu cür sınıq və çirkli avtobuslar bizim sonumuza çıxacaq”.

Hüquqşünas və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov avtobusun çirkli saxlanmasına görə 70-100 manat arasında cərimə nəzərdə tutulduğunu dedi: “Nazirlər Kabinetinin 141 saylı qərarı var. Avtomobil nəqliyyatın ilə sərnişin və baqaj daşıma qaydaları. Burada göstərilir ki, gündəlik nəqliyyat vasitələri, yəni avtobuslar, trolleybuslar, metro vaqonları sanitar-gigiyenik baxımdan təmiz olmalı, vaxtında təmizlənməlidir. Ümumiyyətlə, bu sərnişin üçün diskomfortdur. Çirkli avtobus olmamalıdır. Buna riayət edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində konkret məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 217-ci madəsində göstərilir ki, nəqliyyatda sanitariya normalarına və qaydalarının gigiyena normativlərinin pozulması maddəsi ictimai nəqliyyata aiddir. Bu qaydanı pozan şəxslər 70 manatdan 100 manatadək cərimələnir. Sadəcə olaraq bununla məşğul olmaq lazımdır. 217-ci maddə polisin səlahiyyətinə uyğun olan maddə deyil. O Səhiyyə Nazirliyinə aid olmalıdır. Səhiyyə Nazirliyinin tabeliyindəki Sanitariya-epidemioloji xidmət bu qayda pozuntusuna görə kimisə məsuliyyətə cəlb edə bilər. Bunun hüquqi mexanizmi belədir ki, hansısa sərnişin, nəzarət orqanı, polis, Bakı şəhərinin nəqliyyat müfəttişliyi belə bir fakt aşkar etdisə, epidemioloji xidmətə məlumat verməli, ərizə ilə müraciət etməlidir. Onlar gəlib baxırlar. Doğrudan da nəqliyyatda sanitar-gigiyenik normalar pozulubsa, həmin məsul adamı cərimə edə bilərlər”.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh