“Azərbaycanda kirayə avtomobillərlə bağlı hüquqi baza formalaşmalıdır” - Ekspert
Son illər Azərbaycanda avtomobil kirayəsi biznesi geniş yayılıb. Bazarda təmsil olunan şirkətlər müxtəlif seqmentlər üzrə ixtisaslaşır. Bəziləri fiziki şəxslərə “rent a car” xidməti göstərir, digərləri yalnız hüquqi şəxslərə əsasən uzunmüddətli dövrə müxtəlif nəqliyyat vasitələrini kirayəyə verirlər. Bəs, bu gün bazarın “rent a car” seqmentində hansı tendensiyalar mövcuddur?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, bazarda inkişaf meylləri mövcud olsa da, bəzi amillər bu xidmət növünün daha geniş formada tətbiqinə əngəllər yaradır: "Azərbaycanda avtomobil kirayəsi nisbətən yeni bir xidmət növüdür. Daha əvvəl qeyri-rəsmi formada fərdi şəxslər avtomobillərini müəyyən ödəniş müqabilində kirayə verirdilər. Bu, adı bəlli olmayan xidmət növü idi. Lakin “rent a car” kimi tanıdığımız xidmət geniş şəkildə tətbiq olunmağa başladı. Bazarda fərdi şəxslər tərəfindən təklif qalsa da, bu xidmət əsasən ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir. Onlar daha çox biznes və premium sinifə aid edilən sedanlar, yolsuzluq avtomobilləri və krossoverlər təklif edirlər. Ekonom sinif avtomobillərə çox az sayda rast gəlinir ki, bu da birbaşa olaraq tələbatla əlaqəlidir. Belə ki, biznes və premium avtomobillər daha çox toy karvanları üçün kirayələnir. Kimsə istəyir ki, toy karvanında eyni rəngdən və modeldən olan bir necə avtomil olsun və şirkətlər də müştərinin bu istəyini qarşılayırlar. Xüsusən ov mövsümündə ərəb ölkələrindən gələn turistlər tərəfindən yolsuzluq avtomobillərinə tələbat olur. Şəxsi avtomobili olmayan daxili turizm imkanlarını nəzərdən keçirən ailələr konfortlu səyahət üçün krossover tipli avtomobillər kirayələyirlər".
“
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı
"Bu xidmət sahəsi yeni formalaşmağa başlayır və mənfi çalarlar ortaya çıxır. Bunu həm də qanunvericilikdəki boşluqların nəticəsi kimi dəyərləndirmək olar". Onun sözlərinə görə, bazarda inkişaf meylləri mövcud olsa da, nəzarət mexanizmlərinin məhdudluğu və təkmil normativ hüquqi bazanın yoxluğu bu xidmət növünün daha geniş formada tətbiqinə əngəllər yaradır: "Neqativ halların olması şirkətləri daim ehtiyyatlı olmağa sövq edir ki, bu da başa düşüləndir. Bu tip hallara kirayə götürülən avtomobilin hissələrə parçalanaraq satılması, fərqli növdə benzindən istifadə olunması, akumulyatorun, digər detalların dəyişdirilməsi kimi əməllər aiddir. Deməzdim ki, buna təkcə Azərbaycanda rast gəlinir, insan faktoru hər yerdə öz sozünü deyir. Bu xidmət sahəsi yeni formalaşmağa başlayır və mənfi çalarlar ortaya çıxır. Bunu həm də qanunvericilikdəki boşluqların nəticəsi kimi dəyərləndirmək olar. Ona görə də düşünürəm ki, Azərbaycanda kirayə avtomobillərlə bağlı hüquqi baza formalaşmalıdır".
O, qiymət məsələsinə də toxunub və bildirib ki, Avropa İttifaqı ölkələri ilə müqayisədə xidmət keyfiyyəti baxımından qiymətlər bahadır.
Yuxarıda qeyd etdiyimiz kimi, ayrı-ayrı iri şirkətlər əsasən hüquqi şəxslərə uzunmüddətli avtomobil kirayələmək imkanı təmin edir. Bununla bağlı “ScanEX” nəqliyyat və logistika şirkətinin direktoru Kənan Sadıqlı açıqlamasında kirayə verilmək üçün alınan sıfır yürüşlü avtomobilə çəkilən xərcin adətən 3-4 ilə geri qayıtdığını deyib: “Bazarın bu seqmentində daha çox tələbat avtobus və pikaplaradır. Əsas müştəri bazası isə mədən sənayesində fəaliyyət göstərən yerli və xaric şirkətlərdir. Həmin şirkətlər tərəfindən icarəyə götürüləcək nəqliyyat vasitələrinə qarşı çox ciddi təhlükəsizlik tələbləri irəli sürülür. Bu əsnada “BP Safety Golden Rules” təhlükəsizlik qaydalarını etalon kimi qeyd etmək olar. Bu standartlar həm BP-i tərəfindən, həm də onun kontraktoru olan şirkətlər tərəfindən rəhbər tutulur. Bura avtomobilin aşmadan qoruyan xüsusi konstruksiya ilə, ön və arxa radarlarla və bu kimi digər avadanlıqla təchiz olunması daxildir. Reallıq ondan ibarətdir ki, Azərbaycanda az sayda şirkət bu standarların tələblərini tam şəkildə təmin edir".
"Avtomobil kirayəsinin bu seqmentində fəaliyyət göstərən şirkətlər arasında daha böyük bazar payı əldə etmək istiqamətində nəzərə çapracaq dərəcədə rəqabət mühiti formalaşıb". Ekspert diqqətə çatdırıb ki, bəzən nəqliyyat vasitəsinin təhlükəsizlik standartlarına tam uyğunlaşdırmaq üçün dəyərinin 15%-dək əlavə xərc çəkilir: "Kirayə verilmək üçün alınan sıfır yürüşlü avtomobilə çəkilən xərc yuxarıda qeyd etdiyimiz modernizasiyalar da daxil olmaqla atədən 3-4 ilə geri qayıdır ki, bu da rentabelli sayıla bilər. Lakin layihədən aslı olaraq geri dönüş daha artıq vaxt alır. Bu zaman üçüncü şəxslərdən nəqliyyat vasitəsini kirayələyib xidmət göstərmək daha sərfəli olur və şirkətlər bu təcrübədən geniş şəkildə istifadə edirlər".
"Hesab edirəm ki, avtomobil kirayəsinin bu seqmentində fəaliyyət göstərən şirkətlər arasında daha böyük bazar payı əldə etmək istiqamətində nəzərə çapracaq dərəcədə rəqabət mühiti formalaşıb. Bunun elementləri daha aydın formada şirkətlərin tarif siyasətində sezilməkdədir. Lakin bir məqama diqqət çəkmək istəyirəm. Əlbəttə, sifarişçi şirkət birmənalı şəkildə daha ucuz qiymətdə maraqlıdır. Lakin yekun qərara təsir edən digər faktorlarda ola bilər. Bunlara şirkətin təcrübəsi, işgüzar nüfuzu, təklif etdiyi xidmətin səviyyəsi, beynəlxalq norma və standartlara uyğunluğu aiddir”, - K.Sadıqlı fikrini tamamlayıb.