Reklam

BŞİH-dən yol süpürənlər üçün yeni nişan - Süpürgiçələr necə qorunacaq? - FOTO

Yazarlar 23 Avqust 2018 23:17 Oxunub 3873
BŞİH-dən yol süpürənlər üçün yeni nişan - Süpürgiçələr necə qorunacaq? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Həmin nişanlar qanunda öz əksini tapmayıb”

“Bu nişanların tətbiq olunmağı təhlükəsizlik baxımından yaxşı haldır. Amma maraqlıdır ki, süpürgəçi bir əlində süpürgə, salafan, torba, digər əlində isə o nişanları gəzdirəcəkmi, yoxsa hər süpürgəçinin yanına bir adam da qoşacaqlar ki, onu gəzdirsin və ya yerini dəyişsin?!”. Bizimyol.info məlumat verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı süpürgəçilərin təhlükəsizliyi üçün yeni tətbiq olunacaq yol nişanlarına münasibət bildirərkən qeyd edib. O, həmin nişanların qanunda öz əksini tapmadığını bildirib:

“Ölkəmizdə nişanların tətbiqi (müvəqqəti nişanlar da daxil olmaqla) Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanununda bu nişanlar yoxdur. Orada sadəcə təmir, yaxud da “Diqqət, təhlükə!” nişanları var. Düşünürəm ki, həmin nişanlar tətbiq edilə bilərdi. Belə çıxır ki, bu nişanları Bakı şəhər İcra Hakimiyyəti tətbiq etməyə başlayırsa, bunu Yol Hərəkəti haqqında qanuna da əlavə etmək lazımdır. Amma təhlükəsizlik baxımından bu nişanları təqdirəlayiq hesab etmək olar və nəzərə almaq lazımdır ki, sözügedən nişanlar süpürgəçilərin yanında gəzdirilməməlidir. Maneədən 100 metr qabaqda qoyulmalıdır ki, sürücü onu görsün.

Lakin 110, 120 sürətli yolda onu necə tətbiq edəcəklər və nə dərəcədə effekt verəcək, bu artıq başqa bir məsələdir. Düşünürəm ki, gələcəkdə küçələrin təmizlənməsi, kommunal işlərin həyata keçirilməsinə xüsusi texnikalar cəlb oluna bilər. Bu texnikalar o qədər də baha deyil və şükürlər olsun ki, yavaş-yavaş sürücülərimiz də maariflənirlər. Yəni bu gün küçələri zibilləyən sürücülər azdır. Zibillər əsasən payız aylarında, yarpaqlar tökülən zaman və küləkli havalarda çox olur. Mənim fikrimcə həmin texnikadan hər bir rayona bir və ya iki ədəd verilsə, bu, öz nəticəsini verəcək. Eyni küçənin hər gün süpürülməsinin də bir mənası yoxdur. Həftədə iki-üç dəfə, yol polisinin xidmətindən istifadə etməklə də bunu həyata keçirmək olar. Orada bir maşının dayanaraq səs siqnalından istifadə etməsi məcburi deyil. Küçə boyu bir əməkdaş onlara nəzarət edə bilər. Texnika olsa yol polisinin köməkliyi ilə bu işi tez və operativ şəkildə həyata keçirmək olar. Amma ən başlıcası insanlar arasında maarifləndirmə işləri aparmaqdır. Onlar doğrudan da öz təhlükəsizliklərinə bir az laqeyd yanaşırlar. Əksəriyyəti də yaşlı insanlardılar və ləng hərəkət edirlər. Bunları nəzərə almaq lazımdır.Cavan kadrları həmin ərazilərdə işə götürmək olar. Sözügedən insanları isə ara küçələrdə işə cəlb etsələr, o da müəyyən effektlər verər. Yəni bütün hallarda nəzarətçilər, sahə rəisləri bölgünü apararkən diqqətli olmalıdırlar”.

Ekspertin sözlərinə görə, təhlükəli küçələrdə polis xidmətindən, ictimai şuraların köməyindən istifadə etmək olar: “Azneft meydanında yaşlı bir süpürgəçi qadın var, beli bükülüb. Baxanda adamın ürəyi ağrayır. İstəməzdim ki, həmin insanlar ömürlərinin sonuna qədər küçələrdə təmizlik işləri ilə məşğul olsunlar. Onların bu gün evlərində istirahət edən, nəvə-nəticə ilə oynayan vaxtlarıdır. İndi dövr elə gətirib ki, onlar da öz qayğılarını, tələbatlarını ödəmək üçün məcburən bu işlərə qoşulurlar. Amma şəhərimizin əsas küçə və prospektlərini, piyada keçidi olmayan təhlükəli küçələri, sərt döngəli əraziləri təmizləyərəkən polisin xidmətindən istifadə etmək olar. Konkret günlər, qrafiklər müəyyənləşdirmək olar ki, təmizlik işləri ilə məşğul olan şəxslər əraziyə çıxarkən polis müşahidəsi olsun. Yaxud da polisə dəstək qruplarından (hansı ki, onlar da daxili işlər orqanlarında xidmət keçmək haqqında əsasnaməyə görə eyni səlahiyyətləri icra edirlər), nəzarət funksiyasını yerinə yetirmək üçün ictimai şuraların köməyindən faydalanmaq mümkündür.

İstək olsa və aidiyyəti qurumlar məsələni birgə müzakirə etsələr daha yaxşı olar. Bu gün Bakı şəhər İcra Hakimiyyəti öz əməkdaşlarını yığaraq iclas keçirir və sonda qərara gəlirlər ki, nişanlar düzəldilsin. Amma yol hərəkəti qaydalarını bilən bir adam ortaya çıxıb demir ki, axı ölkəmizin qanununda belə bir nişan yoxdur. Bu nişanın təsiri harada başlayır və harada bitir?! Onlar bizim kimi mütəxəssislərlə, Ərşad Hüseynov kimi dostlarla, Dövlət Yol Polisi əməkdaşları ilə birgə müzakirə aparardılar, fikirlərimizi öyrənərdilər ki, belə bir iş görmək istəyirik, bu necə olacaq… Bir qurum ya digər qurumun rəhbəri ilə yola getmir, ya da onların əməkdaşlarının fikirlərini qəbul etmir. Hamı istədiyi kimi qərar qəbul edir və axırda da əcaib mənzərə ortaya çıxır”.

E.Muradlı işi icra etməzdən və qərar qəbul olunmazdan əvvəl bu işlə məşğul olan adamlarla məsləhətləşməyin lazım olduğunu vurğulayıb: “Bu nişanı kim və harada kəşf edib? Necə tapdılar və çap elədilər? Bax onu soruşan lazımdır ki, bu nişan necə tətbiq olunacaq. Sürücülər Yol Hərəkəti haqqında qanunu oxuyaraq imtahan verirlər və orada da belə bir nişan yoxdur. Onlar bunun nə olduğunu haradan bilsinlər?! Gündüz yaxından baxanda bunu görmək olur ki, orada süpürgəçi şəkli əks olunub və altında da diqqət nişanı var. Hansı ki, qanunda nidaya oxşayan bir nişan var və təhlükələr barədə xəbərdarlıq edir. Onu tətbiq eləsinlər. Yenə də deyirəm, kompleks şəkildə iş qurmaq lazımdır.

Sürücü qəza törətsə deyəcəklər ki, biz oraya nişan qoymuşuq. O da cavab verəcək ki, mən həmin nişanı tanımıram. İşi icra etməzdən və qərar qəbul olunmazdan əvvəl heç olmazsa bu işlə məşğul olan adamlarla da söhbət etmək, məsləhətləşmək lazımdır. Sadəcə biz də öz ideyalarımızı verə bilərdik ki, ortaya daha yaxşı, gözoxşayan nəticələr çıxsın. Ölkəmizə gələn qonaqlar əcaib mənzərə görməsinlər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh