"Yas sahibi bilmir ölüsünə ağlasın, yoxsa gələnlərin qarnını düşünsün" - AÇIQLAMA
Ölkəmizin adətlərindən biri də yas mərasimi verməkdir. Bu adət bu gün şöhrətpərstliyə "məruz" qalıb. Yəni bəzi yas mərasimləri toydan seçilmir. Süfrədə cürbəcür təamlar, meyvə şirələri, ləpə, meyvə qurusu və şirniyyat növləri kimi qidalar olur.
Bəs yas mərasimləri israfçılığın qarşısını almaq üçün necə təşkil olunmalıdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi ki, yas mərasimlərindəki israfçılığa son qoyulması üçün təbliğatlar aparılır:
"İllərdir təbliğat aparırıq ki, yas mərasimlərindəki israfçılıq dayandırılsın, bahalı qəbir daşları qoymaq adəti yığışsın, qəbir yerlərinin satılması durdurulsun. Ancaq təəssüf ki, bu işlərin təbliğatını aparmalı olan Qafqaz Müsəlmanları İdarəsi kimi qurum əksinə təbliğat aparır, təmtəraqlı yas məclisləri üçün mərasim evləri qurur, himayə edir və sair. Lakin dövlətin bu məsələyə həssas yanaşması, əhalinin israfçılığa yol verməməsi üçün maarifləndirmə və təbliğatın təşkili çox müsbət nəticə verir. Xüsusən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin burada çox əməyi var. Bu kimi məsələlərdə sağlam ilahiyyatçılar, sağlam din xadimləri, el ağsaqqalları da müsbət rol oynayır. Əvvəlcə Naxçıvanda, Şərurda, Şəkidə, indi də Füzulidə bu məsələnin həll edilməsi sevindirici haldır. Dəfələrlə demişik, dinimiz də bunun əleyhinədir. Təmtəraqlı mərasimlər, yas sahibinin borca, xərcə düşməsinə səbəb olur. Yas evi qonaqlıq və kafe deyil. Yas evinə əhali yemək, ərzaq aparmalıdır. Bunu təbliğ etmək lazımdır. Peyğəmbər zamanında da belə idi. Şəhid olan, vəfat edən müsəlmanların ailəsinə maddi, mənəvi dəstək verirdilər. Gedib orada aş, halva gözləmirdilər.
Ölkəmizdə də bu cür olmalıdır. Yüngülvari qənd-çay, xurma kimi xırda-para qəlyanaltı təklif etmək lazımdır. Çünki yas evinə uzaqdan gələn, yaşlı, xəstə adamlar da olur. Yoxsa yasa gələn şəkər xəstəsinin dərman atmaq üçün gedib dükandan su alması da düzgün deyil".
İlahiyyatçının sözlərinə görə, yası məkana gələn qohum-əqraba, yaxınlar təşkil etməlidir.
"Gedib hərəsi bir şey alıb gətirməlidir. Yas sahibi əsla əlini cibinə ata bilməz. Həm ailə üzvünü itirib, həm də pulunu sərf etməli deyil. Çox zamanda da çox adam hazırlıqlı olmur. Kredit, borc, sələm götürüb camaata yemək verir. Bu, günahdır. Din xadimləri də bəzən qiymət oxuyurlar, yas evindən çox pul alırlar. İndi daha din xadimlərinə kifayət qədər aylıq yardım verilir. Onlar da gərək kim nə versə ona qane olsunlar, özləri məbləğ deməsinlər. Bu da dinə ziddir. Quran rüşvətlə oxunmaz, hədiyyə ilə oxunar. Fəqət təmtəraqlı yasları çox zaman da xarici təsirlərə düşmüş dindar görkəminə girənlər ziyanlı təbliğat üçün fürsət, zəmin hesab edirdilər. Sanki toy mərasimi kimi səsucaldanlar, mərsiyyəçilər, şəbeh deyənlər yası bir teatra, tamaşaya çevirirdilər. Bəzən siyasi şüarlar da qatanlar olurdu. Əndazəni aşmaq olmaz. Əsasən kənd yerlərində dana, inək kəsirlər, sanki toydakı sayaq qazanlar asılır, bir yanda halva, bir yanda aş, bir yanda ət...
Yas sahibi bilmir ölüsünə ağlasın, yoxsa gələnlərin qarnını düşünsün. Yas yerində gedib yemək gözləmək dinimizə də, milli mentalitetimizə də uyğun deyil. Çox adam yasdan sonra ziyana düşüb, borcunu ödəyə bilmir. Ona görə yas mərasimləri və mərasim evləri ümumiyyətlə yığışdırılmalıdır. Ölü yeri qonaqlıq deyil. Orada yeyilən də ehsan deyil. Ehsan borcla olmaz, kreditlə olmaz, sələmlə olmaz, uşağının ağzından kəsib verməklə olmaz...", - deyə Tural İrfan bildirdi.