"Al bunu, məni də keçir" - Bakının yeni avtobuslarından reportaj – FOTO
Bakıda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC "28 May" metrosu ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında ekspress avtobuslarını xəttə buraxıb.
Bu marşrut avtobusu "28 May" metrostansiyasından hərəkət edir. Avtobusun növbəti dayanacağı "Koroğlu" metrostansiyasıdır. Son dayanacaq isə Heydər Əliyev Beynəlxalq Hava Limanı...
Bu xətt üzrə hazırda 5 avtobus fəaliyyət göstərir və gediş haqqı 1 manat 30 qəpikdir. Ödənişlər "Bakıkart"la həyata keçirilir. Yol boyu sərnişinlərə 70-80-ci illәrin Azərbaycan bəstəkarlarının mahnıları təqdim olunur. Bu avtobuslar 24 saat fəaliyyət göstərir və 30 dəqiqə vaxt intervalı ilə hərəkət edir.
İlk dəfə Bakıda keçirilən Avropa Oyunları zamanı qonaqların istifadəsinə verilən Almaniyanın "MAN" şirkətinin istehsalı olan "Neoplan" markalı avtobuslar, bundan sonra Bakı sakinlərinə xidmət göstərəcək. Bu avtobuslar digərlərindən fərqlənir. Xüsusi komfortla hazırlanmış alman avtobuslarında mini mətbəx, soyuducu, wi-fi və ayaqyolu kimi xidmətlər təqdim olunur. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Avtobusların tutumu 48 nəfərdir və ayaq üstə sərnişin daşımır. Avtosfer.az xəbər verir ki, yeni avtobuslar və göstərilən xidmət haqqında daha ətraflı məlumat almaq üçün musavat.com saytının müxbiri olaraq bu xidmətdən yararlanmaq qərarına gəldik. "28 May" metrostansiyasından H1 nömrəli yeni avtobusa əyləşərək, səyahətə başladıq.
Avtobus çox komfortludur. Sərnişinlərin rahatlığı üçün hər şey nəzərə alınıb. Sürücülər səliqəli geyim formasında çalışırlar və sərnişinlərlə mədəni rəftar edirlər. Müşahidəmiz zamanı gördük ki, hətta bəzi sərnişinlər sürücünün əsəblərini tarıma çəksələr də, o, normal davranış formasını pozmadı.
Məsələn, "Koroğlu" metrostansiyasında ödəniş kartı olmayan bir nəfər sürücüyə pul uzatdı. Sürücü ona, "Ödəniş kartı alın. Nağd pul qəbul edilmir. Ancaq "Bakıkart"la ödəniş edə bilərsiniz" deməsinə rəğmən, həmin şəxs israrından geri çəkilmirdi. Sonda avtobusda əyləşən sərnişinlərdən biri öz kartı ilə onun yerinə ödəniş etdi. Bu, Bakı metrosunda demək olar ki, hər gün rastlaşdığımız bir şeyi xatırlatdı - "Al bu 20 qəpiyi, məni də keçirt"...
Yolumuza davam edirik. Avtobusda 4-5 sərnişin var. 40-45 dəqiqə ərzində Hava limanına çatdıq. Taksi sürücülərinin, "Gəl qardaş, gəl aparım səni. Ala gəl də... Hara gedirsən? Ucuz aparacam" deməsinə rəğmən, Hava limanından çıxanlar avtobusa minməyi tərcih edirdilər. Yükü olan sərnişinlərə sürücü kömək edir. Avtobusun baqaj hissəsinə çantalar qoyulur. Bu yolla da avtobusda hansısa sərnişin digərinə, "Çantanızı ayağımın altından götürün" demir. Hər şey səliqəli və rahatdır. Bundan əlavə, kiçik çantalar üçün salonda da yer ayrılıb.
Eyni avtobus 15 dəqiqə dayanacaqda gözlədikdən sonra, yenidən hərəkət etməyə başladı. Avtobusda demək olar ki, boş yer qalmamışdı. Sərnişinlər xidmət və komfortdan razı görünürdülər. Onlardan bir neçəsi ilə söhbətləşə bildik.
Rusiyadan ölkəmizə gələn Tatyana adlı xanım qiyməttin sərfəli olduğunu söylədi: "Mən ildə bir neçə dəfə qızımla Bakıya gəlirəm. Hər dəfə taksi ilə gedirdik. Sürücülər rus olduğumuzu görən kimi, qiyməti artırırdılar. Lakin artıq bu avtobusla getməyi düşünürəm. Azı 5 dəfə ucuz qiymətə başa gəlir".
Rəvan Kazımov adlı sərnişin xidmətdən razı qaldığını dedi: "Türkiyədə oxuyuram. İndi ailəmin yanına gedirəm. Sənəd işlərimlə bağlı gəlmişəm. Bu avtobusdan xəbərim yox idi. Xoşuma gəldi. Qiymət də pis deyil. Mən buradan "28 May" metrostansiyasına 1 manat 30 qəpiyə gedirəm, sərf edir. Üstəlik, avtobus rahatdır".
"Baku Bus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova musavat.com-a açıqlamasında bildirdi ki, ekspress avtobuslar 24 saat qrafiki üzrә fəaliyyət göstərəcək: "Ümumilikdə 5 avtobusdan ibarət olan marşrut xətti hər bir saatdan "28 may" metrostansiyası və Hava limanı istiqamətindən sərnişinlərə xidmət edəcək. Avtobus "Koroğlu" metro stansiyasında qısa fasilə etdikdən sonra birbaşa Hava limanına hərəkət edəcək. Avtobus 24 saat ərzində sərnişinlərə xidmət edəcək. Ödəniş kart sistemi ilədir və qiyməti 1 manat 30 qəpik müəyyənləşdirilib. Sərnişin tutumu 48 nəfərdən ibarət olan avtobusda sərnişinlər üçün "vay-fay" (Wi-Fi) xidməti də quraşdırılıb".
Sonda qeyd edək ki, sözügedən avtobuslarda təhlükəsizlik tədbirləri də yüksək səviyyədədir. Ola biləcək yanğın hadisəsi üçün avtobusda 3 yanğın söndürmə balonu yerləşdirilib. Bundan əlavə avtobusda 2 ədəd tibbi yardım çantası yer alıb. Sürücüyə hərəkət zamanı telefonla danışmaq qəti qadağan edilib. Sərnişinlər nəzərə alsınlar ki, sürücü avtobusu yolda hər hansı bir dayanacaqda saxlamır. Buna görə də, sürücü ilə mübahisə etməyə dəyməz.