Azərbaycanda tranzit yükdaşımalarla bağlı yeni qurum yaradılır - FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb. Avtosfer.az xəbər verir ki, fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılsın.
2. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunsun.
5. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
7.1. dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat təqdim olunmasını təmin etsin.
***
Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi təsdiq edilib. Şuranın tərkibi Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 21 oktyabr tarixli fərmanı ilə təsdiq edilib.
Koordinasiya Şurasının sədri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Koordinasiya Şurasının üzvləri:
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










