Gömrükdən malı asan keçirmək mümkün olacaq? - Yenilik

Dövlət Gömrük Komitəsinin nümayəndələrinin “Elektron Hökumət” portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə görüşündə gömrük bəyannamələrinin elektron təşkili məsələsi müzakirə edilib. DGK-nın məlumatında deyilir ki, söhbət gömrük bəyannaməsinin elektron qaydada doldurulması prosesində istifadəçi kimliyinin portal üzərindən fərdi identifikasiya nömrəsinə (FİN) uyğun tanınması və vətəndaşın şəxsi elektron imza kartı vasitəsilə təsdiqlənməsindən gedir. Hazırda Azərbaycanda gömrük sərhədlərindən keçirilən mal elektron formada da bəyan edilə bilər. Lakin incə nüans ondan ibarətdir ki, elektron bəyannaməni təqdim edən şəxs istənilən halda gömrük orqanına gələrək onu imzalamaqda yaxasını kənara çəkə bilmir. Bu isə istər mal sahibi, istərsə də səlahiyyətli şəxslərin işinin operativliyinə təsir göstərir. Gömrük Komitəsində belə deyirlər.
DGK və “Elektron hökumət” portalının operatoru elektron bəyannamənin mal sahibi tərəfindən “e-imza” vasitəsilə təsdiqlənməsinin bu portal üzərindən təmin edilməsi üçün tələb olunan texniki-proqram şərtlərini razılaşdırıblar. Bəs sahibkarın elektron bəyannaməni gömrük məmurunun yanında deyil, öz ofisində imzalayıb təqdim etməsi gömrük orqanlarıdakı korrupsiya və inhisarçılığın himayə olunması meyillərinin kökünü kəsə biləcəkmi? Azərbaycandakı biznes məsləhət şirkətinin rəhbəri Xəyal Məmmədxanlı deyir ki, yerli gömrükdəki neqativ hallar təkcə “imza” məsələsi ilə məhdudlaşmır. Amma niyyət də önəmli məsələdir. Ola bilsin ki, bu addımdan sonra gömrük orqanı sahibkarlarla daha “mülayim” davranacaq. İqtisadçı-ekspert Rövşən Ağayev AzadlıqRadiosu ilə söhbətində deyib ki, gömrükdə bəyan olunan malları yoxlayan qeyri-rəsmi şəxslər və qruplar var. “Onların aradan qaldırılması mexanizmləri işə salınmayınca elektron sənədləşdirmənin ciddi töhfəsi olmayacaq. Malların “yaşıl kanal”dan keçirilməsi bir sistem olaraq işə düşməlidir. Onun sözlərinə görə, bu sistem Gürcüstanda işləyir: “”Sahibkarlar daimi yoxlamaya, bütün malların tam yoxlamasına məruz qalmırlar. Yəni, müəyyən müddətdən bir yoxlanırlar, amma özləri də bilmirlər ki, həmin yoxlama nə zaman ola bilər. Əgər yoxlama zamanı bəyannamə məlumatları ilə faktiki mal arasında fərq olarsa, artıq həmin sahibkar cəzalı duruma düşür”.
“Yaşıl kanal”da özünü “yandıran” sahibkar "qırmızı kanal"la cəzalandırılır. Bundan sonra onu “zərrəbinlə” yoxlayırlar.
Azərbaycan gömrüyündə incidilən bir çox sahibkar iddia edir ki, mal idxal edərkən malın gömrükdə açılmasında problemlə üzləşirlər. Gömrük istədiyini almayınca malın bəyan olunmasını ləngidir.
Buna görə də, ekspertlər deyirlər ki, elektron sənədləşdirmə mövcud problemi tam həll etməyəcək. Əsas məsələ malın yoxlanması və buraxılması mexanizmlərində hökm sürən bürokratiyanın və qeyri-rəsmi manelərin aradan qaldırılmasıdır.
DGK-nın şəffaflıq səviyyəsinin hansı nə dərəcəyədək yüksələcəyi iqtisadiyyatda gedən proseslərin xarakterindən də asılı olacaq. Ekspertlər belə güman edirlər. (Azadliq.org)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












