Azərbaycan polisi ən çətin anlarda belə peşəkar xidmət aparır - Elməddin Muradlı

Bu gün Azərbaycan polisinin yaradılmasının 108 ili tamam olur. Bu, çox böyük tarixə və zəngin ənənələrə malik bir xidmət sahəsidir. Azərbaycan polisi uzun illərdir ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Polisin fəaliyyəti təkcə ölkə daxilində asayişin qorunması ilə məhdudlaşmır. Eyni zamanda ölkəmizə yönələn xarici təhdidlərin qarşısının alınmasında da mühüm xidmətləri var. Məsələn, narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsinin qarşısının alınması, beynəlxalq axtarışda olan şəxslərin saxlanılması və ölkəyə gətirilməsi, müxtəlif antiterror əməliyyatlarında iştirak kimi istiqamətlərdə polis daim ön sıralarda olub. Xüsusilə şimal bölgəsində keçirilən əməliyyatlar zamanı xidməti borcunu yerinə yetirərkən şəhid olan polis əməkdaşlarımız da var.
Polis eyni zamanda kütləvi iğtişaşların qarşısının alınmasında, ictimai təhlükəsizliyin təmin edilməsində və Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə asayişin qorunmasında böyük fədakarlıq göstərib.
Bundan əlavə, ailə-məişət münaqişələrinin həllində də polis hər gün vətəndaşların yanındadır. Azyaşlılara qarşı zorakılıq hallarında, məişət zorakılığı zamanı, ictimai asayişi pozan hallarda, gecə vaxtı vətəndaşların rahatlığını pozan hadisələrdə ilk müraciət olunan qurumlardan biri məhz polisdir. Yol hərəkətində təhlükə yarananda, fövqəladə hadisələr baş verəndə insanlar ilk növbədə polisə üz tuturlar. Hətta yanğın və digər fövqəladə vəziyyətlərdə belə polis əməkdaşları öz səlahiyyətləri çərçivəsində insanlara kömək göstərirlər.
Mən bəzən zarafatla polis əməkdaşlarına deyirəm ki, sizin xidmət sahəniz həqiqətən də çoxşaxəlidir. Çünki onlar təkcə hüquq-mühafizə funksiyasını yerinə yetirmirlər, eyni zamanda bir çox sosial məsələlərdə də vətəndaşlara dəstək olurlar.
İşğaldan azad olunmuş ərazilərdə bunun canlı şahidi olmuşam. Müharibədən dərhal sonra həmin ərazilərdə ən ağır xidməti məhz polis əməkdaşları yerinə yetirirdi. Çox çətin şəraitdə, soyuq havada, bəzən tonqal qalayaraq gecə-gündüz postlarda xidmət aparırdılar. O dövrdə nə normal xidmət otaqları, nə də lazımi şərait var idi. Bununla belə, hələ tam təhlükəsiz hesab edilməyən, diversiya təhlükəsinin davam etdiyi ərazilərdə onlar öz vəzifələrini böyük məsuliyyətlə icra edirdilər. Bu, həqiqətən də yüksək peşəkarlıq və fədakarlıq nümunəsi idi.
Yol hərəkətinin təhlükəsizliyi sahəsində də polisin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Əvvəlki illərdə ölkədə hər il təxminən 1200-1300 nəfər yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirirdi. Həmin dövrdə ölkədə avtomobillərin sayı təxminən 1 milyon 200 min idi. Hazırda isə avtomobillərin sayı 1 milyon 900 minə yaxınlaşıb, əhali də artıb. Buna baxmayaraq, yol qəzalarında həlak olanların sayı əhəmiyyətli dərəcədə azalaraq təxminən 500-600 nəfər səviyyəsinə enib. Bu, yol təhlükəsizliyi sahəsində görülən tədbirlərin və polisin fəaliyyətinin mühüm nəticələrindən biridir.
Ümumilikdə, Azərbaycan polisini 108 illik yubileyi münasibətilə təbrik edir, bütün əməkdaşlara xidmətlərində uğurlar arzulayıram. Çünki insanların qarşılaşdığı ən kiçik təhlükə və ya narahatlıq zamanı ilk müraciət etdiyi ünvanlardan biri məhz polis olur. Vətəndaşlar polisə güvənir, ondan kömək və dəstək gözləyirlər.
Təbii ki, hər bir sahədə olduğu kimi, bu sistemdə də bəzən neqativ hallar müşahidə olunur. Ancaq sevindirici məqam ondan ibarətdir ki, belə hallar cəzasız qalmır. Əvvəllər il ərzində 20-30 polis əməkdaşı ciddi intizam pozuntularına görə ağır cəzalandırılırdı. Hazırda isə bu göstərici təxminən 5-10 nəfər səviyyəsindədir. Xidmətdən azad edilmə, vəzifənin aşağı salınması, rütbədən məhrumetmə və digər intizam tədbirləri tətbiq olunur. Bu da daxili işlər orqanlarında həyata keçirilən islahatların və nəzarət mexanizmlərinin öz nəticəsini verdiyini göstərir.
Elməddin Muradlı
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Vilayət Eyvazovdan polislərə TAPŞIRIQ: Şikayətləri obyektiv araşdırın - FOTOLAR - VİDEO
Vilayət Eyvazov polisləri TƏBRİK ETDİ
Sükan arxasında telefondan istifadə edənlərə XƏBƏRDARLIQ
Etibarnaməsiz saxlanılan sürücünün narkotikin təsirində olduğu üzə çıxdı - FOTO
Yol polisi motosiklet və moped sürücülərini məsuliyyətli olmağa ÇAĞIRIR - FOTO - VİDEO
“Sürət həddini aşmayın, nasaz nəqliyyat vasitələri ilə yola çıxmayın” - DYP-dən yağışlı hava ilə bağlı xəbərdarlıq
Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
Sumqayıtda 196 sürücü saxlanıldı - Təhlükə yaradıblar - VİDEO
Çevik Polis Alayında xidmət etmək istəyənlərin DİQQƏTİNƏ: Müsabiqə elan olundu - VİDEO
"Ekologiya postu"nun əməkdaşları qayda pozan piyadaları saxladı... - VİDEO










