Polis veteranları yorulmadan çalışır – 4491 cinayətin üstünü açıblar

Yol polisi 15 Yanvar 2019 15:24 Oxunub 1216
Polis veteranları yorulmadan çalışır – 4491 cinayətin üstünü açıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Veteranlar göstərilən etimadı doğrultmağa çalışırlar

DİN-in Veteranlar Şurası ərazi polis orqanlarının şəxsi heyətli ilə sıx təmasda olur, gənc əməkdaşlarla mütəmadi görüşür, onlara öz məsləhətlərini və tövsiyyələrini verirlər. 2018-ci il ərzində veteranların köməyi ilə respublika üzrə 4491 cinayətin açılması təmin edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 331 fakt (7,3 faiz) çoxdur. Göstərilən dövr ərzində veteranlar 2 766 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər. 
Polis veteranlarının səmərəli fəaliyyəti, digər dölkələrdəki həmkarları ilə dostluq əlaqələri, yaradıcılıq uğurları, elmi, bədii axtarışları öz layiqli qiymətini alır. Onlardan 155 nəfəri “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)”  Azərbaycan Respublikasının yubiley medalı ilə, bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb. 
Bundan əlavə, istefada olan polis polkovniki Eldar Mirzəbəyov Moskva şəhəri üzrə BDİİ veteranlar təşkilatı tərəfindən “Moskva Cinayət Axtarışının 100 illiyi” xatirə nişanı ilə təltif olunub.
DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov bildirdi ki, cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin xeyli artırılması ilə yanaşı, heç şübhəsiz ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlərin böyük rolu olub. Qeydə alınmış cinayətlərin yarıdan çoxu məhz vətəndaşların kriminal hadisələr, yaxud hüquq pozuntuları barədə qabaqcadan polis orqanlarına məlumat vermələri, ictimaiyyətin fəal nümayəndələrinin, cinayətkarlıqla mübarizədə böyük təcrübə qazanmış sabiq əməkdaşların- polis, prokurorluq və digər hüquq-mühafizə orqanları veteranlarının yaxından iştirakı ilə açılır.
Polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirləri daim diqqətdə saxlayır, bu yöndə görüşləri davam etdirirlər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi başlıca fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə saxlanılıb.
Şuranın sədri onu da bildirdi ki, qarşılarında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan tədbirlər bu gün də məqsədyönlü şəkildə davam etdirilir və veteranlarımız göstərilən etimadı doğrultmağa çalışırlar.

 

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh