Quba DYP 2018-ci ili uğurla başa vurub

Yol polisi 12 Yanvar 2019 09:07 Oxunub 6497
Quba DYP 2018-ci ili uğurla başa vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
6755 inzibati protokolun 83.6 faizi qayda pozmuş sürücülər tərəfindən ödənilib

Şimal regionları yay və qış aylarında yerli və əcnəbi turistlərin mütəmadi olaraq səfər etdikləri bölgələrdəndir. Öz füsunkar təbiəti ilə turistləri özünə cəlb edən Quba rayonu isə hər zaman qonaqlı-qaralı olur. Qəçrəş meşəsi, Çənlibel gölü, Afurça şəlaləsi, Təngəaltı, Xınalıq kəndi və digər gözəl yerlər gələn qonaqların ən çox baş çəkdiyi yerlərdəndir.

Turizmin inkişaf etdiyi Quba rayonunda ictimai asayişin qorunması və gələn qonaqların istirahətini rahat və sərbəst keçirmələri, həmçinin onların təhlükəsizliyin təmin edilməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları sayıq xidmətdədirlər.

Rayonda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində Dövlət Yol Polisi Bölməsi əməkdaşları səylə çalışırlar. Görülən qabaqlayıcı tədbirlər barədə Avtosfer.az-a danışan DYPB-nin rəisi, polis mayoru Valeh Cavadov bildirdi ki, qış aylarında hava şəraitinin qarlı və yağışlı keçməsi ilə əlaqədar inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə mütəmadi olaraq reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür. Belə tədbirlərin mahiyyətindən danışan həmsöhbətim, geridə qoyduğumuz 2018-ci il ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları haqda da məlumat verdi.

Bildirdi ki, 2018-ci ildə rayon ərazisində qayda pozan sürücülər barəsində 6755 inzibati protokol tərtib. Bunlardan 128-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər, 153-ü isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsindədir. Bundan əlavə manevr qaydalarını pozan sürücülər barəsində 319, ötmə qaydalarını pozan 156 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 159 protokol tərtib edilib. Rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 protokol tərtib olunub və Quba rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Həmçinin yollarda müəyyən edilmiş piyada keçidləri və zolaqlarından istifadə etməyərək həyatlarını real təhlükə altına atan şəxslərlə fərdi söhbət aparılıb, 278-i barəsində protokol tərtib edilib.

Rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verən bölmə rəisi bildirdi ki, qeyd olunan müddətdə Quba rayonu ərazisində 27 yol nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında dünyasını dəyişənlərin sayında azalma olduğunu deyən polis mayoru, qeyd edib ki 2018-ci ildə baş verən hadisələrdə 3 nəfər həyatını itirib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən çox azdır.
Sürücülərlə aparılan profilaktiki söhbətlərin müsbət nəticələr verdiyini bildirən polis mayoru, qayda pozan sürücülər barəsində tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinin də yüksək olduğunu bildirib. 2018-ci il ərzində tərtib olunan 6755 inzibati protokolun 83.6 faizi qayda pozmuş sürücülər tərəfindən ödənilib.

Eyni zamanda 2018-ci ildə sürücülərin və piyadaların hərəkətinin tənzimlənməsi istiqamətində görülən işlər çərçivəsində Quba rayonunda ümumilikdə 1500 yol nişanı dəyişdirilərək yenisi ilə əvəz edilib. Bunlardan 483 rayon mərkəzində, 1017 isə ətraf rayon və kəndlərə gedən yollarda quraşdırılıb.

Söhbətimizin sonunda polis mayoru Valeh Cavadov bildirdi ki, DYPB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq rayon və kəndlərdə yerləşən təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlər keçirilir, gələcəyin sürücüləri olan məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları haqqında geniş məlumatlar verilir. Bunun nəticəsidir ki azyaşlıların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı minimuma enib.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh