Təqaüdə çıxandan sonra ibadət edəcək - Polkovnikdən maraqlı açıqlamalar - FOTO
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:
-Vaqif müəllim, yəqin ki, son günlər yağışların intensiv yağması onsuz da sıx olan qrafikinizi bir az da gərginləşdirib.
-Öncəliklə, məni ofisinizə dəvət etdiyinizə görə, sizə və kollektivinizə dərin təşəkkürümü bildirirəm. Xüsusi olaraq onu qeyd etmək istəyirəm ki, bu dəvətiniz yol hərəkəti təhlükəsizliyi ilə bağlıdırsa, deməli, sizə ikiqat təşəkkür düşür. Sualınıza cavab olaraq deməliyəm ki, hava şəraitindən asılı olmayaraq xidmət etmək bizim vəzifə borcumuzdur. Yağışlı hava şəraitində ən vacib olan yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Buna görə də, tərəfimizdən zəruri tədbirlər görülür. Açığı etiraf edim ki, paytaxtımız Bakı şəhərində hava şəraitinin kəskin dəyişməsi yollarda gərginlik yaşadır. Tam səmimi deyim ki, biz belə hava şəraitində nəqliyyat vasitələrindən istifadə etməyə uyğunlaşmamışıq. Əlbəttə, həddindən artıq peşəkar sürücülərimiz var. Sürücülərimizin çoxu yol hərəkəti haqqında qanunvericiliyin tələblərini bilir və riayət edir. Ancaq yağışlı hava şəraitlərinə uyğun avtomobil idarə etmək vərdişlərimiz nisbətən aşağı səviyyədədir. “Yol hərəkəti haqqında” qanunda konkret göstərilir: Yol və meteoroloji şərait nəzərə alınmaqla, sürücü avtomobili elə sürətlə idarə etməlidir ki, hərəkət istiqamətinə hər hansı bir təhlükə yaranarsa, bu təhlükədən yayına bilsin.
-Yağışlı havalarda sürücülər yol-hərəkəti qaydalarından ən çox hansını pozur?
-Hava şəraitinin kəskin dəyişməsi sürücülərin bəzən normal ara məsəfəsinin saxlamamasına gətirib çıxarır. Bu da yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Ən çox qayda pozuntusu isə şəraitdən asılı olaraq tələblərin, xüsusilə işıqforlar, yol nişanları ilə bağlı tələblərin pozulmasıdır. Yəni, bəzən sürücülər bəhanə gətirirlər ki, guya işıqfor işləmirdi və ya yol nişanını görməyib. Mənə verdiyiniz suala cavab olaraq bildirməliyəm ki, hava şəraitindən asılı olmayaraq, hərəkət istiqamətində qoyulan yol nişanlarının və ya digər texniki vasitələrin tələbləri yerinə yetirilməlidir. Ən azından ona görə ki, özünüzün təhlükəsizliyi edilsin.
-Təqsir həmişə sürücülərdədir? Heç yol polisi əməkdaşlarında təqsir axtarmayaq?
-Bu obyektiv sualınıza görə, sizə təşəkkür edirəm. Ancaq gəlin 5 il bundan öncəki sürücü-yol polisi və münasibətlərinə və indikinə nəzər salaq. Necə bilirsiniz? fərq nə yerdədir?
-Təbii ki, müsbətə doğru irəliləyiş var. Amma yenə də bəzi məqamlar var ki, polislə sürücü arasında mübahisə yaranır və həmişə sürücülər təqsirli bilinir.
-Yaranan nöqsanlar və ya üzə çıxarılan bu narazılıqlar birgə araşdırılıb, birgə aradan qaldırılmalıdır. Sözsüz ki, mən sizin qonağınız ola-ola polisləri müdafiə mövqeyindən çıxış etməliyəm. Ancaq daxil olan şikayətləri araşdırarkən bəzi nöqsanların olmasını aşkar edirik. Tam məsuliyyətimlə bildirirəm ki, yol polisi əməkdaşlarının xidməti zamanı onların hərəkəti müxtəlif texniki vasitələrlə izlənilir. Bu zaman gün ərzində bu polislərin danışıqları, söhbətləri belə lentə alınırsa, mənim üçün inandırıcı deyil ki, polis əməkdaşı hansısa vətəndaşla xoşagəlməz insidentə yol versin. Siz fikir versəniz, görərsiniz ki, ərazi üzrə xidmət aparan yol polisi əməkdaşlarının üzərində səsi eşidiləcək və əhali arasında eşidilə bilən mikrofon gəzdirilir. Bu mikrofon səs yazısını yazmaq qabiliyyətinə malikdir. Eyni zamanda görərsiniz ki, polis əməkdaşı saxladığı sürücü və ya piyada ilə elə formada danışır ki, o, hərəkət lentə də düşsün. Hesab edirəm ki, nəzarət varsa, polis əməkdaşı nöqsana yol verməz. Sadəcə, ən çox yol-hərəkət qaydalarının pozulmasına meylli, yol polisinin fəaliyyətinə kölgə salmaq istəyən sürücülər hesabına narazılıqlar yaranır. Polisi sevməyən bəzi intizamsız sürücülər belə informasiya yayır ki, guya onlar haqlı, polis isə haqsızdır. Mən əminəm ki, Azərbaycan cəmiyyəti polisinə inanır. Onlar “mənim polisim məni qoruyur” devizini unutmur. Bir də demokratik cavab verməklə bildirərəm ki, polisi sevməyən olmalıdır. Cinayətkar polisi sevmədiyi kimi, yol-hərəkət qaydalarını pozan, intizamsızlığa meylli olan sürücülər də yol polisini sevmir. Təbii ki, yol polisi sürücüyə cərimə yazırsa, piyadanı nizam-intizama dəvət etmək üçün protokol tərtib edirsə, onlar sevilməyəcək. Bu, mentalitetimizlə bağlı xüsusiyyətdən irəli gəlir. Hər halda bunu edənlər belə çox gözəl bilir ki, polisin addımları yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədi daşıyır.
-Qayda-qanunun işlək hala gəlməsi yaxşı haldır. Mənim qohumlarından da kimsə yol-hərəkəti qaydalarını pozduğunu deyirsə və yenə də polisi təqsirləndirirsə, buna etiraz edirəm. Hətta yol polis piyada kimi məni də cərimələmişdi, buna da etiraz etmədim. Çünki bilirdim ki, qaydanı pozmuşam. Kiçik istisnalarla, polislərin davranışlarına da bir şey demirəm. Amma mənə bir şey maraqlıdır. Dediniz ki, dinləmə qurğusu vasitəsi ilə polislərə nəzarət edilir. Bəs bu varsa, bəzən yol polisləri necə sürücülərin verdiyi “şirinliyi” qəbul edirlər?
-Haqlı olaraq sualı çox düzgün qoydunuz. Deyək ki, polis-sürücü münasibətlərində narazılıq yaranır. Bu vətəndaş da haqlı olaraq şikayət edir. Daxil olmuş şikayət əsasında araşdırma aparılarkən, həmin o mikrofonun söndürülməsinin şahidi oluruqsa, həmin inspektor cəzalandırılır. Artıq araşdırma zamanı bu polisin xidmətində nöqsana yol verdiyi sübuta yetirilmiş olur.
-Deyək ki, yol polisi ilə sürücü arasında xoşagəlməz hal yaşanıb. Amma şikayət daxil olmayıb. Siz bu mübahisəni izləyə bilirsiniz?
-Daxil olmuş şikayət əsasında bu araşdırılır. Gün ərzində də hərəkətə nəzarət edərkən belə faktlar aşkarlanırsa, inspektorlar cəzalandırılır. Məsələn, dislokasiyadan kənar çıxdıqda, inspektor kameralar vasitəsi ilə görünür. Xidmət aparan zaman hərəkət nöqsanlarına yol verməsi görünür. Eyni zamanda lüzumsuz olaraq yol-hərəkət qaydalarını pozanlar izlənilir.
“Yol hərəkəti haqqında” qanuna görə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri var. Bu nəqliyyat vasitələri təcili tibbi yardım, polis, yanğınsöndürən avtomobilləridir. Bu avtomobilləri idarə edənlərə zərurət yarandıqda yol-hərəkəti qaydalarını pozmağa icazə verilir. Təəssüflər olsun ki, bəzən bir və ya bir neçə nəfər guya “yol polisi qayda pozdu” düşüncəsi ilə lentə aldığını ictimailəşdirir. Onlar belə düşüncə yaradırlar ki, polis yol hərəkət qaydasını pozdu və cəzalanmadı. Əslində belə deyil. Lakin lüzumsuz olaraq polislərin yol-hərəkəti qaydalarını pozması faktı bizdəki mövcud texniki vasitələrlə aşkara çıxırsa, o polis əməkdaşları cəzalanır. Onlar törətdiyi xətaya görə, məsuliyyətə cəlb olunur.
-Nə qədər yol polisi əməkdaşı belə xətalara görə, işdən kənarlaşdırılıb?
-Bu il Bakıda 4 yol polisi əməkdaşımız yol-hərəkət qaydasını pozması üzrə məsuliyyətə cəlb olunub.
-Bəzi suallarım ironik, ittihamedici tonda ola bilər. Amma mən jurnalist kimi obyektivliyimi qorumalıyam. Demək istədiyim odur ki, bəzən polislər çox günahlandırılır, amma özümüzdə hələ də yol mədəniyyəti tam formalaşmayıb. Bunu demək üçün ekspert olmaq lazım deyil. Gündəlik müşahidələrə əsaslanmaq bəs edər. Siz də maarifləndirmə təbdirləri aparırsınız. Düzür, nəticə var, amma qənaətbəxş deyil. Nə zaman yol mədəniyyətinin səviyyəsi yüksələcək?
-Sualınıza obyektiv və tam əhatəli cavab vermək üçün bir neçə misal çəkəcəyəm. Vaxtı ilə təhlükəsizlik kəmərlərini taxanların sayı çox az idisə, hal-hazırda bu göstərici dəyişib. Bu gün sürücülərin 30-35 faizi təhlükəsizlik kəmərlərindən istifadə edir. Vaxtı ilə işıqforun qırmızı işığından keçmək “qəhrəmanlıq” idisə, hal-hazırda çox az sürücü qırmızı işıqdan keçir. Bu da təsadüfi ya da bilmədən edilən bir hərəkətdir. Vaxtı ilə dosta zəng, “filankəsəm” kimi ifadələr işlətməklə, polis əməkdaşlarına müdaxilə və ya xahişlər edilirdisə, bu gün belə hal mümkün deyil. Vaxtı ilə özünə arxayın olub, spirtli içi qəbul edərək, sükan arxasında oturanlar “mənəm-mənəm” deyirdisə, indi bu hal demək olar ki, azalıb. Bu gün spirtli içkini qəbul edən sürücü ilk növbədə “Ayıq sürücü”nü düşünür. Düşünürsə, deməli yol polisini yada salır. Bu da birmənalıdır ki, yol polisləri güzəştə getmir. Hesab edirəm ki, sadaladığım informasiyalarla sualınıza cavab verdim. Deməli, yol polisi tərəfindən həyata keçirilən məqsədli tədbirlərin nəticəsi olaraq, bu göstəricilərə nail olmuşuq. Açığı deyim ki, bir qədər gec nail olmuşuq. Əslində mövcud şərait onu deməyə əsas verir ki, yol mədəniyyəti səviyyəsinin yüksək olmasını hər birimiz istəməliyik, arzulamalıyıq, tələb etməliyik. Hər bir hərəkət iştirakçısı bunu istəsə, qısa zamanda yol mədəniyyəti səviyyəsi yüksələ bilər. Biz öz düşüncə tərzimizə diqqət yetirməliyik. Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən uzaqlaşmalıyıq.
-Mentalitet məsələsini bir az konkretləşdirək.
-Bir tərəfdən səs siqnalının verilməsinin inzibati məsuliyyət yaratdığını deyirik. Ancaq səs siqnalını verməklə salamlaşırıq, xudahafizləşirik, kimisə yanımıza çağırırıq. Səs siqnalı verməklə, ailə həyatı qururuq. Səs siqnalı verməklə sevinirik. Bu nə dərəcədə düzgündür? Son zamanlar toy karvanlarında lüzumsuz olaraq ardı-arası kəsilməyən səs siqnallarından istifadə edilir. Bir də görürsən ki, süni sıxlıqlar yaranır, bu da tıxaclara səbəb olur. Tıxaclar yaşanan kimi hər kəs səs siqnalından istifadə edir? Necə bilirsiniz? Bu səs siqnalları verməklə insanlar xoşbəxt olardısa, yollar avtomatik açılardısa, bu zaman yol polisləri də bundan istifadə edərdi. Desəm ki, düşüncə tərzimizdə nəsə çatışmır, yanlış olar. Sadəcə, biz təhlükəli vərdişlərə adət etmişik. Bu adətlər aradan qaldırılmalıdır, şüur tərzi yüksəlməlidir. Bizdə ən böyük nöqsanlardan biri də, yol hərəkətində şəxsi mənafelərin ümummilli mənafelərdən, qanundan üstün tutulmasıdır. Sürücülər bəzən yolda hərəkət edən başqa iştirakçıları düşünmür. Bu da bütövlükdə narazılıqlara gətirib çıxarır. Bakı şəhəri ərazisində yaranan süni sıxlıqların, tıxacların səbəbləri düzgün dayanmaq-durmaq tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır.Dayanma-durmanı qadağan edən nişanların təsir zonasında dayanmış sürücülər bir başqa. Çox təəssüflər olsun ki, bəzən yer olduğu halda da sürücülər qaydanı pozur. Deyək ki, 10 metr qabaqda, sağda yer var. Sürücü gedib orada dayanmır. Sürücü gedib yolun ikinci cərgəsində dayanıb, qəza işığını yandırır. O elə hesab edir ki, belə də olmalıdır. Qanuna görə isə, bu işıqların təyinatı var. Bunların nə zaman yandırılması tələbi var. Bəzi avtomobil sahibləri, piyadaları da, digər sürücüləri də nəzərə almırlar ki, bu da yanlış qərardır.
Bununla belə əminliklə deyirəm ki, yol polisinin keçirdiyi məqsədli tədbirlər öz nəticəsini verib. Bunun nəticəsidir ki, göstəricilər müsbətə doğru dinamika ilə inkişaf edib. Hadisələr də, ölümlər də azalıb. Məsələn, 103 hadisənin azalması 42 ölüm faktının aşağı düşməsinə təsir göstərib. Eyni zamanda 115 xəsarətin sayının aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, xəsarət dərəcələri yüngülləşib. Bu, dövlət yol polisinin keçirdikləri tədbirlərin nəticəsidir. Yol polisinin məqsədi nəqliyyatın hərəkətini tənzimləməkdir. Biz yol polisi olaraq təkcə, cəza tətbiq etmirik. Fəaliyyətimizdə ilkin olaraq yol hərəkətini təşkil etmək, təbliğat aparmaq, başa salmaqdır. Daha sonra xətalar aşkarlanırsa, buna uyğun olaraq məsuliyyətə cəlb edirik. Qanunlarımızda olan humanistliyi də nəzərə alırıq. Yol polisi tərəfindən ağbirçəklərə, yaşlı adamlara yerindəcə hörmət və qayğı ilə yanaşılır.
-Cərimələr bəzən müğənnilər, deputatlardan da yan keçmir. Bu zaman sizə çoxlu zənglər gələr.
-Düzü son günlər belə narazılıqla qarşılaşmırıq. Həqiqətən də kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılan məlumatlarda da görünür ki, kimliyindən asılı olmayaraq xəta törədən şəxs məsuliyyətə cəlb edilir. “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, bilərəkdən ya da bilməyərəkdən qanunun pozulması inzibati xətadır. İnzibati xəta törədən hər bir iştirakçı da, irqindən, cinsindən, dinindən, milliyyətindən, mövqeyindən, vəzifəsindən asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur. Vaxtı ilə kimlərsə öz narazılıqlarını bildirirdi. İndi isə jurnalistlər ictimailəşmiş formada informasiyanı yayırsa, bu, məsələnin nədən xəbər verdiyini göstərir.
-Vaqif müəllim, bir dəfə özünüz də cərimələnmisiniz...
-Bir dəfə olmayıb. Həm təbliğat aparmaq, həm də konkret yol hərəkəti qaydasınının pozulması vərdişindən azad olmaq üçün cəriməni ödəmişəm.
-Qaydanı niyə pozmusunuz? Hər halda bilirdiniz ki, etdiyiniz qayda pozuntusudur. Bilib pozmusunuzsa, bir başqa sual yaranır. Bilməyib pozmusunuzsa, yenə də başqa sual yaranır. Yəni “bir polis polkovniki o qaydanı niyə bilmir” kimi bir sual gündəmə gəlir.
-Çox gözəl sual verdiniz. İlkin olaraq təbliğatın gücləndirilməsi, hər kəsin qanun qarşısında bərabər olduğuna mesaj olaraq sürət həddini bilərəkdən aşmışam. Cəriməni də ödədim. Bununla bağlı dostlarımızın köməyi ilə informasiya yaydıq. Mən özüm-özümə aşıladım ki, cərimə ödədim, ailə büdcəmə zərər vurdum. Mən bu pis vərdişdən uzaqlaşmaq üçün bunu etdim. Bundan sonra bəzi kütləvi informasiya vasitələrində “polkovnik də qayda pozarmış” istehsallı yazılar gördüm. Düzü, çox təəssüfləndim, çox təsirləndim. Mən bir polkovnik olaraq qaydaları pozmamalıyam, başqalarına nümunə olmalıyam.
Kimsə əlində mobil telefon, sanki arxamca gəzir, hərəkətlərimə göz qoyur. O, idarə etdiyim nəqliyyat vasitəsini izləyir və nöqsan axtarır. Bunu bildiyim halda sonrakı törətdiyim xətalar tam təsadüfidir.
-Bu vaxta qədər nə qədər cərimə ödəmisiniz?
-Bir dəfə dayanma-durma ilə bağlı qaydanı pozmuşdum. Vaxtında 18 manat ödədim. Bir dəfə də mülki formada idim, Kürdəmir istiqamətinə gedirdim. Məni saxladılar, çünki açığını deyim ki, kəmər bağlamamışdım. Mənə protokol yazdılar. Heç özümü təqdim də etmədim. Düşünürdüm ki, məni tanıyarlar. Ancaq tanımadılar, mən də heç ad vermədim. Çox sərbəst, rahat şəkildə məni cərimələdilər. Bir dəfə də qızın Nərimnavov rayonunda piyada kimi cərimələnib. Mən də bu cəriməni ödəmişəm.
-Polislərin sizi tanımamasından təəssüf hissi keçirmirsiniz?
-Əksinə. Düzü sevindim ki, yaxşı ki, məni tanımadılar. Amma niyə tanımadıqlarını da deyim. Məni saxlayan polis əməkdaşının üzümə baxmaması məndə ona hörmət hissi yaratdı. Adətən isə görmüşük ki, polis maşının içərisinə baxır. Həmin polis nəfəri isə heç hara baxmadı. O yaxınlaşıb salam verdi və kəmər bağlamadığımı xatırlatdı. Sənədlərimi tələb etdi. Mən də verdim. Elə bildim ki, sürücülük vəsiqəsinə baxsa, adımı görüb tanıyacaq.
Amma o baxdı, yerindəcə planşetini götürdü və cəriməni yazdı. Məndə həqiqətən də o inspektora bir simpatiya yarandı. Düşündüm ki, belə bir əməkdaşa ad verib, yazmaq istədiyi protokolun qarşısını almaq olmaz. Sonradan bilmədim ki, o polis məni tanıdı ya yox. Yəqin ki, bu müsahibəni oxusa, tanıyacaq.
-Sizə zəng edirlərmi ki, filan cərimənin silinməsinə yardımçı olasınız?
-Mənim sizə sizdən şikayətim var. Vaxtı ilə telefonla şikayət xarakterli zənglər daxil olurdu. Təsəvvür edin, bir jurnalist xahiş edir ki, polis əməkdaşı onu cərimələməsin, məsuliyyətə cəlb etməsin.
Digər bir jurnalist isə bunu görür, çəkir və ictimailəşdirir. İndi siz özünüz qiymət verin. İndiki vaxtda mənə olan müraciətlərin yerinə yetirilib-yetirilməməsi hansı formada baş tuta bilər? Sizə izah etdim ki, birinin çağırışına səs verib nəyisə yerinə yetirəndə, digəri buna qısqanclıqla yanaşır. Tanınmış şəxslərlə canlı yayımda çıxış edirik. Tanınmış şəxslər polislərin onlara olan diqqət və qayğısından ağızdolusu danışır. Eyni zamanda polislərin onları saxlayıb məsuliyyətə cəlb etməsini də istəmir. Bu zaman cəmiyyətdə bir qısqanclıq yaranır. İndi tanınmış şəxslər belə, köhnə adət-ənənələrdən getdikcə uzaqlaşır. Bu inkişaf davam etdikcə, hər kəs öz hərəkətinə görə cavab verəcək. Hesab edirəm ki, inkişaf buna doğru gedir.
-Jurnalistlərlə aranız yaxşıdır. Mətbuata açıqsınız, bu, yaxşı xüsusiyyətdir...
-Mənim hamı ilə aram yaxşıdır. Qoyun bu sözü deyim, sonra sualınızı verərsiniz. Bu gün qazandığım bütün nailiyyətlərimə görə, birinci Allaha, ikinci rəhbərliyimə, üçüncü isə siz jurnalistlərə borcluyam. Çünki bu səmimiyyəti, bu münasibəti sizli-bizli 13 ildir qoruyub saxlayırıqsa, bu, böyük nailiyyətdir. Bu o deməkdir ki, istəsək, bu münasibətləri qoruyub-saxlaya bilərik.
-Hə, sualımı verim. Jurnalistlərlə münasibətinizdə neqativ bir amil axtarmaq niyyətində deyiləm. Sağ olun ki, elə dəvətimizi də qəbul edib, redaksiyaya təşrif buyurdunuz. Amma jurnalistlər də sizin haqqınızda tənqidi materiallar da yazırlar. Vaqif Əsədov təbiətən demokratdır, yoxsa tənqidlərə dözümsüzdür?
-Vaqif Əsədov demokrat fikirli, tənqidlərdən nəticə çıxarmağı bacaran, düzgün tənqidi də qəbul edən biridir. Ancaq haqsız yazılanları da qətiyyən qəbul etmək istəmirəm. İndiki dövrdə ölkəmizdə gedən inkişaf prosesləri, mövcud qanunvericilik mənim haqqımda yazılan xoşagəlməz yazılarla bağlı məhkəməyə müraciət etməyimə imkan verir. Mən başqalarından fərqli olaraq sivil yolla mübarizə aparmağı bacaran bir adamam. Mənim haqqımda gedən yazılarda qeyri-obyektivlik, qərəz, böhtan varsa, bununla əlaqədar məhkəməyə müraciət edib onu yazanın cəzalandırılmasını istəyərəm.
Mediada yol polisində işləyən Vaqif Əsədovla bağlı böhtan xarakterli məqalələr yazılır. Bir dəfə vəziyyət o həddə çatdı ki, bunu yazanı əfv etməyimi xahiş etdilər. O, bir neçə gündə mənim haqqımda qərəzli, böhtan tipli məlumatlar yazmışdı. Artıq bu yazılar bir yerə yığıb aidiyyatı üzrə şikayət etdim. O, tanınmış jurnalist, publisist, şair, həkim deyilən bir şəxs idi. Mənim şikayətimdən sonra bu adam rəsmən üzr istədi. Səhv etdiyini etiraf etdi. Mən də buna görə onun gələcəyində inzibati həbs məsələsi olmasın deyə, səhvindən keçdim. Dediyim odur ki, nə qədər zarafatcıl olsam da, haqqımda yazılan böhtan xarakterli yazıları da qəbul etmirəm. Haqlı yazılan haqlıdır. Məsələn yazılsa ki, Vaqif Əsədov xidməti avtomobilində yol hərəkəti qaydasını pozdu, bunu haqlı qəbul edərəm. Amma söhbət ondan gedir ki, mənim xidməti avtomobilim yol hərəkətində hərəkət üstünlüyünə malikdir. Bunu da edəndə mütləq təhlükəsizliyi nəzərə alıb, qanunvericiliyin tələblərini yerinə yetirməyə çalışıram. Məsələn, sayrışan göy-qırmızı işığı yandırıram, serena siqnalından, radiocihazlardan istifadə edirəm.
Bəzən isə qıraqdan görünür ki, Vaqif Əsədov 28 saniyədə 2 xəta törətdi. Özü də patrul avtomobilini idarə edə-edə. Sual edirəm: siz haradan bilirsiniz ki, Vaqif Əsədov xəta törətdi?! Bu gün həqiqətə də sükan arxasında olan istənilən sürücü polis avtomobili görəndə, inanın ki, bir qədər özünü yığışdırır, sürəti azaldır. Adət etdiyinə görə, polis maşınına yol verir. Buna isə qərəzli şəkildə ictimailəşdirirlər. “Vaqif Əsədov 28 saniyədə 2 qayda pozdu” deyirlər. Mən nə etmişəm qardaş? Mən “Qurd Qapısın”da, dairəyə girmişəmsə, yol mənimdir də. Dairədən gələn görür ki, mən gedirəm, o da yol verib. Mən keçəndə də kimsə çəkir və bilmədiyi şeyləri tirajlayıb məni təqsirləndirir. Hamı, əsasən də jurnalistlər həqiqəti öyrənib sonra materialı dərc etməlidirlər.
-Vaqif müəllim, xanım sürücülərdən söz açmaq istəyirəm. Xanım sürücülərlə aranız necədir? Onların bəzən polislərlə etik olmayan davranışlarının şahidi oluruq.
-Bayaqdan bu sualı sizdən gözləyirdim. Bu, bizim mentalitetimizdə olan vərdişlə bağlı sualdır. Əvvəla, inkişaf etmiş ölkələrdə sürücülər kateqoriyaya bölünmür. Ən azından bu suala münasibət bildirmək tələblərin pozulmasıdır. Amma nə edim? Siz sual verirsinizsə, bunu cavablandırmalıyam. Ölkə üzrə 1 milyon 400 minə yaxın nəqliyyat vasitəsi var. Təxminən eyni sayda da sürücümüz var. Eləcə də 40 mindən artıq qadın sürücümüz var. Əlbəttə, sevindirici haldır ki, xanımlarımız bütün sahələrdə seçilir, fərqlənir. Mən də bu ölkənin vətəndaşı, kişisi kimi xanımlarımızın qazandığı bu nailiyyətlərə görə sevinirəm. Onları alqışlayıram. Doğurdan da xanımlarımıza, sükan arxasında olmaq yaraşır.
Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır. Ancaq avtomobil idarəetmə vərdişinə nəzər saldıqda, xanımların nisbətən daha ehtiyatlı maşın sürdüyünün şahidi oluram. Sürücülük dedikdə, bir peşə yada düşür. “Yol hərəkəti haqqında” qanun dedikdə isə hüquq, fəlsəfə, fəlsəfi fikirlər yada düşür. Heç kim istədiyi kimi avtomobil idarə etməməlidir. Bir halda ki, yol hərəkəti ilə bağlı danışan nişanlar, konkret tələblər varsa, onları başa düşmək və əməl etmək lazımdır. Bəzən xanımlar xanımlığı ilə yolun sürət həddi saatda 120 kilometr olan yerdə sol hərəkət zolağını tutub, avtomobili 60-la sürürlər. Bu, yolverilməzdir. Törədilən xətaları və tərtib edilmiş protokolları fərqləndirəndə 40 min xanım sürücünün hamısını bütün sürücülərlə müqayisə etməzdim. Protokolları tərtib edəndə xanımların da xətalar törətdiyini görürük.
Xanımlarımız sevgiyə, məhəbbətə, gözəl həyata layiqdir. Ancaq təəssüflər olsun ki, bəzi xanımlar spirtli içki qəbul edib sükan arxasında əyləşirlər. Bu, mənə təsir edir. Belə bir şey olmamalıdır. Amma bir şeyi də deməliyəm. Xanım sürücülərin demək olar ki, hamısı təhlükəsizlik kəmərindən istifadə edirlər. Lakin həddindən artıq ehtiyatlı sürürlər. Lüzumsuz sürət həddi seçirlər.
Sükan arxasında xanımlar daha çox mobil telefonla danışır. Dövlət yol polisinin “saxla” işarəsinə əhəmiyyət verməyən xanım sürücülər bir qədər çoxdur. Bütün bunlara baxmayaraq mən qadınların avtomobil idarə etməsindən razı bir şəxsəm.
-Spirtli içkidən söz düşmüşkən. Yanılmıramsa, pivə içib sükan arxasında oturanla araq içib avtomobil idarə edənin məsuliyyəti fərqlidir. Amma hər iki halda yol polisləri eyni qayda – daha yüksək cərimə tətbiq edirlər.
-Ümumiyyətlə,spirtli içki qəbul edib sükan arxasında əyləşmək olduqca təhlükəlidir. Spirtli içkiləri, narkotik vasitələri, digər güclü təsirə malik maddələri qəbul edib avtomobil sürmək ağırlaşdırıcı haldır. Tibbi müayinə zamanı yüngül, orta və ağır dərəcəli tibbi akt tərtib olunursa, artıq inzibati məsuliyyət nəzərdə tutulub.
İçkinin qəbul edilən dozasına uyğun olaraq yüngül, orta və ağır tərkibli akt tərtib olunur. Tibb sahəsində çalışan həkim-narkoloqlar tibbi stansiyaya dəvət edilən sürücünü xüsusi texniki vasitə ilə yoxlayırlar. Məsələn, məlum olur ki, bu sürücüdə yüngüldür. Deyək ki, bir neçə saat öncə araq qəbul edib. Polislər həkim-narkoloqların təqdim etdiyi akt əsasında sürücülərin spirtli içkinin təsiri altında olduğunu deyir. Bu zaman qanunvericilikə nəzərdə tutulmuş qaydada məsuliyyət yaranır.
-Yol hərəkəti qaydalarından çox danışdıq. Üstəgəl, siz də bütün günü reydlərdə olursunuz. Bir az gərginlik var. Bu gərginliyi müsahibədə də hiss etdirdik. Buna görə gərginliyi bu sualımla azaldım.
Vaqif Əsədov həm yaxşı çertyoj çəkir, həm də rəssamdır. Siz özünüz rəssamlıq sənətinin ardınca getmək istəsəniz də, sonra polis olmusunuz. Polis olmanıza peşmansınız?
-Doğurdan da, gərginlikdən çıxmaq üçün vaxtında və yerində verilmiş sualdır. Əslinə məndə polis olmaq düşüncəsi yox idi. Mən dediyiniz kimi, rəssam olmaq istəyirdim. Rəssam olmaq arzusu ilə yaşadığım halda mənim bir günün içərisində fikrimi dəyişdirdilər.
Fikrimi dəyişdirən o dövrdə Yasamal rayon Ağsaqqallar Şurasının sədri Həsən Nəsirov idi. O, bir günün içərisində məni memar, rəssam olmaqla bağlı arzumdan daşındırdı. Mənim rəssam müəllimim uzun müddət Naxçıvan Rəssamlar İttifaqında işləmiş Şəmil Mustafayev kimi tanınmış şəxs idi.
Eyni zamanda mən ixtisas üzrə “5” qiyməti alırdım. Polis əməkdaşı olmağımdan peşmian olub-olmamağıma gəlincə... Əgər yol hərəkətində mədəniyyət səviyyəsi formalaşırsa və şəxsi mənafelər ümumilli mənafelərdən üstün tutulmursa, hər kəs şüur səviyyəsində hərəkət edə bilirsə, polis olmağımla qürur duyuram. Sevinirəm ki, nə yaxşı ki, mən bu gün polisəm. Ancaq eyni şeyi hər gün eyni yerdə demək, bəzən məni yorur. Məsələn, dayanmaq, durmaqla bağlı nə qədər eyni şeyləri demək lazımdır?! Nə üçün bu gün avtobus dayanacaqlarında qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar barədə söhbət aparılmalıdır?! Axı, bunu məktəb uşağından da soruşsan deyər ki, taksilərin avtobus dayanacağında olması yolverilməzdir. Ona görə də belə faktları görəndə, bir qədər yorulduğumu düşünürəm. Bizim əməkdaşlar hava şəraitindən asılı olmayaraq hərəkəti tənzimləyir. Deməli, bu zaman inspektorumuz nizamlayıcı qismində olur. Nizamlanan yol ayrıcında yol polisi nəfəri hərəkəti tənzimləmək məqsədi ilə sürücülərə qırmızı işıq yansa da, “hərəkətə davam” işarəsi verir. Amma sürücülər yenə də qırmızı işıq olduğuna görə saxlayırlar. Bu, o deməkdir ki, sürücülər nədənsə çəkinir. Halbuki, nizamlayıcı polis əməkdaşının göstərişləri yerinə yetirilməlidir. İnspektorlarımız yolda dayanır ki, hərəkətə sıxlıq yaşanmasın, keçmə növbəliyi təmin edilsin, sürücülər çaşmasın.
Buna baxmayaraq yenə də yazırlar ki, filan yerdə işıqfor işləmir, polis əməkdaşı da yoxdur.
-İnsan taleyidir, hamı qəzaya düşə bilər. Mən də, yaxınlarım da və digərləri də. Bəs Vaqif Əsədov heç qəzaya düşübmü?
-Öz şəxsi avtomobilimi idarə edərkən 3 dəfə yüngül maddi zərərlə nəticələnən qəzaya düşmüşəm. Biri “Qaz 24”də, biri “Mazda”da, biri də “Mersedes”də. Bu qəzalar son 25 ildə baş verib. 3 yol qəzasının birində təqsirkar mən olmamışam. Birində, “Qaz 24”ü sürərkən bir hərbçi məni vurdu. Digər 2-də isə mən təqsirkar olmuşam. “Mazda” markalı avtomobili sürəndə qoşa xətti kəsib geriyə dönmək istəyəndə bir maşınla toqquşdum. Bir dəfə də “Ukrayna” dairəsində “BMW” markalı avtomobillə toqquşdum. Bu illər ərzində 3 müxtəlif avtomobil idarə etmişəm, 3 dəfə də qəzaya düşmüşəm. Təqsirkar mən olduğum qəzalarda qarşı tərəfi razı salmışam.
Sənədləşdirmə olmayıb. Ümumiyyətlə, çalışmaq lazımdır ki, heç kim ziyan çəkməsin. Qanun deyir ki, yol hərəkəti qaydası pozulan zaman maddi zərər varsa, bu ödənilməlidir. Bir dəfə də xidməti maşınla qəzaya düşmüşəm. Hardasa 1997-ci il olardı. “VAZ-2106” xidməti yol polisi maşını ilə qəzaya düşdüm. Böyük, əhəmiyyətli bir tədbir idi, mən qarşıdan gələn maşını saxlamaq istəyəndə qəza yarandı. Sonra araşdırdılar və məlum oldu ki, günahkar mən olmamışam.
-Vaqif müəllim, bankda əmanətiniz var?
-Necə bilirsiniz, Vaqif Əsədovun əmanəti olsa, onu bankdamı saxlayar? Xərcləməyə o qədər yer var ki. Şükürlər olsun ki, ən yüksək əmək haqqı elə yol polisindədir. Bu maaşımla ailəmi dolandırıram.
-Yəni, əmanətiniz var, amma banklara inamınız yoxdur?
-Söhbət banklara inamdan getmir. Əvvəla məndə böyük məbləğ yoxdur ki, banka da əmanət qoyum! Ümumiyyətlə, siz nə qədər pul deyirsiniz?
-Ən azı 10 min manat.
-10 min manat elə də böyük pul deyil. Amma 10 min manatım olsa, ən azından bu pulu sağlamlığım üçün xərcləyərəm.
-Səhhətinizdə problem çoxdur?
-Bu yaxınlarda məlum oldu ki, böyrəyimdə daş var. 1 həftədir hospitala gedirəm. Həkimlərimiz sağ olsun, müdaxilə etmədən, dərmanlar vasitəsi ilə ağrını kəsdilər. Bu yaşda, sağlamlıqda problemlər yaşanır.
Bu mənada, 10 min manatım olsaydı, özümün, ailə üzvlərimin sağlamlığı üçün bu pulu xərcləyərdim.
10 min manatım olsaydı, birinci burnumda əməliyyat etdirərdim. Çünki artıq nəfəs ala bilmirəm. Dostum Elçin, Nizami gözləyir ki, gedim, o da əməliyyat etsin. Övladımın burnunda da çəpər əyriliyi var. Onu düzəltdirərdim. Problemlərimiz var. Qeyd etdiyiniz məbləğ olsa idi, ən azından bir restorana gedib ailə üzvlərimlə istirahət edərdim. Çoxlu qonaq gedərdim, hədiyyələr alardım.
-Kiminsə rəsmini ya da karikutarısını çəkirsiniz?
-Bu sualın cavabını rəsmlərini çəkdiyim dostlarımdan soruşmağınızı istərdim. Düzdür, son 6-7 ildir ki, əlimə fırça almıram. Ancaq 7-ci sinifdə oxuyan, anamın adını daşıyan qızım hazırda Mədəniyyət və İncəsənət Gimnaziyasında təhsil alır. O da rəssamlığı öyrənir. Gücümü də bu uşağa vermişəm, çünki çox həvəslidir.
-Rəssamlar sevdiyi xanımın şəklini çəkirlər. Mən də bacarsaydım, çəkərdim. Siz də heç nə zamansa sevdiyiniz qızın, xanımınızın rəsmini çəkib ona hədiyyə etmisinizmi?
-Kaş verdiyin bu sualın cavabını rəsmini çəkdiyim insanlar oxuyardı. Əlbəttə, sevdiyim insanların şəkillərini çəkmişəm. Onlar bu müsahibəni oxusalar hamısı biləcəklər. Öz ailə üzvlərimin rəsmlərini çəkmişəm (Daha sonra telefonunu çıxarır və çəkdiyi rəsmləri göstərir). Ən çox hind filmindəki qəhrəmanları sevərdim. Onların üz cizgilərini boyalarla işləyərdim. Baxın, bu rəsmi 5-ci sinifdə oxuyanda çəkmişəm. Mənim haqqımda qəzetdə “Balaca rəssam” başlığı ilə məqalə yazılmışdı.
Bu da hind qızı – məşhur aktyor Xema Malininin rəsmidir (fotoları göstərir). Bu da Yanıq Kərəmdir.
Mən sevdiyim qızların rəsmini də çəkmişəm.
-Xanımınız incimir?
-Xeyr. İndi də xanımımla bir-birimizi sevirik. Hərənin bir idealı var. Baxın da bu da vaxtı ilə sevdiyim qızın rəsmidir. Rəsm əsərimdə şeir də yazmışam. İndi oxuyuram:
Saçların qaradır, dümağ olacaq,
Yanağın aladır rəngi solacaq.
Sənin gözlərini sevirəm çünki,
Qaradır, həmişə qara qalacaq.
Bu da anaya qaçan uşağın rəsmidir (yenə fotonu göstərir).
-Nə gözəl... Spirtli içki içirsiniz?
-Yox. Amma mənim evimdə spirtli içki kolleksiyam var. Kolleksiya yığıram.
-İstərdim, bir az da ailəniz haqqında danışasınız.
-Təbii ki, xoşbəxtəm. Narazı deyiləm. Allahın mənə verdiyi qisməti, şükür edib yaşayıram. Narazılığım yoxdur. Evim, ailəm, yaxınlarım var. Bir arzum var ki, övladlarım xoşbəxt olsunlar. Hər kəsin övladının xoşbəxt olmasını arzulayıram.
Bir bacı, bir qardaş olmuşuq. Anamızın himayəsində böyümüşük. Hazırda da bir yerdə yaşayırıq. Bacım, həyat yoldaşı, oğlu, gəlini, nəvəsi və mənim ailəm bir yerdə yaşayırıq.
-Eviniz darısqal olmur?
-Darısqaldır. Balaca bir evdir. Darısqal olsa da, o qədər mehribanıq ki, bu hiss olunmur. Bəlkə də, xoşbəxtliyimiz bununla bağlıdır.
-Villanız yoxdur?
-Bir atalar sözü yadıma düşdü: “Qarşında qızıldan tas ola, amma qan qusasan”. Allah belə şeylərdən bizi qorusun. Mən evə girirəm uşaq mənim üstümə qaçır. Bu elə villadır da. Yoldaşım mənə işimlə bağlı şərait yaradır, anlayış göstərir. Hər hansı səhv addım atanda bacım ana əvəzi olaraq başımın üstünü kəsir. Bacım bu zaman bir ana kimi məni danlayır. Hara gedirəm xoş, isti münasibət görürəm. Bu da məni sevindirir.
-Dini terminologiyada olan ifadələrdən istifadə etdiniz. Deyəsən, ibadət əhlisiniz.
-Bacım, qızım, yeznəm – hamımız bir yerdə yaşayırıq. Hamısı ibadət edir. İkincisi isə, biz İslam bayrağı altında yaşayırıq, bu dini qəbul etmişik. Quran bizim mənəvi konstitusiyamızdır. İndiki şəraitdə özümü ibadətə hazır hesab etmirəm. İşimlə ibadət üst-üstə düşmür, alınmır. Təqaüdə çıxandan sonra ibadət edəcəyəm. Amma ailəmizdə olanlar ibadət edir. Mən bu ibadətlərin şahidi oluram. Heç olmasa, həftədə bir-iki dəfə bunu görürəm.
-Vaqif müəllim, bir ara indiki vəzifənizdən kənarlaşdırılmışdınız.
-Mən hərbçiyəm. Görünür ki, nöqsanlarım var idi. Bun görə də işdən azad edildim.
-Yəni, belə böyük nöqsan olub ki, işdən çıxarılma həddinə gəlib?
-Deyə bilmərəm. Hər halda rəhbərliyin qərarı idi.
-Bəs sonra necə oldu ki, vəzifənizə qayıtdınız?
-Bu da rəhbərliyin qərarı idi. İşdə nöqsan olduğuna görə, cəzalandırdılar. Müəyyən vaxt ərzində fəaliyyətimdə buraxdığm nöqsanı düzəltdim və yenidən mənə şans verdilər. Hərbçiyik, bizdə verilən əmrlər müzakirə olunmur.
-Mətbuatda oxumuşdum ki, siz it əti də yemisiniz.
-Hə, bu, əsgərlikdə olmuşdu. Dovşan əti adı ilə mənə it əti yedizdirmişdilər. Sonradan bildim. Amma dadlı idi. Mən Çində olarkən it, qurbağa, ilan əti də yemişəm.