Reklam

Yol polisi xalq yazıçısı Mirzə İbrahimovu necə xilas edib? - FOTO

Yol polisi 11 Yanvar 2019 12:05 Oxunub 1672
Yol polisi xalq yazıçısı Mirzə İbrahimovu necə xilas edib? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstefada olan polis baş serjantı xalq yazıçısı ilə görüşündən böyük qurur və iftixarla bəhs edir

Polis xilaskardır. Bu təkcə vəzifə deyil, həm də vətəndaşlıq borcudur. 37 il əvvəl baş verən hadisənin gerçək təfərrüatı deyilənləri təsdiq edir. Yol polisinin əməkdaşının xalq yazıçısı Mirzə İbrahimovu xilas etməsi haqqında 37 il sonra danışırıq...

Dar gündə dada çatan polis...

Polis əməkdaşlarının peşəsinə sədaqəti, ən ağır şərtlərdə belə yüksək insani keyfiyyətləri, vətəndaşlıq nümunələri heyrət doğurur. Bu fəaliyyətin xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurulmasından xəbər verir.

Daxili işlər orqanlarında 1968- 1997-ci illərdə xidmət edən, özünün təbirincə desək 36 il 11 ay 6 gün əmək stajlı, istefada olan polis baş serjantı Zülü Rəhimov “Polis” qəzetinə açıqlamasında 1982-ci ilin qarlı və şaxtalı fevral gecəsində xalq yazıçısı Mirzə İbrahimovla görüşündən böyük qurur və iftixarla bəhs edir.

Deyir ki, həmin gün paytaxtda güclü çovğunlu qar yağması nəticəsində Bakı hava limanını şəhərlə birləşdirən şosse yolda nəqliyyatın hərəkəti dayanmış, yollarda qalan insanlara kömək üçün bütün yol polisi səfərbər olmuşdu. Yüzlərlə avtomobil hava limanı istiqamətində qarın altında qalmışdı. Kömək gözləyən insanların, avtomobillərin təhlükəsiz yerlərə çıxarıldığını deyən Z.Rəhimov bu zaman yoldan aralıda qarın altında onları haraylayan səs eşidir: “Gecə saat 1-2 arası olardı, hava limanı döngəsinə 100-200 metr qalırdı, hər tərəf qaranlıq idi, irəliyə hərəkət edəndə qaraltı gördüm, bir adam çabalayaraq qarın altından çıxmağa çalışırdı.Tələsik özümü yetirdim və görüm ki, bir yaşlı kişi qarın altında qalıb çabalayır. Onu çiynimə aldım, köhnə “Zaparojest” avtomobilim vardı, təmizlənmiş yerdə saxlamışdım. Bu kişi çiynimdə, özümü tez avtomobilə çatdırdım. Hər zaman da qış aylarında termosum olardı. Tələsik, bu yaşlı kişiyə isti çay verdim. Bir az özünə gəldi. Onu məzəmmət etməkdən özümü saxlaya bilmədim - “Qoca kişisən, bu çovğunda çöldə-bayırda nə işin var?”. Dedi ki, “qoy özümə gəlim deyəcəyəm kiməm”. Çayı içib qurtardıqdan sonra dedi ki, “Mən Mirzə İbrahimovam!”.

Diqqətlə baxdım və dərhal tanıdım. Mirzə müəllim nəql etdi ki, ailəsi ilə birlikdə Moskvadan qayıdırmış. Xidməti maşın qarşılayıb, hava limanından Mərdəkan şossesinə tərəf hərəkət edəndə, avtomobil yolun kənarına sürüşüb, orada batıb qalıb. Mirzə müəllim də yola çıxıb ki, kömək çağırsın, amma özü də qarın altında qalıb.

Bu məlumatı aldıqdan sonra Mirzə müəllimin xidməti maşını sürüşən yerə getdik və tankla buksir edib, təmzilənmiş sahəyə çıxardıq...”.

Bu hadisənin və Mirzə İbrahimovun minnətdarlğının yadigarı isə xalq yazıçısının avtoqraflı kitabıdır. Xalq yazıçısı Z.Rəhimova öz xətti ilə tutul səhifəsinə “Dar gündə dada çatan Zülü Rəhimova. Dərin hörmət və ən yaxşı arzularla. 16.02.1982. M.İbrahimov” avtoqrafı yazdığı 1981-ci ildə “Yazıçı” nəşriyyatında çap olunan “Seçilmiş əsərləri”ni bağışlayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh