20 ən yaxşı çalar: 2022-ci ilin yeni avtomobil rəngləri
Çox az sayda insan parlaq rəngi olan avtomobili seçir. Amerikan PPG şirkəti tərəfindən 2021-ci ildə aparılmış araşdırmanın nəticələrinə görə, ən populyar çalar ağ rəngdir, onu qara, boz və gümüşü rənglər təqib edir. Çox cansıxıcıdır, deyilmi? Görəsən insanlar niyə diqqəti cəlb etməyəcək bir rəngi seçərək, 2022-ci model ili üçün hazırlanmış gözəl 20 yeni rəngdən imtina edirlər?
Parlaq narıncı, mülayim mavi və alovlu-qırmızı – bunlar bu il peyda olan yeni çalarlardan yalnız bir neçəsidir. Özü də söhbət bahalı lüks avtomobillərdən getmir: Chevrolet, Kia, Toyota və digər şirkətlər də nəhayət alıcıların ağ və qara rəngdən başqa bir maraqlı rəngi seçəcəyinə ümid bəsləyərək təklif etdikləri boya palitrasını genişləndirməyə çalışırlar.
Acura: Long Beach Blue
Texniki olaraq, bu rəng Acura xəttində yenilik deyil – o, keçən il NSX modelində nümayiş etdirilib. Lakin Long Beach Blue rəngi “bərkgedən” Acura TLX Type S modelinin PMC Edition versiyasında yalnız indi peyda olub. Bu qəbildən olan eksklüziv 130R White və Curva Red rəngləri PMC Edition modelində 20-düymlük “mis” təkər diskləri və qara vurğular ilə birlikdə tətbiq edilir.
Audi: Arrow Gray
2023-cü ilin Audi S6 və S7 Sportback modelləri üçün İnqolştadt istehsalçısı yeni gözəl Arrow Gray çalarını təklif edir. 21-düymlük təkər diskləri, parlaq qara damı və bir neçə tündləşdirilmiş detalları olan hər iki model Design Edition təchizat səviyyəsində təklif olunur.
BMW: Thundernight Metallic
BMW Individual proqramı geniş çeşiddə unikal boyalar təklif edir, lakin 2 Series kupesini Thundernight Metallic rənginə boyatdırmaq üçün xüsusi müraciət gərəkdir. Bənövşəyi-xameleon rənginin qiymətinin 550 dollar olmasına baxmayaraq, 2 Series kupesi hal-hazırda belə rəngin əlçatan olduğu yeganə BMW avtomobilidir.
Cadillac: Electric Blue
Heyranedici CT4-V və CT5-V Blackwing cütlüyü də yeni cəsarətli rəngi almağa layiqdir. Uğurlu şəkildə Electric Blue adlandırılmış (bir zamanlar məhz mavi rəngin belə çalarını “elektrik” adlandırıdılar) rəng hər iki model üçün 625 dollara əlçatandır. Başqa yeni rənglər də var. Misal üçün, Blaze Orange Metallic və İnfrared Tintcoat kimi rəngləri olsa da, lakin Electric Blue bizim favoritimizdir.
Chevrolet: Amplify Orange
2022-ci ildə Corvette üçün əlçatan olan rənglərdən biri Amplify Orange çalarıdır. O, həqiqətən palitraya daxil edilmiş ən parlaq rəngdir. Amplify Orange Corvette C8 modelinin iti bucaqlarını daha yaxşı vurğulayır və qara rəngli təkər diskləri ilə birlikdə bütün diqqəti sportkara yönəldir. Rəngin qiyməti 995 dollardır.
Chevrolet: Caffeine
Adından da göründüyü kimi, 2022-ci model ilinin Corvette sportkarı üçün hazırlanmış yeni rəng bir fincan sərt espressodan ilham alınaraq yaradılıb. Osiyalar siyahısında Caffeine çaları Zues Bronze Metallic rəngini əvəzləyib və onu “sevirəm – nifrət edirəm” prinsipi ilə qiymətləndirmək mümkündür. Əgər bu rəng xoşunuza gəldisə və onu öz Corvette sportkarınız üçün seçmək istəyirsinizsə, o zaman sizə yaxşı xəbərim var – bu rəng tamamilə pulsuzdur.
Ferrari: Bianco Courmayeur
Bu çalar, Ferrari sahiblərinin hər il Monakoda yığışdırları Cavalcade tədbirinin 10 illik yubileyinin şərəfinə hazırlanıb. O, özündə eyni anda ağ və göy rəngi cəmləşdirərək, həqiqətən də unikal boyanı yaradır. Bianco Courmayeur rəngi Ferrari şirkətinin Tailor Made fərdiləşdirmə proqramı çərçivəsində əlçatandır.
Ferrari: Verde Volterra
Cavalcade tədbirinin 10 illik yubileyi şərəfinə yaradılmış daha bir unikal boya. O, dərin “qovrulmuş” rəngi əldə etmək üçün, özündə narıncı və yaşıl rəngləri cəmləşdirir. 812 Competizione modelində bu rəng ön tərəf, kapot, ön dayaqlar və damdakı karbon lifindən vurğularla tamamlanır.
Hyundai: Digital Teal
Təsiredici adı ilə yanaşı, Ioniq 5 modeli üçün nəzərdə tutulmuş yeni Digital Teal rəngi heyranedici parlaq çalardır. Yaşıl-firuzəyi boya bamperlər və kandarlardakı iri gümüşü örtmələr, habelə ikirəngli təkər disklərinin istənilən variantı ilə daha effektiv görünür. Yaxşı xəbər isə, onun üçün əlavə ödəniş tələb olunmur.
Hyundai: Shooting Star
Ioniq 5 üçün bizim xoşumuza gələn iki boya variantı təklif edilir. Digital Teal ilə yanaşı, Shooting Star rəngi də elektrokarın futuristik cəlbediciliyini daha da gücləndirir. Yeni çalar eksteryerdəki gümüşü vurğular və qara təkər diskləri ilə uyğunlaşdırılan zərif titan-qrafit rəngidir.
Jeep: Gobi Tan
Tan rəngi təbaşir qutusundakı ən maraqlı rənglərdən biri olmaya bilər, lakin Jeep Gladiator və Wrangler modellərinin Qobi səhrasından ilham alınaraq yaradılmış Goni Tan rəngi bizim çox xoşumuza gəlir. Yeni rəng bu ilin mart – iyun ayları arasında və xüsusi sifarişlə əlçatan olub, və alıcılara 495 dollara başa gəlib. Qeyd etmək gərəkdir ki, bu rəngdə olan avtomobillərin hamısı artıq satılıb.
Jeep: Tuscadero Pink
Parlaq çəhrayı Tuscadero Pink rəngi, çox güman ki, az sayda Jeep alıcısının xoşuna gələcəkdir. Çünki söhbət dırnaq lakından deyil, avtomobil rəngindən gedir. Lakin bu rəng məhdud vaxt kəsiyində Wrangler ofrouderi üçün 395 dollara əlçatan olub. Üstəlik, istənilən “Renqleri” bu rəngə boymaq mümkün idi – adi ofrouderdən tutmuş V8 mühərrikli ekstremal 392 versiyasına qədər.
Kia: Ascot Green
Kia markasının 2022-ci model xəttində yaşıl Ascot Green rəngi əsasən Stinger modeli üçün nəzərdə tutulmuş yenilikdir. Ola bilər ki, bu çalar Stinger üçün bu gün təklif edilən ən yaxşı rəngdir. O, yenilənmiş sedanın çeşidində, dördsilindrli versiyalarda standart hala gəlmiş GT-Line paketinin tərkibində peyda olub. Paketin tərkibində daha kəskin naxışı olan təkər diskləri və qara xrom vurğular da var. Qısası üslub fontan vurur.
McLaren: Platinium Jubilee Silver
II Yelizavetanın taxta çıxmasının 70 illik yubileyi şərəfinə hazırlanmış gümüşü rəng Artura modelinin eksklüziv nüsxəsi ilə birlikdə debüt edib. Platinium Jubilee Silver rənginin yaradılmasına 8 gün sərf edilib. Bu müddət ərzində dizaynerlər piqmentin müxtəlif işıqlandırma şəraitində özünü aparmasını təhlil ediblər. Paralel olaraq, kapotda “Elizabeth II” emblemi də peyda olub.
Porsche: Frozen Berry
Porsche 2022-ci model ili üçün bir neçə boyanı təklif edir və buradakı “bir necə” sözü “bir dəstə” mənasını verir. Lakin onlardan ən gözəgəlimli olanı incə Frozen Berry rəngidir. Bu rəng Taycan modelində debüt edib, lakin dərhal 718 Boxter və Cayman modellərinə də qismət olub.
Porsche: Rubystar
Porsche markasının “nümunə üzrə boyanma” proqramı o qədər genişdir ki, biz bu rənglərin bütöv bir siyahısını hazırlaya bilərdik. Lakin bu siyahıdakı favoritlərimizdən birini – Rubystar rəngidir. Bu rəng parlaq, cəsarətli və daha çox diqqəti cəlb edəndir.
Rivian: Compass Yellow
Biz artıq yeni Rivian R1T modelində bir neçə unikal rəngi görmüşük. Lakin onların arasında elektrik pikapına “bərkgedən” görünüşü bəxş edən çirkli-sarı Compass Yellow rəngi xüsusi yer tutur. Bu opsiyanın qiyməti 2500 dollardır, lakin rəng ona verilən pulu tam şəkildə doğruldur.
Rivian: Rivian Blue
Rivian R1T pikapının ilk əmtəə nüsxələri yalnız indi yollara çıxırlar və onlardan bəziləri pikap üçün ideal olan Rivian Blue rənginə boyanıblar. Çoxlarını bezdirmiş tünd rənglərə nisbətən, bu daha parlaq və cəsarətli rəngdir və elektrik Rivian R1T pikapını daha cəlbedici edir. Bu opsiyanın qiyməti də Compass Yeelow kimi 2500 dollardır.
Rolls-Royce: Boat Tail Brown
Əslində Rolls-Royce bu rəngi belə adlandırmır – daha doğrusu ümumiyyətlə, heç cür adlandırmır. Üç nüsxədə buraxılacaq Boat Tail modelinin ikinci nüsxəsinin qəhbəyi-bej-çəhrayı rəngi rəsmi ada malik olmasa da, istənilən halda çox gözəldir. Xatırladaq ki, bu boya üçün ilham mənbəyi avtomobilin sahibi tərəfindən təqdim edilmiş mərcanqulağı olub. Odur ki, “ikinci” Boat Tail kabrioleti çox heyranedicidir.
Toyota: Electric Lime
Toyota tərəfindən təqdim edilən heyrətamiz Tacoma TRD Pro modeli 2022-ci ildə yeni cəsarətli kuzov rəngini alıb. Electric Lime adlandırılan yeni parlaq çalar, qara rəngli Taco diskləri və cəsarətli vurğularla birlikdə Toyota pikapını daha cəlbedici göstərir və ətrafdakıların baxışlarını qüdrətli pikapa yönəldiməsini təmin edir.
autograph.az