Reklam

"BYD Seal" sedanı hibrid güc qurğusunu alıb

Avtodünya 29 Avqust 2023 16:18 Oxunub 728
"BYD Seal" sedanı hibrid güc qurğusunu alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

BYD şirkəti Seal modelinin çeşidini DM-i indeksini almış hibrid sedan ilə genişləndirib. Xatırladaq ki, Səma İmperatorluğunda artıq Seal sedanının sırf elektrik mühərriki ilə hərəkətə gələn versiyası satışdadır.

Çin istehsalçısı elektrik sedanının hər ay 7 – 8 min nüsxədə satıldığını bildirir. İndi isə, hibrid güc qurğusuna malik olan Seal sedanı modelin satışlarını dəstəkləməlidir. Qeyd etmək gərəkdir ki, Seal DM-i sedanı heç də benzin mühərriki ilə təchiz edilmiş Seal elektrokarı deyil – o, fərqli bir avtomobildir.

Əslində hibrid sedanın seriyaöncəsi prototipi  yazda keçirilmiş Şanxay avtosalonunda debüt etmişdi və o zaman bu model BYD Destroyer 07 adını daşıyırdı, yəni ayrıca bir model olaraq mövqeləndirilmişdi. Lakin hibrid sedanı bazara çıxmazdan əvvəl BYD fikrini dəyişərək, onu Seal ailəsinə daxil edib. Səbəb - ümumi satışları artırmaqdır.

Zahiri cəhətdən elektromobil və hibrid həqiqətən oxşardırlar, çünki onlar dəniz mövzusundan ilhamlanan eyni Marine Aesthetics dizayn üslubunda görünüşə malikdirlər. Ancaq avtomobillərin kuzovları fərqlidir və hətta nisbətlərdəki fərqləri adi gözlə də görmək olar: hibrid daha qısa "prestij məsafəsinə" (təkər tağından qapıya qədər), daha uzun buruna və maili dama malikdir.

Hibridin təkər bazası elektrik versiyasındakı 2920 millimetrə qarşı 2900 millimetrdir. Ümumi ölçülərdəki fərqlər isə daha nəzərəçarpandır: Seal DM-i elektrik adaşı ilə müqayisədə 180 millimetr uzun (4980 millimetr), 15 millimetr enli (1890) və 35 millimetr (1495) hündürdür. Təkər disklərinin ölçüsü 17-19 düym arasındadır. Bütün işıq texnikası əlbəttə ki, işıqdiodlarındandır.

İnteryer təribatında vahid həllərdən istifadə edilsə də, hibridin salonu ümumiyyətlə fərqlidir. Sürücünün qarşısında 10,25 düymlük cihazlar paneli və proyeksiya displeyi var. Media sisteminin 15,6-düyümlük mərkəzi displeyini 90 dərəcə döndərərək, albom və portret istiqamətləri arasında seçim etmək olar. Hibridin təchizatına panoram dam, dairəvi müşahidə kameraları və sairə avadanlıqlar daxildir.

Texniki baxımdan iki sedanın ortaq cəhətləri azdır. Məsələn, hibridin şassisində ön tərəfdə McPherson dayaqları mövcuddursa, Seal elektrokarında burada iki köndələn qol var. Arxada isə, hər iki avtomobildə çoxqollu asqı quraşdırılır. Elektromobil arxa və ya tam ötürməli ola bilərsə, hibrid yalnız ön ötürməlidir.

Seçmək üçün üç modifikasiya var. Birinci modifikasiya 197 at qüvvəsi və 325 Nm hasil edən dartma elektrik mühərriki ilə təchiz olunur. Sedan əsasən elektrik ötürməsi ilə hərəkət edir, 110 at qüvvəsi və 135 Nm hasil edən  1,5-litrlik benzin mühərriki isə generator rejimində işləyir. 

Ancaq bəzi hallarda hibrid sistem paralel rejimə keçir: daxili yanma mühərriki mufta və bir pilləli reduktordan istifadə edərək təkərlərə qoşulur. Sərnişin salonunun döşəməsinin altında 17,6 kilovat-saatlıq litium-dəmir fosfat dartma batareyası quraşdırılıb. Tam dolu batareyanın cərəyanı WLTC dövrünə əsasən 100 kilometr yürüyüşə kifayət etməlidir.

İkinci versiya 218 at qüvvəsi və 325 Nm hasil edən elektrik mühərrikinə, habelə 139 at qüvvəsi və 231 Nm hasil edən 1,5-litrlik benzin “turbodördlüyünə” malikdir. Ancaq bu halda belə hibrid sistemin məntiqi qorunur və onun maksimal hasilatı elektrik mühərrikinin höstəricilərinə uyğundur. 17,6 kilovat-saatlıq dartma batareyası eynidir. 

Lakin baza versiyasından fərqli olaraq, belə versiya 100 km/saata 8,2 saniyəyə deyil, 7,9 saniyəyə sürətlənir. Nəhayət, BYD Seal DM-i modelinin top versiyası eyni mühərriklərə malikdir, lakin dartma batareyasının tutumu 30,7 kilovat-saata qədər artırılıb, yanacaq çəninin həcmi isə 50 litrdən 45 litrə endirilib. Elektrik rejimində yürüş məsafəsi 160 kilometrə çatır. Bütün versiyaların maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb.

Çində BYD Seal DM-i hibridə sifarişlər artıq qəbul olunur. Hibridin satış qiyməti 24 - 34 min dollar arasındadır. BYD Seal elektrokarı üçün isə, 26 - 38 min dollar arasında tələb olunur.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh