"Lotus" ilk elektrik liftbəkini təqdim edib
Həvəskarlar yəqin ki, keçən əsrin 90-cı illərində buraxılmış Lotus Omega (Britaniya bazarında - Lotus Carlton) xatırlamalıdırlar.Bu sedan Heteldəki zavodda buraxılıb Lotus loqotipini daşısa da, əslində Opel Omega A modelinin kompleks şəkildə təkmilləşdirilmiş versiyası idi. Yeni Lotus Emeya 2017-ci ildən Lotus markasının sahibi olan Geely holdinqinin himayəsi altında hazırlanmış müstəqil modeldir.
Lotus Emeya modelinin əsas rəqibləri Porsche Taycan və Tesla Model S elektromobilləri hesab olunur. Yeni model dörd nəfərlik salona və təxminən beş metr uzunluğa malik olan beşqapılı liftbəkdir. Texnologiya baxımından isə, Lotus Emeya bir il yarım əvvəl debüt edən və artıq dünyanın bir çox ölkələrində satılan Lotus Eletre krossoveri ilə tam şəkildə unifikasiya olunub.
Liftbək aktiv aerodinamikaya malikdir. Beşinci qapıda yuxarı qalxan böyük antiqanad var. Antiqanadın iki işçi səthi var: əsas qapağın altında başqa, daha yığcam "bıçaq" yerləşir. Belə konstruksiya 215 kiloqrama bərabər olan yerəbasma qüvvəsini təmin edir.
Arxa diffuzorun yan hissələri də hərəkət edirlər. Nəhayət, ön hava girişində elektronikanın əmri ilə açılan aktiv jalüzilər var: sistem dartma batareyasının və əyləclərin daha çox soyudulmasına ehtiyac olduğunu aşkarladıqda jalüziləri açır.
Liftbəkin əsasını Geely holdinqinin SEA arxitekturasının ən ekstremal versiyası - EPA (Electric Premium Architecture) platforması təşkil edir. Liftbək pnevmatik asqıya və iki mühərriki olan 800 voltluq elektrik sisteminə malikdir. Lakin bütün komponentlər Eletre krossoverindəki ilə eynidir.
Lotus Emeya S baza versiyası 612 at qüvvəsi və 710 Nm hasil edın güc qurğusu ilə hərəkətə gəlir. Lotus Emeya R top versiyasının hasilatı isə 905 at qüvvəsi və 985 Nm-ə qədər artırılıb. Üstəlik, arxa elektrik mühərriki bir pilləli əvəzinə iki pilləli reduktora malikdir. R indeksli liftbək 100 km/saata 2,78 saniyəyə sürətlənir, lakin onun maksimal sürəti 256 km/saatdır.
Hər iki modifikasiya 102 kilovat-saatlıq (krossoverdə 112 kilovat-saatlıqdır) dartma batareyası ilə təchiz edilir. Dolu batareya ilə S versiyasının yürüş ehtiyatı - 600, R versiyasının isə 489 kilometrdir. Daimi cərəyanlı şarj cihazı 350 kilovata qədər yükləmə gücünü dəstəkləyir. Odur ki, beş dəqiqə ərzində 150 kilometrlik yürüş ehtiyatını təmin etmək mümkündür.
Liftbekin interyeri də maksimal dərəcədə krossoverlə unifikasiya edilib, lakin onun mərkəzi tuneli daha böyükdür. Sürücü və sərnişinin qarşısında media sistemin böyük mərkəzi monitoru və kompakt displeylər, həmçinin proyeksiya displeyi var. Tərtibat üçün həm hazırda dəbdə olan sintetik materialları, həm də nappa dərisini seçmək olar.
Britaniyalılar ilin sonuna qədər Emeya modeli haqqında daha çox məlumat verəcəklərini vəd edirlər. Liftbəklər, Eletre krossoverinin də istehsal olunduğu Çinin Uhan şəhərindəki zavodda buraxılacaqlar. Bu müəssisənin istehsal gücü (ildə 150 min avtomobil) artıqlaması ilə kifayət etməlidir.
Daha sonra bu zavodda daha iki elektrik modelinin istehsalı təşkil ediləcəkdir. Bu avtomobillər hazırda üzərində çalışmalar gedən orta ölçülü Lotus Type 134 krossoveri və Lotus Type 135 yığcam idman avtomobilidir.
autograph.az