Reklam

"Maruti Suzuki" yeni "Brezza" krossoverini təqdim edib - FOTO

Avtodünya 1 İyul 2022 18:59 Oxunub 1166
"Maruti Suzuki" yeni "Brezza" krossoverini təqdim edib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən Hindistanda böyük bir təqdimat keçirilib: altı il yarım ərzində burada 700.000 nüsxədən çox satılan Maruti Suzuki Vitara Brezza krossoverinin varisi debüt edib. Yeni model Maruti Suzuki Brezza adlanır: artıq krossoverin guya məşhur Vitara ailəsinə mənsub olmasını göstərməyə ehtiyac yoxdur, çünki Brezza adı Hindistan bazarında kifayət qədər yaxşı imicə malikdir və özü özünü satır.

İkinci nəsil Brezza modeli də Suzuki Swift hetçbekindən götürülmüş platformada inşa edilib. Onun təkər bazası (2500 millimetr), eləcə də ümumi uzunluğu (3995 millimetr) dəyişməyib, çünki Hindistanda dörd metrdən qısa olan avtomobillər üçün ciddi vergi güzəştləri nəzərdə tutulub. Avtomobilin eni də qorunub saxlanılıb (1790 millimetr), lakin hündürlüyü 45 millimetr artıb (indi 1685 millimetr), odur ki, avtomobilin kuzovu yenidir.

 

Krossover sələfindən daha sanballı görünür: buna təkər tağlarının daha böyük genişləndiriciləri  və “üzən” dam effekti olan arxa dayaqlar sayəsində nail olunub. Əlavə ödəniş müqabilində, eksteryerə “ofroud” və “şəhər” elementləri əlavə edən dekorativ Terrascape və Metroscape paketlərini sifariş etmək olar. Bahalı versiyalarda ön və arxa LED fənərlər quraşdırılır.

Əvvəlki kimi, Brezza dörd nəfər üçün nəzərdə tutulub: arxa cərgədə cəmi iki təhlükəsizlik kəməri və baş dayağı var. Ancaq bahalı versiyaların avadanlıq siyahısına altı təhlükəsizlik yastığı daxil edilib, halbuki əvvəllər onların sayı ikidən çox deyildi. Bir çox interyer elementləri bu yaxınlarda yenilənmiş Suzuki Baleno hetçbeki ilə unifikasiya edilib: məsələn, sükan çarxı, cihazlar paneli, klimat-kontrolun bloku və bir sıra düymələr.

Terrascape paketi ilə təchiz edilmiş versiya

Media sistemi artıq standartdır, yeddi düymlük ekrana və sadə funksionallığa malikdir. Bahalı versiyalarda doqquz düymlük ekrana və səslə idarəetməyə malik olan daha təkmilləşdirilmiş Smartplay Pro + multimedia sistemi quraşdırılır. Opsiyalar siyahısındakı yeniliklər proyeksiya displeyi, dairəvi müşahidə kameraları və Arkamys səs sistemindən ibarətdir.

K15 seriyasından olan 1,5-litrlik benzin mühərriki modernləşdirilib. Yeni K15C versiyasında o, silindr başına yönləndirilmiş püskürməsi olan iki forsunkaya, artan sıxılma nisbətinə və standart start-stop sisteminə (Hindistanda onu qürurla “mülayim hibrid” adlandırırlar) malikdir. Mühərrikin hasilatı bir qədər azalıb: əvvəli 105 at qüvvəsinin (138 Nm) əvəzinə 103 at qüvvəsi (137 Nm). Lakin modernləşdirilmiş mühərrik əvvəlkindən daha qənaətcildir.

Krossover standart olaraq beş pilləli mexaniki ötürmələr qutusu ilə təklif edilir, lakin köhnə dörd pilləli "avtomat" sükanaltı dəstəkləri olan altı pilləli avtomatik transmissiya ilə əvəzlənib. Maruti Suzuki Brezza  modelinin dizel versiyası olmayacaqdır. Bir qədər sonra benzin və metan ilə çalışan mühərriki olan Brezza CNG versiyası debüt edəcəkdir.

Yeni Maruti Suzuki Brezza krossoverlərinin istehsalına artıq başlanılıb, onlar yaxın günlərdə Hindistandakı dilerlərə göndəriləcəklər. Yeni modeli satış qiyməti 10 - 18 min dollar arasındadır. Tezliklə Brezza modelinin Toyota markası altında Urban Cruiser modelini əvəzləyəcək bənzəri debüt etməlidir.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh