"SsangYong" yeni "Torres" krossoverini təqdim edib

Avtodünya 15 İyun 2022 17:59 Oxunub 2282
"SsangYong" yeni "Torres" krossoverini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq iki ildir ki, SsangYong şirkəti həyatda qalmaq üçün mübarizə aparır. 2020-ci ilin yayında Koreya avtomobil istehsalçısının 75 faizlik səhmlər paketinə sahib olan Hindistan Mahindra & Mahindra konserni çətin maliyyə vəziyyətinə istinad edərək, SsangYong şirkətinin maliyyələşdirilməsini dayandırıb. Eyni zamanda yeni investor axtarışına da başlanılıb və dekabrda SsangYong şirkəti müflis elan edilməsi barədə Seul məhkəməsinə ərizə verib.

 

Alıcı yalnız keçən ilin oktyabrında tapılıb, lakin Cənubi Koreyanın Edison Motors şirkəti ilə sövdələşmə baş tutmayıb. Sərmayədar axtarışları yenidən bərpa edilib və hazırda kimya və polad sənayesi sahəsində fəaliyyət göstərən Koreyanın KG Group konserni üstünlük verilən alıcı hesab olunur. Müqavilənin iyulda bağlanması gözlənilir, SsangYong markasının yeni inkişaf strategiyası isə, avqust ayında açıqlanmalıdır.

 

Bu arada, SsangYong şirkəti keçən ilin iyun ayında qəbul edilmiş öz  xilasetmə planına sadiq qalır. Yeni strategiya xərclərin azaldılmasını və əksər yeni layihələrin dondurulmasını nəzərdə tutur. Bununla belə, şirkət avtomobil istehsalını davam etdirir. Keçən il şirkət ilk SsangYong e-Korando elektromobilinin istehsalına başlayıb və indi daha bir yeni məhsulu - əvvəllər zavoddaxili J100 indeksi ilə tanınan SsangYong Torres krossoverini təqdim edib.

 

Avtomobil Çilidə yerləşən Torres del Payne Milli Parkının adını daşıyır. Bu ad yeni krossoverin macəraçı xarakterinə işarə edir: tərtibatçılar onu səyahət həvəskarlarına ünvanlayıblar. Buna brutal eksteryer dizaynı da dəlalət edir, lakin ciddi yolsuzluğun fəthindən söhbət gedə bilməz. Qeyd etmək gərəkdir ki, Torres SsangYong Korando krossoverinin uzadılmış platformasında yaradılıb - daşıyıcı kuzov, eninə mühərrik və əsas ön ötürmə ilə.

 

Yeni modelin ümumi ölçüləri hələlik açıqlanmayıb, lakin Torres model cərgəsində Korando (uzunluğu 4450 millimetr) və Rexton (4850 millimetr) modellərinin arasında yer alır. İşıqlandırma texnikası tamamilə LED-dir, təkər disklərinin diaqonalı 17 - 20 düym arasındadır. Baqajın həcmi 703 litrdir, arxa oturacaq cərgəsinin qatlanması halında bu həcm 1662 litrə çatır. Üçüncü sıra nəzərdə tutulmayıb. Lakin aksesuarlar arasında Defender moelində olduğu kimi, arxa dam dirəyinə quraşdırılmış kilidlənən qutu var.

 

SsangYong Torres modeli yığcam rəqəmsal cihazlar panelinə malikdir, lakin proyeksiya ekranı ilə təklif edilmir. Mediasistem 12,3-düymlük ekrana malikdir və daha bir səkkiz düymlük taçskrin mərkəzi konsolda yerləşdirilib: o, klimat-kontrol, ön oturacaqların qızdırılması və havalandırılmasını idarə edir. Opsiyalar arasında adaptiv kruiz-kontrol, zolağa və kor zonalara nəzarət sistemləri var.

 

Debüt versiyası texniki cəhətdən tamamilə Korando modeli ilə unifikasiya olunub. Kapotun altında starter-generatoru olan 1,5 T-GDI benzin turbomühərriki (170 at qüvvəsi, 280 Nm) var. Transmissiya - Aisin firmasının 6-pilləli avtomatik ötürmələr qutusdur. Ötürmə - ön oxa və ya tam (arxa oxda mufta ilə) ola bilər. İstehsalçının planlarında dizel versiyalarının buraxılması yoxdur. Torres modelinin elektrik versiyası gələn il işıq üzü görməlidir: elektrik versiyası Avropa üçün hazırlanır.

 

SsangYong Torres modelinin benzin versiyalarının istehsalı yaxın günlərdə başlamalıdır. Cənubi Koreyadakı dilerlər artıq sifarişləri qəbul edirlər. Yerli bazarda Torres modelinin qiyməti 21 000 dollardan başlayır. Məsələn, burada yeni nəsil Kia Sportage modelinin qiyməti 19 200 dollardan başlayır. SsangYong şirkəti payızda yeni krossoverin ixracına başlamağı da planlaşdırır

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh