"Toyota Urban Cruiser Hyryder" - yapon markasının yeni büdcə krossoveri
Dünən Hindistanda Maruti Suzuki Brezza modelinin debüt etdiyi barədə xəbər vermişik. Bu gün isə, orada başqa bir krossoverin - Toyota Urban Cruiser Hyryder modelinin təqdimatı keçirilib. Bu günə qədər Vitara Brezza və Urban Criuser əkiz idilər və bir-birindən emblemləri və dekoru ilə seçilirdilər. Artıq bu modellər yollarını ayırıblar. Yeni Toyota Urban Cruiser Hyryder bir pillə yuxarı qalxıb: indi bu bizə yaxşı tanış olan Suzuki Vitara modelinin təkamülünün başqa bir qoludur.
Hyryder krossoveri iki şirkətin birgə işinin nəticəsidir, lakin Suzuki markasının bu işə verdiyi töhvə bir qədər çoxdur. Məsələn, Urban Cruiser Hyryder modeli Vitara krossoverindən Suzuki Global C (yarımüstəqil arxa asqı ilə) platformasını, kuzovun güc strukturunu və baza mühərrikini götürüb. Lakin Toyota krossoveri üçün təkər bazasını 2500-dən 2600 millimetrə qədər uzadıblar. İki model arasındakı bənzərlik nisbətlərdə, qapıların formaları və bir sıra elementlərdə özünü biruzə verir. Buna baxmayaraq, xarici kuzov panelləri tamamilə yenidirlər.
Urban Cruiser Hyryder modelinin uzunluğu 4365 millimetr, eni – 1795 millimetr, hündürlüyü isə, 1635 millimetrdir. Beləliklə, Hyryder Vitara modelindən 190 millimetr uzun, 20 millimetr enli və 25 millimetr hündürdür. Toyota krossoverinin baza versiyası halogen fənərlər, LED gündüz hərəkət işıqları və 17-düymlük polad disklər ilə təchiz edilir. Bahalı versiyalar tamamilə LED optikaya, 17-düymlük yüngül lehimli təkər disklərinə və ikirəngli kuzova malikdirlər.
Hyryder modelinin baza versiyası Suzuki K15C benzin mühərriki ilə təchiz edilir və Toyota terminologiyasında Neodrive adlanır. 102 at qüvvəsi və 135 Nm fırlanma anı hasil edən 1,5-litrlik atmosfer mühərriki 48 voltluq startyor-generatorla təchiz olunub. Buna görə də, istehsalçı onu “yumşaq” hibrid adlandırır. Ötürmə - ön oxa və ya tam ola bilər. Transmissiyalar: 5-pilləli mexaniki və ya 6-pilləli avtomatik ötürmələr qutusudur. Qeyd etmək gərəkdir ki, tam ötürməli versiya yalnız mexaniki transmissiya ilə təklif edilir.
Alternativ kimi, tamölçülü hibrid təklif olunur. Bu hibridin yaradılmasında Toyota şirkətinin birbaşa iştirak edib. Buradakı güc qurğusu Yaris və Yaris Cross modellərindəki ilə demək olar ki, eynidir. 1,5-litrlik M15A atmosfer mühərriki Atkinson qənaət dövrü ilə işləyir, 14:1 həndəsi sıxılma əmsalına və 40 faizlik istilik səmərələliyinə malikdir. Hibrid qurğunun hasilatı 92 at qüvvəsi və 122 Nm təşkil edir. Onunla tandemdə 80 at qüvvəsi və 141 Nm hasil edən elektrik mühərriki, elektromexaniki variator çalışır. Hibrid sistemi ümumi hasilatı 115 at qüvvəsidir. Lakin ötürmə yalnız ön oxadır. Litium-ion batareyasının tutumu elektrik rejimində 25 kilometrlik yürüyüşə kifayət etməlidir. Elektrik şəbəkəsinə qoşulma nəzərdə tutulmayıb.
Beş yerlik salonun tərtibatında Maruti Suzuki modellərindən götürülmüş elementləri aşkar etmək olar. Bunlara misal kimi, sükan çarxını, klimat-kontrolun idarəetmə blokunu və bir sıra düymələri göstərmək olar. Baza versiyası iki təhlükəsizlik yastığı və yeddi düymlük ekranı olan multimedia sistemi ilə təklif edilir. Bahalı versiyalar vitual cihazlar paneli, proyeksiya displeyi, mediasistemin doqquz düymlük sensorlu ekranı, panoram dam, dairəvi müşahidə kameralalrı və havalandırılan ön oturacaqlar ilə öyünə bilərlər.
Toyota Urban Cruiser Hyryder modeli Hindistan bazarında avqust ayında satışa çıxacaqdır. Burada o, Hyundai Creta, Kia Seltos, Skoda Kushaq və Volkswagen Taigun modelləri ilə rəqabət aparacaqdır. Toyota krossoverinin ən vacib rəqabət üstünlüyü isə, tam ötürmənin olmasıdır: Hindistanda adı çəkilən modellərdə belə ötürmə yoxdur. Hyryder modelini Hindistanda Toyota Kirloskar birgə müəssisəsində buraxacaqlar, daha sonra isə, ona Suzuki markası altında buraxılacaq bənzəri qoşulacaqdır. Vitara modelinin Hindistanda satılmadığını nəzərə alsaq, yeni modelin Maruti Suzuki Vitara adlandırılacağını gözləmək olar.
autograph.az