"Volkswagen" şirkəti ID.3 elektrokarını yeniləyib
ID.3 modeli MEB platformasında inşa edilən ilk Volkswagen elektromobili olub. Bununla belə o, Volkswagen brendinin etibarını korlamağa da imkan tapıb. Elektrik hetçbeki 2019-cu ilin sentyabrında debüt etsə də, proqram təminatında yaranmış ciddi problemlər səbəbindən bazara yalnız bir il sonra çıxıb. Proqram təminatını hətta satışlar başlayandan sonra da təkmilləşdirmək gərək olub – məsələn, "hava üzərindən" yenilənmə funksiyası dərhal işləməyib, amma sonda bu problemlər də aradan qaldırılıb.
Müştərilərin narazılığının başqa bir səbəbi isə, Avropada satılan Volkswagen avtomobillərin səviyyəsinə uyğun gəlməyən çox sadə və ucuz interyer olub. Bu problemi planlaşdırılmış restaylinq həll etməlidir.
İlk baxışdan interyer əvvəlki kimi qalır: burada cihazlar panelinin eyni ekranı, sensorlu düymələri olan eyni sükan çarxı və klimat-kontrolun idarəetmə bloku var. Şirkət rəhbəri analoq düymələrə qayıdışı elan etsə də, bu yalnız 2024-cü ildə baş verəcəkdir.
Beləliklə, hələlik mühəndislər yalnız tərtibat materiallarının keyfiyyətini yaxşılaşdırıblar: ID.3 salonunda indi daha çox yumşaq plastikə, daha az parıltılı dekora rast gəlmək olar.Yenilənmiş qapı kartları daha yumşaq dirsəkaltılara və daha böyük ciblərə malik olublar.
Elektrokarın standart təchizatı da genişləndirilib: siyahıya təkmilləşdirilmiş ön oturacaqlar (üzlüklər 71% təkrar emal materiallarındandır), əlavə USB konnektorları, avtomatik qaralma funksiyası olan güzgü və digər xırda şeylər daxildir.
Media sisteminin 10-düymlük ekranın əvəzinə artıq standart təchizata daxil olan 12-düymlük ekran quraşdırılır, menyunun bəzi bölmələrinin funksionallığına yenidən baxılıb.
Restaylinqlə birlikdə proqram təminatının yeniləməsi həyata keçirilib: cari 3.2 versiyası 3.5 versiyası ilə əvəzlənəcəkdir. Əsas yeniliklərdən biri də avtomobilin istismarı zamanı yeni opsiyaların alınması imkanıdır. İlk zamanlarda bu siyahıya adaptiv kruiz-kontrol, naviqator, iki zonalı klimat-kontrol və 30 rəngdə genişləndirilmiş daxili işıqlandırma daxildir.
Bu o deməkdir ki, bütün lazımi avadanlıqlar standart olaraq avtomobildə quraşdırılacaqdır və yalnız lazım olan opsiyanın aktivləşdirilməsi üçün pul ödəmək gərək olacaqdır. Bir ay, bir il və ya həmişəlik almaq variantları da olacaqdır. Tariflər hələlik açıqlanmayıb.
Bəs restaylinq başqa nə gətirib? Elektromobilin eksteryer dizaynına yüngül dəyişikliklər baş verib. Yeni ön bamper peyda olub, kapot indi alın şüşəsinin altında qara örtməsi olmayan rəvan səthə malikdir.
Ön qanadlardan dekorativ örtmələr yoxa çıxıb, yeni 19-düymlük təkər diskləri peyda olublar. Bütün bu xırda dəyişikliklər aerodinamik müqavimət əmsalını 0,27-dən 0,263-ə endirməyə imkan veriblər. Arxa tərəf dəyişilməz qalıb, lakin beşinci qapıda yerləşən arxa fənərlərin xırda bölmələri işlək vəziyyətə gətiriliblər.
Texniki hissədə dəyişiklik yoxdur. Lakin üçillik satışlar dövründə ID.3 modelinin modifikasiya çeşidi nəzərəçarpacaq dərəcədə ixtisara düşüb: hələ 2021-ci ildə 45 kilovat/saatlıq batareyası olan baza versiyası çeşiddən çıxarılıb, sonra isə 145 at qüvvəli baza elektrik mühərrikindən imtina olunub.
Nəticədə, indi Volkswagen ID.3 yalnız 204 at qüvvəli mühərriklə təchiz edilir, dartma batareyasının tutumu isə 58 və ya 77 kilovat/saatdır. 170 kilovat gücündə DC yükləmə cihazı yenilənmədən əvvəlki modeldə peyda olmuşdu, lakin o, yalnız ən böyük tutumlu batareyası olan hetçbeklərin imtiyazı idi.
Aşağı versiyalar hələ də 120 kilovatlıq yükləmə cihazı ilə kifayətlənirlər. Tam ötürməli Volkswagen ID.3 GTX hələ də planlaşdırma mərhələsindədir.
Aşağı versiyalardan imtina edilməsi səbəbindən ID.3 son illərdə nəzərəçarpacaq dərəcədə bahalaşıb. Əgər 2021-ci ildə hetçbeki 31 500 avroya almaq olardısa, indi Almaniyada ilkin versiya üçün 44 000 avro tələb edirlər. Şirkət restaylinq edilmiş avtomobillərin daha ucuz olacağını vəd edir, lakin ciddi endirimə ümid etmək lazım deyil: başlanğıc qiymətinin 40 min avro olacağı gözlənilir. Satışlara payızda başlanmalıdır.
autograph.az