Reklam

Yeni "Mini Countryman" krossoveri debüt edib

Avtodünya 5 Sentyabr 2023 17:20 Oxunub 976
Yeni "Mini Countryman" krossoveri debüt edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yeni Mini Cooper hetçbeki ilə eyni vaxtda üçüncü nəsil Mini Countryman krossoveri də debüt edib. Çinlilərin onunla heç bir əlaqəsi yoxdur, amma "kəndli" elektrikləşmədən qaça bilməyib. O, həm də tarixdəki Mini emblemini daşıyan ən böyük avtomobildir.

Əgər R60 kodu olan ilk Countryman modelinin uzunluğu 4097 millimetr, ikincisinin (F60) isə 4297 millimetr idisə, U25 seriyasından olan yeni krossoverin uzunluğu 4433 millimetrə çatır! Belə bir artıma, əsasən, kuzov çıxışları sayəsində nail olunub, çünki yeni krossoverin təkər bazası əvvəlki modellə müqayisədə cəmi 22 millimetr (2692 millimetr) artıb. Hündürlüyün artması da diqqət çəkir: artıq Countryman 1656 millimetr (+ 99 millimetr) hündürlüyə malikdir. Bu fonda avtomobilin 21 millimetr artmış eni (1843 millimetr) demək olar ki, nəzərə çarpmır.

Beləliklə, yeni Countryman krossoverinin ölçülərinə görə BMW X1 və Audi Q3 modellərinə çatıb. Birincisi, bu yaşlanaraq ailə quran, lakin hələ də Mini sürmək istəyən alıcıların istəyidir. İkincisi, yaxında Britaniya brendinin model xəttində, ölçülərinə görə birinci nəsil Countryman krossoveri ilə müqayisə edilə bilən Mini Aceman krossoveri peyda olacaq: o, artıq keçən il konsept şəklində nümayiş etdirilib.

Mini hetçbeki kimi, yeni krossover də Charismatic Simplicity adlı yeni dizayn fəlsəfəsi çərçivəsində inşa edilib. Yeni fəlsəfə sadə formalar və xətləri, xarici dekorun azaldılmasını və tam şəkildə xromdan imtinanı nəzərdə tutur. Onlar əvəzinə işıqlandırma effektlərinə üstünlük verilir: tənzimləmələrdə gündüz hərəkət işıqlarının və arxa fənərlərin müxtəlif naxışlarını seçmək olar. Avtomobilin kilidini açıb-bağlayarkən işıq animasiyası göstərilir.

Hamarlanmış səthlər, “batırılmış” qapı dəstəkləri və daha axıntılı “burun” Cd əmsalını 0,30-dan 0,26-a endirməyə imkan verib. Alıcıların təkrar emal edilmiş alüminium hazırlanmış 17 - 20 düymlük təkər diskləri arasında seçim şansı da var. Bununla belə, britaniyalılar kuzovun müdafiə qurşağından imtina etməyiblər.

Minimalist interyer də yeni hetçbeklə eyni üslubda tərtib edilib. Artıq ayrıca cihazlar paneli yoxdur, ön panel bahalı parça ilə örtülüb və onun üzərində yalnız 240 millimetrlik dəyirmi OLED displey qalıb ki, bu interfeys də cihazlar panelinə (displeyin yuxarı hissəsində əks olunur ), media sisteminə və bütün tənizmləmələrə cavabdehdir. Vizual bəzəklər fərdiləşdirilən işıqlandırma vasitəsi ilə həyata keçirilir. Əlavə ödəniş müqabilində proyeksiya displeyini də sifariş etmək ola.

Multimedia sistemi Mini OS 9 əməliyyat sisteminə və Spike adlı ingilis buldoqu tərəfindən canlandırılan səsli köməkçiyə malikdir. Essential, Classic, Favored və John Cooper Works adlı dörd təchizat səviyyəsi var ki, onlar dekor ilə fərqlənirlər. Mini orijinal dəridən imtina edib, buna görə də, tərtibatda  təkrar emal edilmiş materiallardan geniş istifadə olunur.

Əsas sükan iki qolludur, lakin Classic versiyadan başlayaraq, əslində parça qayışdan ibarət olan üçüncü “qol” da quraşdırılır. Mərkəzi konsoldakı blokda ən vacib olan analoq açarları yerləşdirilib. Bunlar - transmissiyanın selektoru, dayanacaq əyləcini aktivləşdirən düymə, avtomobili işə salmaq üçün nəzərdə tutulmuş fırlanan şayba, qəza işıqları düyməsi və hərəkət rejimlərini (Normal, Eco və Sport) seçməyə imkan verən tumblerdir.

Countryman sərnişinlər üçün nəzərəçarpacaq dərəcədə geniş və rahat olub. Arxa divan, əvvəlki kimi, uzununa tənzimləməyə (13 santimetr diapazonda) malikdir, onun kürək hissəsi isə, ümumi tənzimləmə diapazonu 12 dərəcə olan altı mövqeyə malikdir. Baqajın həcmi 460 litr (+10 litr) təşkil edir. Arxa cərgənin qatlanması halında isə, bu həcm 1450 litrə (+ 60 litr) qədər artır.

Countryman öndə McPherson dayaqları və aüçqollu müstəqil arxa asqısı olan UKL platformasına əsaslanır. Əlavə ödəniş müqabilində, amplitudadan asılı amortizatorları və hündürlüyü 15 millimetr azaldılmış asqısı olan idman şassisi təklif olunur. Daxili yanma mühərrikləri olan versiyalar da təklif edilir, lakin mexaniki transmissiyadan tamamilə imtina edilib: qohum BMW X1 modelində olduğu kimi, yalnız iki muftalı yeddi pilləli "robot" təklif edilir.

Mini Countryman C (artıq Cooper deyil!) baza versiyası 1,5-litrlik turbomühərrikə (170 at qüvvəsi, 280 Nm) və ön ötürməyə malikdir. “Orta” Countryman S All4 krossoveri 2,0-litrlik dördsilindrli mühərrik (218 at qüvvəsi, 350 Nm) və arxa oxu qoşan muftası olan tam ötürmə təchiz edilir.

Countryman JCW All4 top versiyasında isə eyni mühərrikin 300 at qüvvəli (400 Nm) versiyası quraşdırılıb. Belə krossover daha aqressiv kuzov dəstinə və yenidən tənzimlənmiş şassiyə malikdir. Top versiya 100 km/saat həddini 5,4 saniyəyə yığır, onun maksimal sürəti isə 250 km/saatdır. Sonra Countryman modelini dizel mühərriki ilə də təchiz etməyə başlayacaqlar.

Artıq plagin hibrid versiyasının əvəzinə tam şəkildə BMW iX1 modeli ilə unifikasiya edilmiş iki elektrik modifikasiyası təklif olunur. İlkin, ön ötürməli Mini Countryman E 204 at qüvvəsi və 250 Nm hasil edən mühərrikə malikdir. Tamötürməli Countryman SE All4 versiyası isə, ümumi hasilatı 313 at qüvvəsi və 494 Nm olan iki mühərrikli guc qurğusu ilə təchiz edilib.

Hər iki halda 66,45 kilovat-saatlıq dartma batareyası quraşdırılır, pasport üzrə yürüş məsafəsi müvafiq olaraq, 462 və 433 kilometrdir. Müvafiq olaraq, 100 km/saata sürətlənmə müddəti 8,6 və 5,6 saniyə, maksimal sürəti isə 170 və 180 km/saatdır. Sabit cərəyanlı şarj cihazının gücü 22, dəyişən cərəyanlı cihazının isə 130 kilovatdır. Tamötürməli Countryman elektrik krossoveri çəkisi 1200 kiloqrama qədər olan qoşqunu yedəyə almaq imkanına malikdir.

Countryman modelinin üçüncü nəsli Almaniyada istehsal edilən ilk Mini avtomobili olacaq. Birinci nəsil Countryman Avstriyada Magna Steyr, ikinci nəsil isə, Hollandiyada VDL Nedcar şirkəti tərəfindən buraxılırdı. Üçüncü nəsil isə, Leypsiqdəki BMW zavodunda istehsal olunacaq. Hazırda orada UKL platformasına əsaslanan BMW avtomobilləri yığılır: bunlar 1 Series hetçbekləri, 2 Series Gran Coupe və 2 Series Active Tourer kompaktvenləridir.

Yeni Countryman modelinin Avropa bazarındakı satışlarına 2024-cü ilin əvvəlində başlanmalıdır. Daxili yanma mühərrikli krossoverlərin Almaniyadakı satış qiymətləri artıq açıqlanıb: Countryman C modelinin qiyməti 40 000 avrodan, güclü JCW versiyasının isə 60 000 avrodan başlayır. Elektriomobillər üçün isə təxminən 50 min avro istəyəcəklər.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh