Yenilənmiş "Honda City" sedanı təqdim edilib
Honda City sedanı Accent və ya Rio modellərinin analoqudur: bu, inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulmuş yığcam və nisbətən ucuz avtomobildir. Hazırkı, yeddinci nəsil Honda City modeli 2019-cu ildə debüt edib, Hindistan, İndoneziya, Tayland, Malaziya, Vyetnam və Braziliyada buraxılır, bəzi bazarlarda sedandan başqa hetçbek də mövcuddur. İndi isə Hindistanda yenilənmiş model debüt edib.
Dəyişikliklərin sayı azdır: sedan başqa bamperləri alıb, arxa bamperdə isə diffuzora bənzəyən element peyda olub. Bundan başqa, baqaj qapağında spoyler quraşdırılıb. Yeni radiator barmaqlığı kiçildilmiş bağlı örtməyə malik olub. Nəhayət, təkər disklərinin dizaynı dəyişdirilib. Salonda yalnız tərtibat materialları dəyişdirilib və qadcetlərin simsiz doldurulması üçün platforma əlavə edilib.
Avtomobil turbodizeldən məhrum edilib: o,bu il aprelin 1-dən Hindistanda qüvvəyə minəcək yeni ekoloji standartlara cavab vermir. Dizel mühərrikinin daha sərt standartlara uyğunlaşdırılması çox baha başa gəlir. Dizelin mühərrik çeşidindən çıxarılması hibrid güc qurğusu ilə kompensasiya edilib. Bu aqreqat əvvəllər 25.000 dollara satılan Honda City e:HEV hibridində quraşdırılırdı. İndi hibridin sadə versiyasını 22,900 dollara əldə etmək mümkün olacaqdır.
Hibrid 1,5-litrlik benzin mühərriki ilə təchiz olunub, o, qənaətcil Atkinson dövrü ilə işləyir və təkərlərə yalnız yüksək sürətlərdə qoşulur. Əsasən, sedanı dartma elektrik mühərriki hərəkətə gətirir. Hibrid qurğunun hasilatı 126 at qüvvəsi və 253 Nm təşkil edir. Honda City sedanının baza versiyası əvvəlki kimi 6-pilləli mexaniki transmissiya və ya variator ilə tandemdə çalışan 1,5-litrlik (121 at qüvvəsi, 145 Nm) atmosfer mühərriki ilə təchiz edilir.
Yeddinci nəsildən olan yenilənmiş sedan altıncı nəsil City modelini əvəz edəcəkdir - bu model hələ də Hindistanda istehsal olunur, lakin sadəcə mexaniki transmissiya ilə təchiz edilən sadə versiyada. Belə sedanın istehsalı bu yazda dayandırılacaq, odur ki, onu əvəzləmək üçün yenilənmiş Honda City modelinin sadələşdirilmiş versiyası yaradılıb – belə versiya da yalnız mexaniki transmissiya ilə təchiz edilir. Amma əgər əvvəlki sedanın qiyməti indi 11 500 dollardırsa, yenisi üçün, hətta sadələşdirilmiş versiyada belə, 13900 dollar tələb edəcəklər. Yenilənmiş sedanın satışlarına mart ayının sonuna qədər başlanmalıdır.
autograph.az