Reklam

Bakı sakinlərini "yolsuz qoyan" yol təmirləri - VİDEOREPORTAJ

Avtoreyd 30 Aprel 2015 15:44 Oxunub 1800
Bakı sakinlərini "yolsuz qoyan" yol təmirləri - VİDEOREPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç bir alternativ yol olmadığı üçün sakinlər təmir aparılan sahədən keçib getməli olur

“20 yanvar” metrostansiyası yaxınlığındakı küçələrdə aparılan təmir-bərpa işləri həmin ərazidə yaşayan sakinləri yolsuz qoyub. Müzəffər Həsənov küçəsində aparılan təmir işləri həm nəqliyyatın, həm də piyadaların hərəkətini məhdudlaşdırıb. Heç bir alternativ yol olmadığı üçün sakinlər təmir aparılan sahədən keçib getməli olur ki, bu da təhlükəsizlik qaydalarının pozulmasına və qəza şəraitinin yaranmasına səbəb olur. 

Ərazidə müşahidə apardığımız zaman “20 yanvar” metrosu istiqamətindən “Şamaxinka” istiqamətində gedən marşrutların hərəkət xəttinin dəyişdirilməsinin də şahidi olduq. Bu isə sərnişinləri çaş-baş salıb. Heç bir xəbərdarlıq lövhəsi olmadığından sərnişinlər saatlarla köhnə dayanacaqda gözləyirlər.  Dayanacaqda gözləyən sərnişinlər bu dəyişiklikdən xəbərsiz olduqlarını deyirlər. 

Biz ərazidə olduğumuz zaman təmir işləri aparan fəhlələrin yolu beton bardurlarla bağladığının şahidi olduq. Əvvəlcədən heç bir yol nişanı qoyulmadığı üçün həmin yoldan keçməli olan avtomobillər “bardyor”lara dirənib qalmalı oldular. Onların geriyə hərəkət cəhdi isə yolda tıxac yaranması ilə nəticələndi. Çıxılmaz vəziyyətdə qalan və bu durumdan narazı olan sürücülər yol bağlanarkən bir neçə metr irəlidə xəbərdarlıq nişanlarının qoyulmalı olduğunu bildirirlər. 

Yolda təmir işlərini həyata keçirən iş icraçılarından sürücülərə niyə xəbərdarlıq edilmədiyini və alternativ yol göstərilmədiyini soruşduqda isə bildirdilər ki, onlar yalnız təmir işlərinə məsuldurlar və yuxarıdan verilən tapşırığı icra edirlər. 

Sürücülər isə deyir ki, “20 yanvar” metrostansiyasından “Şamaxinka” istiqamətində hərəkətin dayandırılması barəsində yolda bir dənə də olsun, nişan yoxdur: “Biz hər gün bu yolla evimizə gedirik. Əgər yol bağlanacaqsa, məcburuq ki, yolumuzu bir neçə kilometr uzaqlaşdıraq. Ya da düşüb piyada 1 kilometr yol gedək. Eyni vaxtda yolun hər iki tərəfini bağlamaq düzgün deyil. Yolun bir tərəfini maşınların hərəkəti ayırsalar, bizim üçün də rahat olar”. 

Bu durum təkcə fərdi avtomobil sürücülərini deyil, marşrut avtobuslarının sürücülərini də çətin vəziyyət salıb. Yol daraldığından və tıxac olduğundan sərnişin avtobusları qrafik üzrə gecikməli olurlar. 

Piyadalar da yol təmirindən “öz nəsibini alıb”. Valideynlər deyir ki, məktəbli uşaqların yeganə gediş- gəlişi yolu bağlanıb: “Təmir işləri getdiyindən yol təhlükəli vəziyyətdədir və məcburuq uşaqları özümüz aparıb-gətirək. Təmir işləri piyada səkilərini bağladığından uşaqlar avtomobillər üçün ayrılan yol ilə getməli olurlar. Bu isə hər an təhlükə deməkdir”.

 

musavat.com

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh