DYP-dən toy karvanlarındakı qəzalarla bağlı VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında necə hərəkət etməyi öyrədən animasiya hazırlayıb. Animasiyada toy karvanlarında hərəkət qaydaları izah olunur. Burada həm də Azərbaycandakı toy karvanlarında xarakterik qayda pozuntuları da əksini tapır və bunun təhlükəli tərəfləri izah olunur. Məsələn, svetoforun qırmızı işığında hərəkət, yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaratmaq kimi təhlükəli əməllər toy karvanlarında tez-tez rast gəlinən hallardır. Son vaxtlar toy karvanlarında baş vermiş qəzalarda bu amillərin də rolu az deyil. Odur ki, DYP bu filmdə həmin qayda pozuntularının hansı nəticələrə gətirib çıxara biləcəyini izah edir və sürücüləri bundan çəkinməyə çağırır. Bu filmdə DYP sürücülərin və toy sahiblərinin nəzərinə çatdırır ki, yollardakı sıxlığı və toy mərasimi yerinə qədər olan məsafəni nəzərə alaraq toy karvanında maşınların sayını 6-dan çox etməsinlər. Eyni zamanda, toy karvanında olan avtomobillər mütəşəkkil şəkildə hərəkət edərkən yan-yana, dağınıq formada yox, yolun sağ hərəkət zolağı ilə bir cərgədə hərəkət etməlidir.
Gəlin, Avtosfer.az-ın təqdimatında DYP-nin qısametrajlı animasiya filmini izləyək və qaydalara mütləq əməl edək. Yaxın adamlarımızın toyunu yasa döndərməmək üçün elementar qaydalara əməl etmək vacibdir.
Bu arada, DYP toy karvanları ilə bağlı müraciət də ünvanlayıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev toy karvanlarında bədbəxt hadisələrin artıq nadir hal olmadığını deyərək əhaliyə müraciət edib: «Əgər gənclər spirtli içki qəbul edir və toy karvanında qəzaya meyilli manevrlər edirlərsə, onda bəs ağsaqqallar hara baxırlar? Niyə onlar öz tövsiyələrini vermirlər? Biz bu qədər maarifləndirmə işi aparırıq. Niyə onlara məhəl qoyulmur? Axı adətimizə görə toy gənclərin sevinc, şad günüdür, matəm və qırğın günü yox”. Şöbə rəisi bir daha avtomobil sürücülərinə toy karvanında hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.
Elməddin