Banner

Avtosalonlarda DYP-nin və kaskosığortanın adından böyük soyğunçuluq gedir ... - ARAŞDIRMA

Avtoxəbər 23 Fevral 2026 21:45
Avtosalonlarda DYP-nin və kaskosığortanın adından böyük soyğunçuluq gedir ... - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda yeni avtomobillərin “faizsiz kreditlə” satışı ilə bağlı aparılan reklam kampaniyaları son illər geniş yayılıb. Avtosalonlar cəlbedici şüarlarla - “0%”, “faizsiz”, “ilkin ödəniş 50%”, “18 ay bölünmə” kimi ifadələrlə müştəriləri salona dəvət edir. Kağız üzərində təklif kifayət qədər sərfəli görünür. Məsələn, satış qiyməti 36 900 manat olan avtomobil üçün 50% ilkin ödəniş - 18 450 manat, qalan məbləğin isə 18 ay ərzində faizsiz bölünməsi. Lakin praktikada müştəri xəzinədarlığa yaxınlaşdıqda mənzərə tamamilə dəyişir.

Əgər 36 900 manatlıq avtomobilin yarısı – 18 450 manat ilkin ödəniş kimi nəzərdə tutulubsa, bu məbləğdən artıq vəsait tələb olunmamalıdır. Ancaq bizim nəzərdən keçirdiyimiz əqd halında ilkin ödəniş adı ilə 20 872 manat tələb edilir. Bu isə əsas məbləğdən 2 422 manat artıq ödəniş deməkdir. Bununla yanaşı, qalan 18 ay üçün aylıq ödəniş 1 025 manat olmalı olduğu halda 1 230 manat müəyyən edilir. Nəticədə müştəri 18 ay ərzində 18 450 manat deyil, 22 140 manat ödəyir. Yəni yalnız aylıq ödəniş fərqinə görə 3 690 manat artıq vəsait çıxır. İlkin mərhələdə artıq alınan 2 422 manat da əlavə ediləndə ümumi fərq 6 112 manata çatır. Beləliklə, 36 900 manatlıq avtomobil “faizsiz” təqdim edilsə də, faktiki ödəniş 43 012 manata yüksəlir.

Avtosfer.az-ın “BakıXəbər”ə istinadən məlumatına görə, burada əsas sual yaranır: əgər satış “faizsiz” adlandırılırsa, artıq məbləğ nəyin hesabınadır? Satıcı tərəf bu fərqi müxtəlif adlar altında rəsmiləşdirə bilər – komissiya haqqı, xidmət haqqı, sənədləşmə xərci, sığorta, GPS qurğusu, nömrə qiyməti, sığorta haqqı və sair. Lakin mahiyyət dəyişmir: nəticədə müştəri əlavə ödəniş edir və bu, faktiki olaraq gizli faiz funksiyasını yerinə yetirir. Avtomobili hər hansı bir vətəndas alırsa, onun masınına nömrəni, GPS, sığortanı niyə avtosalon təşkil etməlidi? Burada maraq ondan ibarətdir ki, avtosalon bu aksesuarları 2-3 qat artıq qiymətə təqdim etməklə faiz məbləğini həmin aksesuarların qiymətində gizlədir.

İqtisadi baxımdan kreditin maya dəyəri müxtəlif başlıqlar altında bölüşdürülərək ümumi qiymətə əlavə olunur. Reklamda isə yalnız “0%” ifadəsi ön plana çıxarılır.

Əlavə xərclər sırasında DYP-dən GPS alınması adı ilə 177 manat göstərilməsi də sual doğurur. Halbuki bazarda analoji GPS qurğularının qiyməti 50-60 manat intervalında dəyişir. Eyni zamanda ilkin ödəniş üzərində 150 manat “komissiya haqqı”nın tutulması diqqət çəkir. Avtosalon bank deyil və kredit təşkilatı statusu daşımadığı halda komissiya tətbiq etməsi hüquqi və iqtisadi baxımdan mübahisəlidir. Əgər satış daxili maliyyələşdirmə mexanizmi ilə həyata keçirilirsə, bu zaman bütün xərclər açıq və şəffaf şəkildə müqavilədə göstərilməli, “faizsiz” ifadəsi isə reallığı əks etdirməlidir.

Məsələnin hüquqi tərəfi xüsusilə önəmlidir. Reklam haqqında qanunvericiliyə görə, istehlakçını çaşdıran, məhsulun real qiyməti və satış şərtləri barədə natamam və ya təhrif olunmuş məlumat verən reklam yolverilməzdir. “Faizsiz kredit” anlayışı istifadə edilirsə, bu, həqiqətən əlavə maliyyə yükü olmadan bölünmüş ödəniş demək olmalıdır. Əks halda bu, yalançı və ya aldadıcı reklam əlamətləri daşıyır. Digər tərəfdən, istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilik məhsul və xidmətlərin qiyməti barədə şəffaf və aydın məlumat verilməsini tələb edir. Satış qiymətindən artıq vəsaitin müxtəlif adlar altında gizlədilməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilədirilir.

Bu sahədə dövlət nəzarətini həyata keçirən qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Agentliyin əsas funksiyalarından biri bazarda ədalətli rəqabət mühitinin qorunması və istehlakçı hüquqlarının müdafiəsidir. Əgər bazarın əhəmiyyətli hissəsində eyni tipli “faizsiz, lakin faktiki faizli” satış mexanizmi tətbiq edilirsə, bu artıq sistemli problem kimi qiymətləndirilə bilər. Belə hallarda nəzarət orqanının araşdırma aparması, müqavilə şərtlərini və reklam materiallarını təhlil etməsi, pozuntu aşkar edilərsə inzibati tədbirlər görməsi zəruridir.

Digər tərəfdən, məsuliyyət yalnız dövlət orqanlarının üzərinə düşmür. İstehlakçılar da müqavilə imzalamazdan əvvəl bütün ödəniş cədvəlini tələb etməli, ümumi ödəniş məbləğini hesablamalı və reklam şüarı ilə faktiki rəqəmlər arasında fərqi müqayisə etməlidirlər. “Aylıq nə qədər ödəyəcəyəm” sualından əlavə, “ümumilikdə nə qədər ödəyəcəyəm?” sualı əsas olmalıdır. Çünki kreditin və ya daxili maliyyələşmənin real dəyəri məhz yekun ödəniş məbləğində özünü göstərir.

Nəticə etibarilə, “faizsiz kredit” adı altında həyata keçirilən satışlarda şəffaflıq təmin olunmadıqda, bu, həm hüquqi, həm də etik baxımdan ciddi problemlər yaradır. Avtosalonlar qısamüddətli satış artımı naminə uzunmüddətli etibar itkisi ilə üzləşə bilər. Bazarın sağlam inkişafı üçün isə açıq qiymət siyasəti, dürüst reklam və effektiv dövlət nəzarəti əsas şərtlərdir. Əks halda, “0%” şüarı yalnız reklam vitrini olaraq qalacaq, faktiki isə əlavə maliyyə yükü istehlakçının üzərinə düşəcək.

Bu yazıda biz ümumi mənzərəni cızmağa çalışdıq, amma növbəti məqalələrimizdə komkret avtosalonların qiymət cədvəllərini yayımlayacağıq.

Oxunub : 270
ŞƏRH YAZ
Ad

E-mail

Şərh