Azərbaycanda avtomobil almaq getdikcə daha əlçatan olur
Bu ilin iyun ayında Azərbaycanın avtomobil bazarında müəyyən avtomobil modellərində 5-10 % enmə qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb.
“Bu avtomobillər də taksi fəaliyyətindən kənarlaşdırılan maşınlardır”, - ekspert bildirib.
Onun sözlərinə görə, ötən ayda həm yeni, həm də köhnə avtomobillərin qiymətində kəskin dəyişiklik olmayıb.
E.Cəfərov ötən ay yeni avtomobillərdən ən çox mini krossoverlərə üstünlük verildiyini qeyd edib: "Hibrid avtomobillərə daha çox maraq var. Təzə avtomobil almaq istəyən vətəndaşlar ilk növbədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə maraqlanırlar. Elektromobillərə bazarda böyük maraq var, lakin ölkədə enerji doldurma məntəqələrinin sayının az olması bu növ avtomobillərə üstünlük verilməsindən çəkindirir. Eyni zamanda, Azərbaycana idxal olunan bir sıra elektromobillər var ki, onların ölkədə rəsmi diler və ya distribütoru mövcud deyil. Bu o deməkdir ki, həmin avtomobillərin təmiri ilə bağlı çətinlik yarana bilər. Ənənəvi olaraq, yanacaqla işləyən avtomobillərə tələbat daha çoxdur".
Ekspert hesab edir ki, ikinci əl avtomobil bazarı hələ fəallaşmayıb: "Orada da tələbat əsasən benzin mühərrikli sedanlaradır. Bunlar mühərrik həcmi 1 500 kubsantimetrdən 2 000 kubsantimetrə qədər olan avtomobillərdir".
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bildirib ki, elan saytlarındakı qeyd olunan qiymətlərlə maşın bazarındakı təkliflər arasında 2-3 min manat fərq olur.
“Elanlarda çox vaxt süni qiymətlər yazılır, amma canlı ünsiyyət zamanı təqribən 3 min manat aşağı qiymətlərə avtomobil almaq mümkündür”, - E.Əliyev qeyd edib.
Avtomobil bazarı üzrə ekspert əvvəllər taksi fəaliyyətinə cəlb olunan avtomobillərin qiymətlərinin son dövrdə ciddi şəkildə enməsindən də bəhs edib: “Hatchback, "Toyota Prius”, “Kia”, “Opel”, “Mercedes” və s. markalı 2007-2008-ci illərdə istehsal olunan avtomobillər 50 % ucuzlaşıb. Əvvəl bazarda yaxşı vəziyyətdə olan “Toyota Prius”ların qiyməti 11 min manatdan başlayırdısa, hazırda bu avtomobillər 8 min manata təklif olunur. Bundan əlavə, əvvəllər 15 min manata olan avtomobillərin qiyməti də ciddi şəkildə azalıb. “Kia” markalı avtomobillərin qiymətində də əhəmiyyətli dəyişikliklər müşahidə edilir. Əvvəllər bu avtomobillər 3-5 min manat baha təklif olunurdu, amma hazırda köhnə avtomobillərin qiyməti 10 min manatdan yüksək deyil”.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycana 648 milyon 457,95 min ABŞ dolları dəyərində 35 570 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 % çox və 11,7 % azdır.
İlin ilk 5 ayında sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 60,7 % artaraq 98 ədəd (5 milyon 967,65 min ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15,5 % azalaraq 31 954 ədəd (567 milyon 602,1 min ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 6 923-ü (213 milyon 371,9 min ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 250-si (53 milyon 500,1 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 17,7 %, ikincinin isə 53,9 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 26,7 % artaraq 3 335 ədəd (56 milyon 773,1 min ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 4 % artaraq 183 ədəd (15 milyon 115,1 min ABŞ dolları dəyərində) olub.
(report)