Azərbaycanlı aktrisa: “Maşın ustasının yanında işləmişəm” - FOTO

Avtoxəbər 27 Noyabr 2022 10:20 Oxunub 1344
Azərbaycanlı aktrisa: “Maşın ustasının yanında işləmişəm”    - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Aktrisa Təhminə Məmmədova: “Səmayə xala uşağa baxdı, mən də səhnəyə çıxıb rolumu oynadım. Sonra da elə oldu ki, qızım elə burada böyüdü. Dərsdən çıxırdı, teatra gəlirdi. Sonralar aktrisa olmaq istədi, qoymadım”.

Yeni teatr mövsümü başlayıb. Bayırda sərin, teatr zallarında isə isti tamaşa havaları əsir. Gənc Tamaşaçılar Teatrı da yeni mövsümdən tamaşaçılarını qarşılayıb, bir-birindən maraqlı əsərləri səhnəyə qoyur. Budəfəki həmsöhbətimiz bu teatrın sevilən aktrisası Təhminə Məmmədovadır. 

Aktrisa Kaspi qəzetinə maraqlı açıqlamalar verib:

Uşaqlıqdan teatra böyük həvəsi olub 

Təhminə xanım deyir ki, uşaqlıqdan teatra böyük həvəsi olub: “Mən nağılları çox sevirəm. Yəqin ki, uşaqlığı çətin, əziyyətli keçənlər nağıllara tapınır. Məndə də elə olub. Çox kiçik yaşlarımdan işləmişəm. Xalça bərpaçılığı ilə məşğul olmuşam, maşın ustasının yanında işləmişəm və s. İncəsənət isə lap balaca vaxtımdan içimdə olub. Bakı mühitində bir qədər yaxşı baxmasalar da, anam mənə sədd qoymadı. Özü fizika müəllimi idi. Bircə dedi ki, nə edirsən et, bircə həmişə yadında saxla ki, həyatda hər addımında mənim adımsan. İnsan özü özünü formalaşdırır. Özü seçir – ya fərd olur, ya şəxsiyyət.  Hər şey insanın özündən asılıdır”.

“Heç kim heç nəyə görə peşman olmamalıdır” 

Aktrisa peşmanlıqdan da danışdı: “Bəzən deyirlər ki, indiki ağlım olsa, filan şeyi belə edərdim. Mənsə nəyisə fikirləşəndə, deyirəm yox, elə indi də olsa belə edərdim. Çünki dəyişməmişəm. Mənə elə gəlir ki, heç kim heç nəyə görə peşman olmamalıdır. Çünki hər bir hərəkətimiz (bəziləri onları səhv adlandırır) səhvimiz deyil, xatirələr baqajımızdır. İnsan o dünyaya xatirələr toplusunu aparır. Onsuz da sonda hamı öləcək”. 

Teatr mərhəməti öyrədir

“İnsanın mənəviyyatının formalaşmasında teatr, ədəbiyyat, muzey çox böyük rol oynayır” deyir aktrisa: “Yəni bir insanın özünü cəmiyyətdə təsdiq etməyində bunların rolu böyükdür. Teatr isə özü-özlüyündə böyük bir mədəniyyətdir. Etika, estetika, nəzakət və ən əsası isə mərhəmətli olmağı öyrədir. Bilirsiniz, valideynlər gərək uşaqları teatra gətirsinlər. Bu gün Gənc Tamaşaçılar Teatrının balaca tamaşaçısı olan sabah Musiqili Teatrın, Opera və Balet Teatrının, Akademik Dram Teatrının potensial tamaşaçısı olacaq. Zalda gördüyüm uşaqlar indi böyüyüb, özləri valideyndir, uşaqlarını teatra gətirirlər. Bir nəsil dəyişib. Mənim nənələrim, babalarım da teatra gedir, sonra da gəlib baxdıqları tamaşanı müzakirə edirdilər”. 

“Dünyada heç nəyi və heç kimi itirməkdən qorxmuram”

Ömrünün 30 ili teatrda keçən aktrisamız deyir ki, heç övladını dünyaya gətirəndə də evdə qala bilməyib. Bunun səbəbi də tragikomikdir: “Uşaq doğulanda doğum evindən çıxanda zəng gəldi ki, Təhminə, sənin analıq məzuniyyətində olmağın yaddan çıxıb, “Ana laylası” tamaşasının elanını vermişik, 3 seans tamaşa oynamalısan. Neynəyim? Uşağı qoydum zənbilə, gətirdim qoydum burda əlbisəçi Səmayə xalanın yanına. O, bizim hamımızın anasıdır. Səmayə xala uşağa baxdı, mən də səhnəyə çıxıb rolumu oynadım. Sonra da elə oldu ki, qızım elə burda böyüdü. Dərsdən çıxırdı, teatra gəlirdi. Sonralar aktrisa olmaq istədi, qoymadım. Özüm də idmanla məşğul olmuşam, onu da idmana yönəltdim. Qızım atıcıdır. Onunla fəxr edirəm. Dünyada heç nəyi və heç kimi itirməkdən qorxmuram. Bircə ondan başqa”. 

“Hərdən nostalji hislərə qapılıram”

“Bu gün Azərbaycan teatrında nə çatmır?” sualına Təhminə xanım “çatışmayan heç nə yoxdur!” cavabını verdi: “Bu gün teatrda hər şey çatır. Teatr hər şeylə təchiz olunur. İşıq sistemi belə, son təmirdə yenilənib. Hər şey çox yüksək səviyyədədir. Amma mən hərdən nostalji hislərə qapılıram. Teatrın o zamanlar vurulduğum sehrini görmək istəyirəm. Bəzən darıxıram o günlər üçün. Bir də ki, zaman keçdi. Elə tamaşalar, elə obrazlar oldu ki, oynamadım, ürəyimdə qaldı. Ya rejissor mənimlə işləmək istəmədi, ya da elə oldu ki, mən rejissorla işləmək istəmədim”. 

“Gəlin-qayınana, qonşu davalarına çəkilmək istəmirəm” 

Bir vaxtlar seriallara da çəkilən aktrisa son zamanlar bu sektorda görünməməyinə də aydınlıq gətirdi: “Seriala ya obrazım xoşuma gəlib, ya pulu maraqlı olub, ya da ki, rejissorla işləmək istəmişəm deyə çəkilmişəm. Son vaxtlar isə seriallar daha çox məişət üslubundadır. Mən də gəlin-qayınana, qonşu davalarına çəkilmək istəmirəm. Azərbaycanda kino sənəti kino hegemonları gedəndən sonra çox zəiflədi. Kim kimin tanışıdır, pul verir, çəkdirir. İstedadlı insanlar qalıb bir tərəfdə. Onlara şərait yaratmırlar. Bir də ki, camaat get-gedə aşağı səviyyəli filmlərə baxır. Kinoteatrları da o cür filmlərə baxanlar doldurur. O cür adamlar da teatra getmir!”

“Aktyor bütün bunlara hazır olmalıdır”

Səhnədə bəzən ssenaridən uzaq nələrsə baş verir. Ya söz yaddan çıxır, ya geyim cırılır, ya lokon düşür, bığ qopur və s. Təhminə xanımın da başına Ağaxan Salmanlının “Məhəbbət bir bəladır” tamaşasını oynayanda qeyri-adi hadisə gəlib: “Mən Cəmiləni, Mehriban Abdullayeva isə qonşu Səbinəni oynayırdı. Orda bir səhnə var, sözüm beləydi: “Səbinə demək istəyirdi ki, çoxdur e sizi sevən insanlar”. Çaşdım dedim ki, Mehriban. Yəni aktrisanın adını dedim. Dayandım, hamı tutuldu, tez ağlıma gəldi ki, Mehribanı mehribancasına edim və dərhal da davam etdim: “Mehribancasına deyir ki, çoxdur e sizi sevənlər!” Yəni səhnədə hər şey olur. Aktyor bütün bunlara hazır olmalıdır”.

Teatr, fizika, astronomiya və ədəbiyyat

Çox mütaliə edən, bədii, xüsusən də antik ədəbiyyatla – Misir, yunan, Skandinaviya mifologiyaları ilə dərindən maraqlanan aktısa deyir ki, tarixi də çox araşdırır. Elmi kitablar oxuyur. Fizika və astronomiyanı isə xüsusilə çox sevir: “Evdə böyük bir kitabxanam var. Elə kitablar var ki, 2 ədəd almışdım. Qızım məktəbdə oxuyanda ayırdım, 200 kitabı elə məktəbin kitabxanasına bağışladım. Mütaliəsiz qala bilmirəm. Mən əvvəllər elə bilirdim ki, teatrsız da yaşaya bilmərəm. İndi bilmirəm. Əvvəllər elə bilirdim ki, teatr da mənsiz qala bilməz. Amma zamanla başa düşdüm ki, teatr mənsiz qala bilər. Elə bilirdim mən onu sevdiyim qədər, o da məni sevir. Sonra gördüm ki, yox”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh