Banner

Arvadını xəncərlə öldürən ər: "Dedim ki, Səlimlə münasibətini etiraf et, səni bağışlayım"

Xəbərlər 16 Noyabr 2026 17:16
Arvadını xəncərlə öldürən ər: "Dedim ki, Səlimlə münasibətini etiraf et, səni bağışlayım"
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda 58 yaşlı kişi arvadını öldürməkdə ittiham olunub.

Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Loğman 2024-cü ilin avqust ayının əvvəllərində rəsmi nikahda olduğu Aytənin (adlar şərtidir - red.) mobil telefonla bir kişi ilə danışdığını eşidib. Aytənin ona xəyanət etdiyindən şübhələnən Loğman qadını öldürmək qərarına gəlib.

Bu məqsədlə o, 15 avqust 2024-cü il tarixdə saat 13 radələrində Aytənlə birlikdə yaşadığı Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evə gəlib. O, əvvəlcədən özünə məxsus olan suvenir xəncəri götürərək, hasarın dibində gizlədib və arvadının işdən gəlməsini gözləyib.

Aytən işdən gələndə Loğman xəncəri götürərək qadına çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Loğmana Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Loğman elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində bildirib ki, əvvəllər arvadından ayrı yaşayıb. Sonradan barışaraq birlikdə yaşamağa başlayıblar:

"Daha sonra arvadımın iş yoldaşı olan Kəmalə adlı şəxsdən 10 000 manat borc pul aldığını eşitdim. Həmin vaxt avtomobilim nasaz olduğu üçün usta puluna görə ondan 500 manat istədim. Aytən də pulu verəcəyini bildirdi.

Evə gedərkən arvadımın Səlim adlı şəxslə üzbəüz danışdığını gördüm. Onların yanına gedəndə arvadımın bıçaqlandığını gördüm. Aytəndən hadisənin səbəbini soruşdum. O, Səlim adlı şəxsin onun pulunu vermədiyini və bıçaqla vurduğunu bildirdi. Səlimin arxasınca getsəm də, onu tuta bilmədim. Hadisə zamanı istifadə olunan bıçağı da xatırlamadığım bir yerə atmışam. Təcili tibbi yardımın gəldiyini gördüm və oradan uzaqlaşdım. Mən arvadımı bıçaqla vurmamışam".

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə təxminən 2003-cü ildə Aytənlə rəsmi nikaha girdiyini bildirib:

"Həmin evlilikdən iki övladımız dünyaya gəlib. Övladlarımdan biri 21 yanvar 2005-ci ildə, digəri isə 2014-cü ildə doğulub. Böyük oğlum Məmməd 2017-ci ildə bədbəxt hadisə nəticəsində vəfat edib.

Ailə həyatı qurduqdan sonra bir müddət qeydiyyatda olduğum ünvanda yaşadıq. Təxminən 2010-cu ildə isə hazırda yaşadığımız Maştağa qəsəbəsinə köçdük.

Təqribən iki ay əvvəl, yəni 2024-cü ilin iyun ayından etibarən arvadımın mənə xəyanət etməsindən şübhələnməyə başladım. Hazırda dəqiq tarixini xatırlamadığım bir gecə Aytənin yaşadığımız ünvanda kiminləsə mobil telefonla danışdığını eşitdim. Bu barədə ondan soruşdum. O, heç kimlə danışmadığını deyərək söhbətdən yayınmağa çalışdı və mobil telefonuna baxmağıma icazə vermədi.

Təxminən 15-20 gün sonra Aytənin istifadə etdiyi mobil telefon nömrəsinə zəng etdim. Telefona həyəcanlı şəkildə cavab verdi. Həmin vaxt onun yanında yad kişi səsi eşitdim. Harada olduğunu soruşduqda işıq pulunu ödəmək üçün getdiyini bildirdi. Yanındakı şəxsin səsi eşidilən kimi Aytən telefonu söndürdü.

Bu hadisədən sonra Aytəni güdməyə başladım. Həmin ilin iyulun 13-də qəsəbədə Aytənlə əvvəllər tanıdığım qəsəbə sakini Səlim adlı şəxsi birlikdə piyada gedərkən gördüm. Aytənə yaxınlaşaraq nə baş verdiyini soruşmaq istədim. Bu zaman Aytənin əli ilə Səlimə uzaqlaşmasını işarə etdiyini gördüm. Səlim uzaqlaşdı, mən də Aytənə yaxınlaşmadım.

Lakin Səlimə yaxınlaşaraq həyat yoldaşımın yanında nə üçün getdiyini soruşdum. O, həmin küçədən təsadüfən keçdiyini dedi. Mən onu səsindən tanıdım. Onun səsinin Aytənin işıq pulunu ödəməyə getdiyini dediyi vaxt yanında eşitdiyim səs olduğunu müəyyən etdim".

Loğmanın ifadəsinə görə, daha sonra evə gələrək Aytənlə bu barədə danışmaq qərarına gəlib:

"Mən evə gələrək Səlimlə münasibəti barədə danışdım və ondan aralarındakı münasibəti etiraf etməsini istədim. Etiraf edəcəyi halda onu bağışlayacağımı dedim. O isə Səlimlə arasında hər hansı münasibət olmadığını bildirdi.

Daha sonra "Qurani-Kərim" gətirərək Səlimlə aralarında hər hansı münasibətin olmaması barədə and içməsi üçün əlini kitaba basmasını istədim. Aytən isə and içməkdən imtina etdi. Buna görə də şübhələrim daha da artdı.

Həmin gündən sonra Aytən artıq mənimlə normal ər-arvad münasibətində olmadı. Hətta telefon zənglərimə belə cavab vermədi. Mən də onunla yaşamaqdan imtina edərək Aytənin adına rəsmiləşdirdiyim Maştağa qəsəbəsindəki bağ evində yaşamağa başladım".

Loğman daha sonra Səlimlə bir daha danışmaq istədiyini bildirib. O, Səlimə məxsus, hazırda nömrəsini xatırlamadığı mobil telefona zəng edərək Aytənlə əlaqəsinin olub-olmadığını soruşub:

"O isə Aytənlə hər hansı əlaqəsinin olmadığını, aralarında münasibət olmadığını bildirdi. Səlimlə evlərinin yaxınlığında görüş təyin etdik. Birlikdə Aytən və övladımın yaşadığı evə gəldik.

Həmin vaxt Aytəni səsləyərək həyətə çıxmasını istədim. Bir neçə saniyə sonra Aytən, oğlum Murad və qonşumuz Aləmdə adlı qadın həyətə çıxdılar.

Mən bir daha Aytən və Səlimdən aralarında münasibət olmamasına dair əllərini "Qurani-Kərim" kitabının üzərinə qoyaraq and içmələrini tələb etdim. Həmin vaxt Səlim əlini "Qurani-Kərim"in üzərinə qoyaraq and içdi və Aytənlə arasında hər hansı münasibət olmadığını bildirdi.

Aytən isə kitaba əli ilə zərbə vurdu. Lakin heç nə demədi. Mən də Aytənə qarşı olan şübhələrimdə haqlı olduğumu düşündüm və həmin evi tərk etdim. Aytənin bu hərəkətləri məni qıcıqlandırmağa başladı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 15-də adına çıxarıldığını düşündüyü "ləkəni təmizləmək" üçün Aytəni öldürmək qərarına gəlib:

"Buna görə də təxminən 2-3 il əvvəl hazırda xatırlamadığım iaşə obyektlərindən birindən əldə etdiyim xəncəri bağda saxladığım yerdən çıxararaq hazır vəziyyətə gətirdim. Avqustun 17-də saat 13 radələrində Aytənlə birlikdə yaşadığım ünvana gəldim. Təxminən saat 13:30-da Aytənin işdən evə gəldiyini gördüm. Ona yaxınlaşaraq etdiyi hərəkətlərin düzgün olmadığını bildirdim.

Onu öldürmək fikrimi qətiləşdirdikdən sonra küçədə, hasarın dibində gizlətdiyim xəncəri götürərək ona ardıcıl zərbələr vurmağa başladım. Bu zaman Aytən müqavimət göstərərək yalvarmağa başlasa da, onun yalvarışlarına məhəl qoymadan zərbələr vurmağa davam etdim. Təxminən 9-10 dəfə xəncərlə Aytənin qarın nahiyəsinə və bədəninin müxtəlif hissələrinə zərbələr vurdum.

Zərbələrdən sonra Aytən haldan düşərək hasarın dibinə yıxıldı. Onun yerə yıxılaraq öldüyünə əmin olduqdan sonra bıçağı qonşuluqda yaşayan şəxsin həyətinə atdım və hadisə yerindən uzaqlaşdım".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh