Reklam

“Əjdaha sudan çıxdı” – "Toyota Prado"-nun tam yeni versiyası ilə tanış olun - VİDEO

Avtoxəbər 28 İyun 2024 08:47 Oxunub 4716
“Əjdaha sudan çıxdı” – "Toyota Prado"-nun tam yeni versiyası ilə tanış olun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın bir qrup jurnalisti, ekspert və blogerlərinin Gürcüstanın gözəl guşələri olan Lentexi, Raça-Leçxumi və Aşağı Svaneti diyarına səfərinin səbəbkarı “Toyota Prado” idi. O, indi Land Cruiser 250 adı ilə daha aqressivdir və biz onunla əyani tanış olmaq üşün 2 gün vaxt sərf etdik.


Tamamilə yenilənmiş "Land Cruiser 250" modeli ilə ilk tanışlığım otelin pəncərəsindən başladı. Yuxarıdan çox zəhmli bir marka görünürdü. Və tezliklə onundan yaxından tanış olmağı arzulayırdım. Sonunda bu görüş baş tutdu. Əzəmətli duruşu ilə daxilini və xaricini tamamlayan bu modeldə xeyli dəyişikliklər var. Toyota sadəcə keçmişə hörmət əlaməti olaraq dizayna dəyişiklik etməyib. Avtomobillə düzgün davrana bilənlər üçün mükəmməl bir model ortaya çıxarıb. Texniki məsələlərə və digər məqamlara çox köklənmədən deyim ki, geniş videoda hər şeyi demişəm. Texniki məsələlərlə maraqlananlar üçün isə deyim ki, Toyotanın Bakı, Abşeron və Gəncə mərkəzləri sizin suallarınızı hər zaman cavablandırmağa hazırdır. Avtomobil isə bir neçə gündən sonra Azərbaycanda olacaq. Qiymətlət 63 min dollardan 100 min dollara qədər dəyişir.

Yeni "Land Cruiser 250" aqressiv görünüşü ilə ənənəvi, yeni dizayn elementləri ilə isə müasir ofrouder ruhunu özündə cəmləyir. Çətin şəraitlərdə inanılmaz dözümlülük göstərən, zədələnmələr zamanı rahatlıqla dəyişə bilən detallar avtomobilin etibarlı görünüşünün təməlində dayanır. Keyfiyyəti ifadə edən sadə, amma müasir dizayn isə avtomobilin professionallığının göstəricisidir. Funksional hissələr zədələnmələrdən qorunmaq üçün ön faralarla birlikdə yüksəkdə yerləşdirilib. Sadə dizayna görə bəziləri Toyota-nı qınasa da, məncə, bər-bəzəkdən daha çox təhlükəsizliyə önəm vermək bu marka üçün bir ənənədir. Məhz buna görə Toyota dünyada milyonlarla satılır və hər yeni modelə də maraq yüksək olur. Kimsə bəzək axtarışındadırsa, fikirlərinə hörmətlə yanaşırıq. Amma təhlükəsizlik daha çox önəm kəsb edir. Buna diqqət edək. “Döydüm ölməz maşın”, “Daş döyən maşın” kimi aforizmlərin hansı modelə aid olduğunu çoxumuz yaxşı bilirik.

Avtomobilin daxili dözümlülük, yüksək keyfiyyət hissi ötürən və yorğunluğu azaltmağa yönəlmiş tədbirlərlə zəngindir. Sükan arxasında oturduqda hiss edəcəyiniz ilk şey təhlükəsizlik və funksionallıqdır.

Sürücü kombimetri və multimedia ekranı rahat görünməsi üçün yüksəkdə yerləşdirilib. Sürətli və intuitiv istifadə üçün sürüş idarə panelləri əlinizin altındadır. Rəqəmsal multimedia displeyi bütün işıqlandırma şəraitində rahatlıqla oxunacaq formada, yüksək qrafik keyfiyyətlə hazırlanmışdır və komplektasiyadan asılı olaraq 9 və 12,3 düym seçimləri var. Monitor balacadır deməyin, məncə, bir sürücü üçün kifayət edəcək ölçüyə malikdir.

Yeni "Land Cruiser" həm beş, həm də yeddi yerlik interyer təklif edir. Ön oturacaqlar yolsuzluq şəraitində dəstəkləyici qurğularla təmin olunmuşdur və qurğuların fərqli güc tənzimləmələri var.
Ümumilikdə avtomobilin daxili ən çətin yollarda belə təhlükəsiz, gündəlik sürüşlərdə belə olduqca rahat hiss etdirəcək dizayna və daim fərahlıq hiss ötürəcək genişliyə sahibdir.

Azərbaycanda Land Cruiser 250, 3 fərqli mühərriklə təqdim olunacaqdır. Bunlardan birincisi 204 at gücünə sahib olan 8 pillə transmissiyalı yenilənmiş 2.8 litrlik dizel mühərrik, ikincisi 163 at gücünə sahib olan 6 pillə transmissiyalı 2.7 litrlik benzin mühərrik və sonda tamamilə yeni 279 at gücünə sahib olan 8 pillə transmissiyalı 2.4 litrlik turbo benzin mühərrikdir.

Yeni model rahatlıq və təhlükəsizliklə bağlı yeniliklərlə yanaşı güclü performansında da irəliləyişlərə sahibdir. 2.8 litr turbo-dizel mühərrik, sürüş qabiliyyətinin və səmərəliliyin artırılması üçün yenidən işlənilib.  Avtomobil artıq 8 mərhələli Avtomat sürətlər qutusuna sahibdir. 500 Nm-ə qədər tork yarada bilən mühərrik 3.500 kq-dək yük daşıma gücünə sahibdir.

Mühərrikin inkişafı zamanı əsas prioritet həm yolda, həm də yolsuzluq şəraitində sürətlənmənin idarə olunması idi. Mühəndislərin əsas məqsədi sürüş hissinin mexaniki sürətlər qutusundakı kimi birbaşa ötürülməsi idi.
Yeni transmissiya performansı və yanacaq qənaətini artırmaq üçün nəzərdə tutulmuşdur, səssiz performans təklif edir və səkkiz pilləlidir.

Yeni modelin ən böyük üstünlüyü onun yolsuzluq şəraitində göstərdiyi performansıdır. Bu isə onun bu sahədə olan innovativ yenilikləri ilə əlaqəlidir. Gürcüstanda dəniz səviyyəsindən 2300 metr yüksəkliyə Toyota Prado ilə qalxarkən əmin olduq ki, bu maşını başqa hansısa bir model əvəz edib bu yolları qalxa bilməzdi. Yalnız ofroder tipində yığılmış “dördçəkən” maşın bu yollarda belə manevrlər edə bilərdi. Əsas odur ki, avtomobildəki düymələrlə doğru-düzgün davrana biləsən.

Fərqli şəraitlər fərqli sürüş senariləri tələb edir. Yenilənmiş model bu senarilərin öhdəsindən layiqincə gəlmək üçün "Multi-Terrain Select" sistemi ilə təchiz olunub. Sistem sükanı, hərəkət qüvvəsini və hidravlik əyləc sistemini avtomatik olaraq tənzimləyərək hər şəraitə uyğunluq göstərə bilir. Beləcə avtomobil palçıqlı, qumlu daşlı və ya adi yolları ayırmadan hər dəfəsində ideal sürüş təcrübəsi verir.
Bütün funksiyalar bir-biri ilə harmoniya içindədir. Məsələn, avtomobil “Panoramic View Monitor” sayəsində ətrafı geniş formada görməyə “MTS” sayəsində isə ətrafda olan maneələri gücləndirilmiş manevr bacarığı ilə aşmağa imkan yaradır. Bütün texniki göstəricilərini, yeniliklərini nəzərə alaraq demək olar ki, avtomobil gündəlik, ən adi sürüşlərdən tutmuş keçilməsi mümkünsüz görünən ən çətin şəraitlərə qədər hər işin öhdəsindən gəlmək üçün hazırlanmış əsl yapon mühəndisliyi nümunəsidir.

 

Elməddin Muradlı

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh