Faizlər vətəndaşın "cibini yandırır": "Yüksək maaş alan şəxs kreditlə yeni maşın ala bilmir"
Avtoxəbər 21 Sentyabr 2022 15:44 Oxunub 1054
Faizlər vətəndaşın "cibini yandırır":  "Yüksək maaş alan şəxs kreditlə yeni maşın ala bilmir"

Azərbaycanda kreditlə avtomobil almaq, demək olar ki, müşkülə çevrilib. İlkin ödənişlərin yüksək olması ilə yanaşı, yüksək illik faizlər də vətəndaşlar üçün kredit şərtlərini daha da çətinləşdirib. Şərtlər nəyə görə bu qədər ağırdır?

"Bu gün yüksək əmək haqqı alan vətəndaş belə kreditlə yeni və komfortlu maşın ala bilmir"

Məsələ ilə bağlı saytımıza danışaq nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, dünyanın bir çox ölkələrində yeni avtomobillər sadə kredit təklifləri ilə vətəndaşlara satılır. Bu da həmin ölkələrdə avtomobil parkının yenilənməsi ilə nəticələnir. Azərbaycanda isə əksinə. Şərtlərin ağır olması nəinki avtomobil parkında yeniliyin qarşını alır, həm də ekosistemə ziyan dəyməsi ilə nəticələnir:

"Bu gün Azərbaycanda kreditlə avtomobil almaq nə asan, nə də sərfəlidir. Şərtlər ağırdır, ilkin ödəniş, illik faizlər olduqca yüksəkdir. Halbuki bütün Avropa İttifaqı ölkələrində avtokreditlər banklar üçün ən yaxşı qazanc yeridir. Hətta qonşu Gürcüstanda belə avtokreditlər olduqca sadədir. Məsələn, ABŞ-də, Aİ ölkələrində vətəndaşlar yeni avtomobilləri əsasən kreditlə alır. Aşağı faizlər, az ilkin ödəniş, verilən kreditlərin müddəti sərfəlidir. Bu səbəbdən həmin ölkələrdə avtomobil parkı da köhnəlmir.

Bizim ölkəmizdə isə təəssüf ki, kredit şərtləri ağırdır. Bu səbəbdən vətəndaşlar köhnə və yararsız avtomobillərdən istifadə edirlər. Bu da iqtisadiyyatımıza və ekosistemə pis təsir edir".

Ekspert bildirir ki, yanvar ayının 1-də idxal edilən yeni ekoloji təmiz avtomobillərin əlavə dəyər vergisindən azad olunması problemin həlli üçün atılan düzgün addımdır:

"Dövlət ekosistemin yaxşılaşdırılması, avtomobil parkının yenilənməsi üçün müəyyən stimullaşdırıcı addımlar atır. Yanvarın 1-də qəbul edilən qərarla ekoloji təmiz avtomobillər - hibrid və elektromobillərin idxal zamanı əlavə dəyər vergisindən azad olunması həmin avtomobillərin qiymətinin azalması ilə nəticələnib. Az da olsa vətəndaşlar üçün bu maşınlar artıq əlçatandır. Eyni zamanda yeni avtomobillərin alışını stimullaşdırmaq üçün yenə də ekoloji təmiz avtomobillərin avtokredit şərtləri sadələşdirilir. İlkin ödəniş olaraq vətəndaş avtomobilin ümumi məbləğinin 20%-ni ödəməklə hibrid maşınlara, 10%-ni ödəməklə isə elektriklə çalışan maşın ala bilər".

Eldəniz Cəfərov faizlərin aşağı endirilməsi ilə vətəndaşlar üçün əlverişli şəraitin yaranacağını deyir:

"İllik faizlərə gəlincə, ilkin ödənişlər azalsa da, illik faizlər hələ də yüksəkdir. Təklif edirik ki, faizlər 9-10% civarında olsun ki, heç olmaya yüksək əmək haqqı alan vətəndaş maşın ala bilsin. Bu gün yüksək maaş alan vətəndaş belə kreditlə yeni və komfortlu maşın ala bilmir. Ekoloji təmiz avtomobillər üçün kredit şərtləri sadələşdirilsə də, benzin və dizellə işləyən maşınların kredit şərtləri hələ də ağır olaraq qalır. Yaxşı olardı ki, mühərrik həcmi kiçik olan yeni avtomobillər üçün də kredit şərtləri sadələşdirilsin ki, ölkənin avtomobil parkı da yenilənsin, ekosistem də yaxşılaşdırılsın".

Bəs avtomobil almaq üçün təklif edilən lizinq üsulu necə? Vətəndaşlar üçün sərfəli ola bilərmi?

"Kreditlə maşın alan şəxs ilkin ödəniş olaraq daha çox pul ödəyir, illik faizlər də yüksəkdir. Lizinqdə isə ilkin ödəniş az, illik faiz yüksək olur. Həmçinin kreditlə alınan avtomobil alan şəxsin olursa, lizinqlə alınan avtomobil tam ödəniş bitdikdən sonra vətəndaşın özünə məxsus olur. Bu zamana qədər maşın etibarnamə ilə idarə edilir", - ekspert qeyd etdi.

mətbuat.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh