Reklam

Gələcək elektromobillərindir? - Azərbaycan “yaşıl” yarışın başlanğıcındadır

Avtoxəbər 15 İyun 2024 00:33 Oxunub 816
Gələcək elektromobillərindir? - Azərbaycan “yaşıl” yarışın başlanğıcındadır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Enerji keçidi və karbon neytrallığına və sıfır istixana qazı emissiyasına nail olmaqla “yaşıl” iqtisadiyyatın qurulması məsələsi dünyanın bir çox ölkələri üçün ən aktual məsələlərdən biri olaraq qalır. Xüsusi proqramlar qəbul edilir, bərpa olunan enerji mənbələrinin inkişafı, ekoloji cəhətdən təmiz yanacaqların istehsalı layihələrinə, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi tədbirlərinə milyardlarla dollar sərmayə qoyulur.

Heç kimə sirr deyil ki, havanı çirkləndirən əsas mənbələrdən biri də avtomobil nəqliyyatıdır. Statistikaya görə, avtomobillərin işlənmiş qazlarının havanın çirklənməsinə töhfəsi 85 % təşkil edir. Belə ekoloji cəhətdən həssas məsələnin mümkün həlli kimi avtomobillərdən imtina etməyi və velosipedə keçidi təklif etmək olardı. Ancaq böyük şəhərdə belə bir həll çətin ki, təsirli ola bilər və ayrıca fərdin seçiminə çevrilə bilər.

Ölkə miqyasında və ümumilikdə qlobal səviyyədə karbon neytrallığına nail olmağın əsas istiqaməti ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin inkişafı və yeni enerji mənbələri əsasında çalışan avtomobillərdən (NEV) istifadədir ki, bu tip nəqliyyat vasitələrinə elektrikli avtomobillər, hibrid avtomobillər və hidrogen yanacağı ilə avtomobillər daxildir.

Başqa sözlə, emissiyaları azaltmaq üçün həllərdən biri dizel və ya benzinlə işləyən klassik avtomobilləri elektromobillərlə əvəz etməkdir. Yeri gəlmişkən, rəsmi məlumatlara görə, son illər dünyada elektromobillərin istehsalı və satışı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Ötən ilin sonunda bu göstərici 31 % artaraq 13,6 milyon ədədə çatıb. 2022-ci ildə isə satış artımı hətta 60 % təşkil etmişdi.

2024-cü ildə, “Rho Motion”un proqnozuna görə, dünyada elektriklə işləyən avtomobillərin satışı 25-30 % arası yüksələcək.

ABŞ və Kanadada NEV satışları il ərzində 50 %, Avropada 27 %, Çində isə 15 % artıb. Üstəlik, elektrikli avtomobillər üçün ən əlverişli vəziyyət indi Çində formalaşmaqdadır. “BloombergNEF”in proqnozuna görə, bu il dünyada istehsal edilən hər 10 elektromobildən 6-sı bu ölkədə satılacaq. Bu il Çinin yeni avtomobil bazarında elektriklə işləyən avtomobillərin payı 38 %-ə çatacaq.

Azərbaycan hələ ki, avtomobil sektorunda yeni texnologiyalardan istifadənin və elektrikli avtomobillərin gündəlik həyatda istifadəsinin ilkin mərhələsindədir. Hələlik istehsaldan söhbət getmir, amma idxalda ciddi artım qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,4 dəfə artaraq 3,1 mini keçib, daha dəqiq olsaq, 3 102 ədəd təşkil edib. Hibrid avtomobillərin idxalında da artım qeydə alınıb - 2022-ci ildəki 11 min 337 ədəddən 14 min 98 ədədə, başqa sözlə 24,4 %-lik artım olub.

Bununla belə, bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda elektriklə işləyən nəqliyyat vasitələrinə keçid hələ ki, ilkin mərhələdədir və bunu dizel və benzinlə işləyən nəqliyyat vasitələrinin idxalına dair gömrük statistikası da əyani şəkildə sübut edir: 2022-ci ildəki 56 min 771 ədədə qarşı 2023-cü ildə 70 min 723 ədəd. Bu, 24,6 % artım deməkdir. Bunlardan 38,7 min ədədi benzin mühərrikli, 32,1 min ədədi dizel mühərrikli avtomobillərdir. Quru rəsmi rəqəmlər ölkəmizin sakinlərinin nəyə üstünlük verməsi haqqında aydın təsəvvür yaradır. Dizellə işləyən avtomobillərə olan sevgini ən sadə iqtisadiyyat diktə edir: yerli yanacaqdoldurma məntəqələrində dizelin qiyməti benzinin qiymətindən aşağıdır. Belə ki, hazırda Azərbaycanın daxili bazarında Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti 0,8 manatdır. İlk baxışdan fərq az olsa da, istehlakçılar fərqli düşünürlər. Halbuki ətraf mühit üçün dizel yanacağı benzindən daha təhlükəlidir. Bu, həm onun fiziki xüsusiyyətləri, həm də dizel yanacağının yanma məhsulları ilə bağlıdır.

İndi bizə gələcəkdə vəziyyətin elektromobillərdən istifadənin xeyrinə dəyişəcəyinə ümid etmək qalır. Bu istiqamətdə işlər artıq aparılır: ətraf mühitə zərər verməyən, daha dəqiqi elektrik ötürücülü və ya hibrid mühərrikli avtomobillərdən istifadənin stimullaşdırılması (vergi və gömrük güzəştləri) üzrə tədbirlər görülür, elektriklə işləyən avtomobillərin enerji doldurma məntəqələrinin sayı artırılır, aşağı karbonlu inkişaf üzrə dövlət proqramı və elektromobillik üzrə milli plan hazırlanır.

Bununla belə, bütün bunlar daha çox gələcək üçün görülən tədbirlərdir, xüsusən də elektrikli avtomobillərin istifadəsindən ətraf mühitə dəyən zərər, onların enerji ilə doldurulması zamanı mazut və ya təbii qazdan yox, “yaşıl” enerjidən istifadə edildiyi təqdirdə minimal hesab olunur.

Benzin və dizellə işləyən avtomobillərin mənfi təsirini azaltmaq üçün indi nə etməli?

Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Nəqliyyat Vasitələrinin Utilizasiyası Fondu bu işə töhfə verə bilər. Bundan əlavə, Azərbaycanda istehsal olunan avtomobil yanacağının keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparılır. Artıq bu istiqamətdə ilk addım atılıb: ötən ilin may ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” ekoloji standartlarına cavab verən dizel yanacağı istehsalına başlanılıb. Bu il iyunun sonunadək müəssisə “Avro-5” standartlarına cavab verən avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Çox güman ki, iki markalı benzin istehsal olunacaq: Aİ-92 və Aİ-95. Amma zavodun gələcəkdə yalnız Aİ-95 istehsalına diqqət ayıracağını istisna etmək olmaz.

Avtomobil üçün pis yanacaq insan orqanizmi üçün pis qida kimidir: nə qədər pis olsa, bir o qədər tez-tez həkimə müraciət etməli, avtomobillərlə bağlı durumda isə tez-tez texniki xidmət məntəqələrinə getməli olursan. Bu o deməkdir ki, daha yüksək keyfiyyətli benzinin istehsalı Azərbaycanın pərakəndə satış bazarında onun maya dəyərinin tənzimlənməsini tələb edəcək. Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92-nin qiyməti dünyada ən aşağı qiymətlərdən biridir və o, az sayda ölkədə istehsal olunur. Azərbaycandan daha ucuz benzin yalnız Qazaxıstanda - 0,78 manat/litr və Rusiyadadır - 0,88 manat/litr. Belarusda bu qiymət 1,17, Gürcüstanda 1,94, Ermənistanda isə 2,16 manat/litrdir.

Aİ-95-in qiymətlərini müqayisə etsək, yuxarıda göstərilən ölkələr arasında yenə də bu markalı benzinin ən ucuzunu Qazaxıstanda almaq olar (1,01 manat/litr). Rusiyada o, 1,05 manat/litr, Belarusda 1,23 manat/litr, Gürcüstanda 2,06 manat/litr, Ermənistanda isə 2,34 manat/litr təşkil edir.

Dizelə gəlincə, vəziyyət elədir ki, ən ucuz dizel Küveytdədir (0,63 manat/litr). Azərbaycan bu baxımdan ikincidir - 0,8 manat/litr. Dizel Qazaxıstanda 1,12, Rusiya və Belarusda 1,23, Gürcüstanda 2,02, Ermənistanda 2,38 manat/litrə ticarət edilir.

Odur ki, əslində hər şey sadədir: avtomobildə hərəkət etmək rahatlığı və onun detallarının istismar müddəti yanacağın keyfiyyətindən asılıdır. Mümkün problemlərin dairəsi genişdir. Avtomobil təmirinə benzinə qənaət etdiyinizdən on, hətta yüz dəfə çox xərcləyəcəksiniz. Halbuki alternativ variant da var- elə indi elektromobilə keçə bilərsiniz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh