Roewe markası ən iri krossoverini nümayiş etdirib
Avtoxəbər 26 Sentyabr 2022 20:58 Oxunub 920
Roewe markası ən iri krossoverini nümayiş etdirib

Bu günə qədər Roewe markasının model xəttindəki ən böyük avtomobil, pikapa əsaslanan çərçivəli RX8 ofrouderi olub. Ancaq indi çin brendinin çeşidində daha böyük və daha sanballı bir avtomobil - Roewe RX9 krossoveri peyda olub. Doğrudur, bu artıq çərçivəli ofrouder deyil, aparıcı kuzovu, eninə yerləşən mühərriki və əsas ön ötürməsi olan tipik krossoverdir.

Həm texniki, həm də dizayn baxımından RX9 modeli bu ilin yazında debüt etmiş ikinci nəsil orta ölçülü Roewe RX5 krossoveri ilə unifikasiya olunub. RX9 krossoverinin uzunluğu 4983 millimetr, eni - 1967 millimetr, hündürlüyü - 1786 millimetr, təkər bazasının ölçüsü isə, 2915 millimetrdir.

Beləliklə, üzrə yeni krossover RX8 modelindən 40 millimetr uzun, 60 millimetr enili və 54 millimetr alçaqdır. Təkər bazasına görə isə, o, RX8 modelini 65 millimetr üstələyir. Roewe RX9 modeli tam LED işıq texnikasına, irəli çıxan qapı tutacaqlarına və diametri 21 düymədək olan təkər disklərinə malikdir.

Salonda üç oturacaq cərgəsi var. RX9 modeli yeddi və altı oturacaqlı versiyalarda təklif ediləcəkdir: birinci halda, ikinci cərgədə üç yerlik divan, ikincidə isə, fərdi kreslolar quraşdırılıb. Üstəlik, top versiyada bu kreslolar elektriklə tənzimlənmə və qızdrılma funskiyaları ilə təchiz edilirlər. Baqaj üçün də yer də qalıb.

Üçzonalı klimat-kontrol, panoram dam da krossoverin avadanlıq siyahısına daxildir. Yalnız panoram damın sürüşərək açılan bölməsi yoxdur.

Kiçik RX5 modelinin interyerinin əsas xüsusiyyəti, cihazlar panelinin və mediasistemin displeylərini birləşdirən vahid genişformatlı ekrandır. Lakin Roewe RX9 krossoverinə bu həlli qismət olmayıb. Yeni krossoverdə ön paneldə üç ayrı displey quraşdırılıb ki, şirkət onların ümumi diaqonalının 47 düym olduğunu bildirir. Havalandırma sisteminin nazik deflektorları mərkəzi ekranın altında gizlədilib.

Kapotun altında doqquz pilləli “avtomat” ilə birlikdə çalışan 234 at qüvvəli 2,0-itrlik “turbodördlük” yerləşir. Krossover arxa oxda sadə muftası olan tam ötürmə sisteminə malikdir. Bundan başqa, RX9 üçün adaptiv amortizatorlaı olan yaylı asqı da bəyan edilib.

Çin bazarında Roewe RX9 modeli bu ilin payızında satışa çıxacaqdır. Qiymətlər hələlik açıqlanmayıb. İlkin məlumatlara görə, krossover üçün 25-30 min dollar istəyəcəklər. SAIC konserni Roewe markasından olan avtomobilləri qlobal bazarda MG markası altında satır. Odur ki, gələcəkdə bu model Azərbaycanda MG RX9 adı ilə debüt edə bilər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh