Şəkinin ünvan tanımayan taksi xidməti - Küçəni yox, ləqəbi tanıyırlar

Əslində bu problemdən ötən avqustda yazmalı idim. Amma fikirləşdim ki, xidmət hələ təzə olduğu üçün hər şeyi tənqid etmək doğru deyil. Yəqin düzələr. Amma hər bir iş necə başlayıbsa o cür də gedər prinsipi burada da yerinə düşdü. Qayıdaq ötən ilin avqustuna.
Şəkinin qədim hissəsində piyada gəzərkən birdən təcili olaraq evə qayıtmalı oldum. Elə daşın üzərində yazılmış *0066 taksi xidmətinə zəng edərək yerləşdiym ünvanı və gedəcəyim ünvanı dedim. Operator xanımın isə gözəl Şəki ləhcəsində cavabı belə oldu: “hayındı biz ünvan tanımırux, yerin adını deyin”. Təbii ki, şəkili olmadığım üçün məhəllənin adını deyə bilmədim. Operator xanım bu dəfə tövsiyə etdi ki, yerli sakinlərdən kömək istəyim. Mənə yardım edən yaşlı bir kişi operatoru Şəki ləhcəsində başa saldı və 3 dəqiqə sonra taksi ünvana gəldi.
Bu dəfə də Şəkiyə yolum düşəndə eyni halın şahidi oldum. Amma indi işi ehtiyatlı tutdum və sifariş verəndə dedim ki, “Əliheydərin zapçast dükanından Kiş kilsəsinə getmək istəyirəm”.
Ünvan tanımamaq məsələsini taksi sürücülərindən soruşduqda onlar da operatorlardan şikayət etdilər. Başlıca narazılıq bu oldu ki, zəng mərkəzi Bakıdadır və operatorlar Şəkini tanımırlar. Həm də ərazini ləqəblə tanımaq bir ənənədir.
Bəli, ənənəyə hörmət öz yerində. Bir şəkilinin Üç güyümlərdə, Qrenzavodun yanında, Pirimlərdə, Gəncəli məhəlləsində, Axundlar məhəlləsində, Yuxarı Başda yaşayıram deməsi necə də gözəldir. Həm də ənənənin qorunması üçün vacibdir. Amma bir turist (yerli və ya xarici fərq etməz) bu məhəllələri əzbər tanıya bilməz və belə bir şey mümkün də deyil. Taksi xidməti müasir naviqasiya sistemindən istifadə etməlidir. Məsələn, divandakı lövhəyə baxaraq Fətəli xan Xoyski 15 ünvanına taksi çağırmaq daha məntiqli və müasirdir, nəinki həmin ünvanda yerləşən Məmməd Əfəndinin (qəbiristanlıq) yuxarı tərəfindəyəm demək. Üstəgəl, İnternetdəki ən sadə naviqasiya proqramları belə ünvanı dəqiq tapmağa kifayət edir.
Ötən gün Xan sarayının yanındakı Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzininə taksi sifariş etdikdə isə operator birmənalı şəkildə belə bir yer tanımadığını bildirdi. Taski sürücüləri də buranı tanımır.
Əslində bu məsələni müasir texnologiyanın köməyi ilə həll etmək bir neçə günün işidir. Lakin Şəkidəki taksi operatorları “dədə-baba qaydasından” əl çəkməməklə həm ölkəmizi Əfqanıstana bənzədirlər, həm də turistlərdə mənfi rəy yaradırlar.
PS. Bizdən fərqli olaraq Əfqanıstanda hələ də ünvan sistemi yoxdur. İnsanların əsas istinad nöqtəsi məscidlərdir. Poçtalyonlar da bu sistemlə işləyirlər. Təxminən 10 il əvvəl beynəlxalq təşkilatlar ünvan sistemi üçün qrant ayırsalar da, Talibanın yenidən hakimiyyətə gəlməsi hər şeyi dayandırdı. Şəkidə isə ünvan sistemi Azərbaycan SSR deyil, çar Rusiyası dövründən mövcud olub.
Vüqar Yaşaroğlu
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı












