Banner

“ADY Azərbaycanın beynəlxalq tranzit imkanlarını artırır” – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Gündəm 1 İyul 2025 08:45 Oxunub 578
“ADY Azərbaycanın beynəlxalq tranzit imkanlarını artırır” – EKSPERTDƏN AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyevin sərəncamları əsasında ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində çox vacib addımlar atılır. Bu addımlar sayəsində bu gün ölkəmiz regionda, eləcə də dünyada ciddi mənada irəliləyiş əldə edə bilib. Uğurlarımızın önəmli hissəsi isə Azərbaycan dəmir yollarının payına düşür. Belə ki, Azərbaycan ərazisindən keçərək Gürcüstan, Türkiyə, oradan da Avropaya çatdırılan yüklər ölkəmizin nüfuzuna öz müsbət təsirini göstərir.

Azərbaycanda dəmir yollarının özünəməxsus inkişaf tarixi var. Bu tarix ölkəmizi inkişaf etmiş dövlətlərə, müxtəlif dövlətləri öz ətrafında birləşdirən təşkilatlara da tanıtdırmaqda başlanğıc töhfəsi verir. Bu gün Azərbaycan yükdaşımalar sahəsində bir sıra dövlətlərin etibarlı tərəfdaşına çevrilib.

Azərbaycanda dəmir yollarının tarixi əsr-yarıma yaxın müddəti əhatə edir. 1884-cü ildə Bakıda “Tiflis vağzalı” istifadəyə verildi. İlk vağzal binası, əsasən, neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə təşrif gətirən Rusiya məmurları və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi. Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmir yolu vağzalına ehtiyac var idi. “Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqləndi. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” imperiyanın ən gözəl vağzallarından sayılırdı. 1900-cu ildə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi. 1896-cı ildə Port-Petrovsk(Maxaçqala)–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin texniki-iqtisadi əsaslandırmasında xüsusilə qeyd olunurdu ki, Bakıda istehsal olunan malların Rusiyaya çıxarılması üçün qısa yola ehtiyac böyükdür. 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk(Maxaçqala) dəmir yolu inşa olundu. Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 mln. pud (205 min ton) neft, 1901-ci ildə isə 51,6 mln. pud (845 min ton) neft daşınmışdır. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu. Sonrakı dörd hökumət kabinələrində də yollar naziri vəzifəsini X.Məlik-Aslanov tutub. Azərbaycan dəmir yolları alman-sovet müharibəsi dövründə faşizm üzərində qələbəyə böyük töhfə verdi. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynadı. Azərbaycan lend-lizin (Qərb dövlətlərinin SSRİ-yə göstərdikləri hərbi yardım siyasəti) Transiran marşrutunda əsas logistika mərkəzi olduğundan buradan çoxlu sayda texnika, silah-sursat, strateji xarakterli xammal, ərzaq və sənaye məhsulları daşınırdı.

Erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsarrüfatına da külli miqdarda ziyan vurulub. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 km-dən artıq dəmir yolu xətti işğal edilib. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı. Qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının müdafiəsinə dəmiryolçular öz layiqli töhfəsini verib. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşub. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları yaralıları ən ağır cəbhə bölgələrindən çıxarır, onlara tibbi yardım göstərirdi.

2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə yaradıldı. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15 fevral 2010-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnaməsi və strukturu təsdiq olundu. 2015-ci il sentyabrın 18-də “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edildi. Bu qərar “Azərbaycan Dəmir Yolları”-nın daha operativ və çevik fəaliyyət göstərməsinə imkan verdi.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin ölkəmizdəki fəaliyyəti ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev studiyamızın qonağı olub. O bildirib ki, Ermənistanın tarixi Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycanda dəmir yollarının fəaliyyəti yalnız Gürcüstan istiqamətində fəaliyyətini davam etdirə bilib.

“Bu illər ərzində Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tikilib. Bu dəmir yolu xətti Azərbaycana yeni fürsətlər yaradıb. BTQ layihəsi çərçivəsində Azərbaycan Aralıq dənizi limanlarına, eləcə də Gürcüstan üzərindən Avropaya çıxışı təmin edib. İşğaldan azad edilən torpaqlarımızda da infrastruktur layihələri icra olunur. Onlardan biri, Yevlax-Xankəndi dəmir yolunun Bərdə-Ağdam hissəsinin istifadəyə verilməsidir. Bu il artıq Ağdamda Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verildi. Yaxın 2 il ərzində Xankəndi-Ağdam dəmir yolu da istifadəyə veriləcək. Həmçinin aktiv olaraq Horadiz-Ağbənd dəmir yolunda da tikinti işləri davam etdirilir. Bu istiqamətdə işlərin bu il ərzində bitirilməsi nəzərdə tutulub”.

Mövzumuzla əlaqədar Milli Məclisin deputatı Arzuxan Əlizadənin də fikirlərini öyrəndik. Deputat bildirdi ki, Azərbaycan məkan etibarilə olduqca unikal coğrafi mövqədə yerləşir və bunun sayəsində həm Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub arasında mühüm iqtisadi körpü rolu oynamaqdadır. O da məlumdur ki, Azərbaycan tarixən İpək yolunun əsas keçid məntəqələrindən biri olub və bunun sayəsində Azərbaycan bu gün də nəqliyyat və logistika sistemində strategiya əhəmiyyətli rol oynayır. Bu kontekstdə Azərbaycan Dəmir Yollarının əhəmiyyətini xüsus olaraq vurğulamaq lazımdır.

“Belə ki, istər Şimal-Cənub, istərsə də Cənub-Qərb beynəlxalq dəhlizləri üzrə hərəkət edən yük və sərnişin axınının fasiləsizliyi Azərbaycan Dəmir Yolları tərəfindən təmin edilməkdədir ki, bu, nəticə etibarilə, həm regional inteqrasiyasını gücləndirir, həm də ölkəmizin beynəlxalq tranzit imkanlarını da artırır. Bu kontekstdə Orta dəhlizin əhəmiyyətinə də xüsusi olaraq vurğulamaq lazımdır. Məlumdur ki, orta dəhliz 2014-cü ildə Azərbaycanın, Qazaxıstanın və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə belə vasitə yaradıldı və sonrakı illərdə Rumuniya və Polşa kimi dövlətlərin də bu prosesə qoşulması ilə bu layihə genişlənmiş oldu.

Bugün Çin-Qazaxıstan səhərdindən başlayan orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan və Türkiyə rəasından keçməklə Avropaya qədər uzanır və bu, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur”.

Qeyd: Bu material “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”.

Müəllif: Səfər Əlizadə

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh