ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə dayanacaqlarının sayını artıraraq 11-ə çatdırır - MÜSAHİBƏ

Gündəm 12 İyun 2024 20:06 Oxunub 154
ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə dayanacaqlarının sayını artıraraq 11-ə çatdırır - MÜSAHİBƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sərnişindaşımada ekoloji cəhətdən təmiz, müasir, təhlükəsiz, inklüziv və komfortlu xidmətlər göstərməyi hədəfləyən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qarşısına qoyduğu əsas məqsədlərdən biri sərnişinlərə ən yaxşı təcrübə təqdim edərkən dayanıqlı və təhlükəsiz nəqliyyat şəbəkəsi yaratmaqdır. Avtosfer.az APA-ya istinadən ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcovla müsahibəni təqdim edir.  A.Fərəcov müsahibəsində dəmir yolu daşımalarının ətraf mühitə müsbət təsirlərindən, görülmüş təhlükəsizlik tədbirləri, inklüzivlik və əlçatanlıq siyasətindən, sərnişin məmnunluğu istiqamətində aparılan işlər və planlardan danışıb. Bu günlərdə ADY-nin yeni "Stadler" markalı qatarlarının istismara cəlb ediləcəyini müjdələyən Azər Fərəcov yeni qatarların istifadəyə verilməsi ilə sərnişindaşıma sahəsində bir çox müsbət irəliləyişlərin olacağını qeyd edib.

- Azər bəy, 2019-cu ildə ADY ilə “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alınmış yeni "Stadler" markalı 10 müasir qatardan dördü artıq ölkəmizdədir. Qatarlar test yürüşlərini tamamlayıb? Nə zaman istismara cəlb olunması planlaşdırılır?

- Bəli, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni "Stadler" markalı müasir qatarlardan artıq dördü ölkəmizdədir və test yürüşlərini tamamlayaraq iyunun 14-dən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verilir. Bu qatarların istifadəyə verilməsi ilə sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sözügedən marşrut üzrə dayanacaqlarının sayını artıraraq 11-ə çatdırır. İyunun 14-dən etibarən sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq veriləcək. Bu, Ağdaş rayonu sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsinə imkan yaranır.

Bundan başqa, ADY Qərb bölgəsinin sakinlərindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır. Belə ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək.

- Yeni "Stadler" markalı qatarların üstünlükləri nələrdir və sərnişindaşıma fəaliyyətinə nə kimi yeniliklər gətirəcək?

- Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərə çatmaq üçün ADY dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara çatdırılması isiqamətində ciddi iş aparır. ADY-nin yeni alınmış qatarları sərnişindaşıma xidmətinin təkmilləşdirilməsinə daha geniş imkan yaradacaq. Yeni istismara verilmiş "Stadler" birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.

Təhlükəsizlik baxımından qatarlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunub. Belə ki, qatarda sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasını tənzimləyən “Block-5” sistemi fəaliyyət göstərir. Sistemin əsas özəlliklərindən biri onun eyni sistemlə çalışan və qarşıda hərəkətdə olan digər qatarın hərəkət trayektoriyasını izləmək, hərəkətin təhlükəsizliyinə hər hansı risk yarandıqda isə sürəti tənzimləmək funksiyalarına malik olmasıdır. Eyni zamanda qatar hərəkətdə olarkən maşinistlərin səhhətində hər hansı problem yaşanarsa, “Block-5’’ sisteminin köməkliyi ilə qatar distant rejimdə tam təhlükəsiz qaydada dayandırılır, sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasında hər hansı xoşagəlməz hal yaşanmır.

Artıq bir ilə yaxındır ki, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkədaxili marşrutlarda birinci siniflə səyahət edən sərnişinlərə səfər zamanı ödənişsiz yemək, biznes siniflə səyahət edən sərnişinlərə isə səfər paketləri təklif olunur. Keyterinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir. Yeni "Stadler" qatarları bu baxımdan daha üstün imkanlara sahibdir. Qatarlarda geniş bar-vaqon salonu da var və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər.

Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarımızda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb.

- Yeri gəlmişkən, ADY son zamanlar sosial məsuliyyət layihələri, müxtəliflik və inklüzivlik siyasəti ilə bağlı görülmüş işlərlə tez-tez diqqət mərkəzində olur.

- ADY 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla fəaliyyətində ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini rəhbər tutur, fəaliyyətində nəqliyyatda maneələri aradan qaldırmağı, mobilliyin hər kəs üçün əlçatan olmasını hədəfləyir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir.

Həssas qrupların cəmiyyətə sürətli inteqrasiyası məqsədilə nəqliyyat sahəsində fəaliyyət göstərən tərəfdaşlarımızla davamlı olaraq əməkdaşlıq edir, əsas dəyərlərimızdən biri olan dayanıqlılıq çərçivəsində sosial qruplarla iş, xüsusilə sərnişin qatarlarından istifadə edən, hərəkət və görmə məhdudiyyəti olan şəxslər üçün diqqət və qayğının göstərilməsi, xidmətlərimizin bu qrup insanlar üçün əlçatan olması üçün qatar heyətimizə mütəmadi olaraq təlimlər keçiririk.

Ümumilikdə səyahətin rahatlığının təmin edilməsi məqsədilə komfortlu gediş-gəlişi təmin etmək üçün bütün stansiya və dayanacaqlarda müasir turniket sistemi, bilet satışı köşkləri, müşahidə kameraları, müasir havalandırma sistemləri, eskalatorlar, liftlər quraşdırılıb, bundan əlavə, piyada keçidləri, tunellər, kassa otaqları, gözləmə zalları inşa edilib. Abşeron dairəvi dəmir yolu xətti üzrə bütün stansiyalarda velosiped dayanacaqlarının quraşdırılması tamamlanıb.

- Bəs bütün bu görülən işlər sərnişindaşıma üzrə statistikaya necə təsir edib?

- Son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Bu ilin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyona yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb. Ötən ilə baxdıqda isə 2023-cü ildə ilk dəfə olaraq il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədən çoxdur. Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 30 minə yaxın, ölkədaxili reyslərimiz üzrə isə aylıq 29 minə yaxın sərnişin təhlükəsiz və etibarlı şəkildə ünvana çatdırılır.

Doluluq səviyyələrinə gəldikdə isə hazırda Bakı–Ağstafa–Bakı marşrutu üzrə orta hesabla doluluq 91 faiz, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 58 faizdir. Qeyd edim ki, Qəbələ istiqamətində 2023-cü ildə orta doluluq 51 faiz olub, yay mövsümünün başlaması ilə əlaqədar doluluq səviyyəsində ciddi artım müşahidə olunur.

Bundan başqa, ölkədaxili marşrutlar üzrə xarici turistlərin səfər statistikasında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunur. Təkcə bu ilin may ayında 1800-dən çox xarici turist daşınıb. ADY hazırda turizm agentlikləri və qonaqlama mərkəzləri ilə sıx əməkdaşlıq edərək xarici turistlərin dəmiryol marşrutları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına çalışır.

Əminəm ki, ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.

- ADY-nin fəaliyyətində rəqəmsallaşma istiqaməti də xüsusi rol oynayır və artıq mobil tətbiqiniz aktiv istifadədədir.

- Bəli, “ADY Mobile” mobil tətbiqimiz ötən il istifadəyə verilib və nəticədə həm gedişlər asanlaşıb, həm də loyal müştəri proqramları həyata keçirilir. Hazırda sərnişinlərimizin 70%-ə yaxını ödəniş üsulu olaraq onlayn qaydaya üstünlük verir.

Mobil tətbiqimiz sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır, “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət cədvəllərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olub. Bu tətbiq ADY-də gedən genişmiqyaslı transformasiya proseslərinin bir hissəsidir. Ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görən ADY kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklif edir. Artıq bir ildir ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən elektrik qatarlarına biletlərin satışı tam rəqəmsal ödəniş sistemi ilə həyata keçirilir. Sərnişindaşıma xidməti ilə bağlı müasir texnologiyalar və onların üstünlükləri daim araşdırılır, sərnişinlərə rahat və operativ xidmət göstərmək məqsədilə davamlı təkmilləşdirmə işləri aparılır.

- Rəqəmsallaşmadan söz düşmüşkən, qatarlarda “Wi-Fi” şəbəkəsinin qurulması və marşrutlar üzrə mobil rabitənin təminatı baxımından hansı addımlar atılır?

- Ölkədaxili marşrutlar üzrə qatarlarda “Wi-Fi” şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra qatarlarımızda, eləcə də vağzal və stansiyalarda “Wi-Fi” xidmətinin əlçatan olması istiqamətində müvafiq addımlar atılacaq.

- ADY bu yaxınlarda modernləşdirilməsi tamamlanmış Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə ilk yük qatarını Türkiyəyə yola saldı. Bəs, Bakı–Tbilisi–Qars istiqamətində sərnişindaşımaya nə vaxt start verilə bilər?

- Bildiyiniz kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb və qonşu ölkələrlə quru sərhədlərimiz bağlı olaraq qalır. Sərhədlərin açılması ilə bağlı qərar olarsa, təbii ki, həmin qərardan irəli gələn tələbləri ADY olaraq yerinə yetirməyə, quru sərhədlərin açılmasından sonra qeyd etdiyiniz istiqamətlər üzrə sərnişindaşımanın təşkili üçün aidiyyəti qurumlarla birlikdə işlərə başlamağa hazırıq.

- Bakı şəhərinin Baş Planında Abşeron dairəvi dəmir yolu marşrutunun genişləndirilməsi, o cümlədən Hövsan və Binəyə dəmir yolunun bərpası nəzərdə tutulur. Bu istiqamətdə hansı işlər görülür?

- Hazırda bunun üçün Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır. Eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.

- Son olaraq, pandemiya zamanı fəaliyyəti dayandırılmış marşrut xətləri üzrə (Bakı–Yalama, Bakı–Astara, Bakı–Qazax, Ağstafa–Böyük Kəsik, Bakı–Balakən) sərnişindaşımanın bərpası nə vaxta planlaşdırılır?

- Sərnişindaşımanın pandemiyadan əvvəlki dövrdə olan marşrutlar üzrə mərhələli şəkildə bərpası nəzərdə tutulur. Bildiyiniz kimi, ötən il 309 kilometrlik Bakı–Qəbələ reysini istifadəyə verdik. Bakı–Gəncə istiqamətini 95 kilometr, yəni Ağstafaya qədər genişləndirdik.

Daha sonra Bakı–Ağstafa–Bakı sürətli sərnişin qatarının hərəkət xəttinə Tovuz rayonunun Qovlar stansiyasında dayanacağın əlavə edilməsi sərnişin məmnunluğunun təmin edilməsinə önəmli təsirini göstərdi. Daha sonra Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirdik və beləliklə, Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilirlər. Bu ay isə həmin xətt üzrə Ucar və Ləki stansiyaları fəaliyyətə başladı.

Növbəti strateji planımıza uyğun olaraq, Yevlax–Balakən xəttinin istifadəyə verilməsi üçün müəyyən işlər gedir. O ki qaldı cənub istiqamətinə, burada infrastruktur hazırda keyfiyyətli xidmət göstərməyə imkan vermir. Bu işlərə xeyli vaxt sərf olunacaq. Ancaq dediyiniz istiqamətlərə də qatarların açılması hədəfimizdədir.

Öncəki müsahibələrimdə qeyd etdiyim kimi, texniki struktur bölmədən müştəriyə yönəlik bir quruma çevrilməyi qarşımıza hədəf qoymuşuq. Mövcud vaqon parkına uyğun olaraq istiqamətlər üzrə qrafiklərdə müntəzəm optimallaşdırma aparılır. Əlaqə mərkəzinə daxil olan zənglər, eləcə də sosial media üzərindən göndərilmiş müraciətlər, təkliflər hərtərəfli təhlil olunur. Sərnişinlərlə işləyiriksə, müraciət və sorğular qaçılmazdır. Əlaqə mərkəzinə daxil olmuş hər bir sorğu detallı araşdırılır, müvafiq tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh