Amansız qətllər, dövlətə xəyanət və mənimsənilən milyonlar - 2025-ci ilin ən səs-küylü cinayətləri - FOTOLAR

2025-ci ildə Azərbaycanda bir sıra ağır cinayətlər baş verib. Avtosfer.az xəbər verir ki, Oxu.az geridə qoyduğumuz ilin səs-küylü kriminal hadisələrinin icmalını təqdim edir. Hadisələrdən biri ölkə xaricində olsa da, Azərbaycan gündəmini silkələyib. Rusiyanın Yekaterinburq şəhərində xüsusi təyinatlı polis qüvvələri azərbaycanlı iş adamları - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının evinə basqın ediblər. Adıçəkilən hər iki şəxs xüsusi işgəncələrlə qətlə yetirilib, ailə üzvləri və yaxın qohumları həbs olunublar.

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində, övladının gözü qarşısında qətlə yetirilib. Qadın boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Həsrət Əliyev tərəfindən öldürülüb, başı kəsilib.

Sabirabad rayonundakı qətl daha bir cinayəti - erkən nikah faktını aşkara çıxarıb. 15 yaşında valideynləri tərəfindən ərə verilən Nuranə Ələkbərova ailə həyatı qurandan bir il sonra, yəni bu il 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə tərəfindən boğularaq qətlə yetirilib. S.Talıbzadə onun meyitini üç gün evdə gizlədəndən sonra Kür çayına atıb.

Daha bir dəhşətli qətl hadisəsi isə Tərtər rayonunda baş verib. 1990-cı il təvəllüdlü Hafizə Rzayeva rayonun Poladlı kəndində 1957-ci il təvəllüdlü qayınatası Şəhriyar Hüseynov tərəfindən xüsusi amansızlıqla öldürülüb. Qayınata 28 bıçaq zərbəsi endirməklə gəlinini qətlə yetirib.

Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev 27 yaşlı Amil Surxayev tərəfindən güllələnərək qətlə yetirilib. Qeyd edək ki, öldürülən O.Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə təqsirləndirilmişdi.

Daha bir səs-küylü qətl Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev ov tüfəngi ilə qayınanası Aybəniz Məmmədovanı güllələyərək öldürüb, həyat yoldaşı Arzu Zərbəliyeva, baldızı Aysu Məmmədova və qohumu Fərman Qarayevə isə xəsarətlər yetirib. Kamran Zərbəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
2025-ci il, həmçinin bır sıra tanınmış şəxslərin həbsi ilə də yadda qalır.
Bu il Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi mayor İlham Haqverdiyev korrupsiya cinayətində təqsirləndirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyatla Azərbaycanda ağır cinayət hadisəsinin üstü açılıb. 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-22-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra etmiş Ramiz Mehdiyev dövlətə xəyanətdə təqsirləndirilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Cinayət işinin davamı olaraq keçirilən istintaq əməliyyat tədbirləri ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim saxlanılıb və barələrində həbs qətimkan tədbirləri seçilib.

İlin ən səs-küylü cinayət hadisəsindən birinin üstünü isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları açıblar. Baş idarə əməkdaşlarının keçirdikləri əməliyyatla qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsi faktı aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ifşa edilib. Başlanmış cinayət işi üzrə istintaq tədbirləri nəticəsində "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev müəyyən edilərək saxlanılıblar. Məlum olub ki, cinayətkar şəbəkə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5.4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər. Adıçəkilən şəxslər cinayət işi üzrə məsuliyyətə cəlb ediliblər və onların barəsində həbs qətimkan tədbirləri seçilib.
Fotolarda:
Rəşad Daşdəmirov

Ruslan Eyyubov














