Azərbaycan Polisi yaranmasının 96-cı ildönümünü qeyd edib

Gündəm 2 İyul 2014 16:01 Oxunub 1620
Azərbaycan Polisi yaranmasının 96-cı ildönümünü qeyd edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubov: «Cinayətlərin orta illik açılmasi 90 faiz olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib»

Bu gün Azərbaycan Polisi yaranmasının 96-cı ildönümünü qeyd edib. Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub. Daha sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanına gedərək "Əbədi Məşəl" abidəsini ziyarət ediblər. Daha sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və  2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov isə bildirib ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb: «Qanunun aliliyini, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlib». 

Daha sonra Fuad Ələsgərov peşə bayramı və tədris ilinin buraxılışı münasibəti ilə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin təbrikini mərasim iştirakçılarının nəzərinə çatdırıb. Təbrikdə qeyd olunub ki, polis orqanları 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyinin təmin olunmasında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən milli müdafiə vəzifələrini də layiqincə yerinə yetiriblər: « Respublikamızın ərazi bütövlüyü uğrunda da qəhrəmanlıqla döyüşərək 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub. 1710 nəfər yaralanıb, 68 nəfər «Milli Qəhrəman» adına layiq görülüb. Bununla bərabər, müstəqillik illərində cinayətkar qrup və dəstələrə qarşı mübarizədə, asayişin qorunmasında  94 əməkdaşımızın həlak olması, 2405 nəfərin xəsarət alması da asayiş keşikçilərinin fədakarlığının və gərgin əməyinin əyani təsdiqidir». 

Nazir vurğulayıb ki, ötən 11 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 332 fərman və sərəncam imzalanıb. Bu dövrdə Nazirliyin büdcəsi 11 dəfə artmışdır ki, onun da 72 faizi sosial yönümlüdür. Nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və Daxili Qoşunlar üçün 319 sosial obyekt tikilib, 3 mindən çox avtomobil alınıb».

Nazir vurğulayıb ki, artıq neçə illərdir Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir: «Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətlərin orta illik açılması 90 faiz olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan hüquqazidd əməllərin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Bütün bunlar ölkədə uğurla gedən quruculuq işlərinin, iqtisadi yüksəlişin, digər dövlət strukturları, əhali və  vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh