Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır - Pilotdan maşinistədək

Gündəm 6 Fevral 2026 22:57
Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır - Pilotdan maşinistədək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illər Azərbaycanda qadınlar cəmiyyətdə daha fəal rol almağa başlayıb və indiyədək əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdə də təmsil olunurlar. Qadınların artan maraq göstərdiyi sahələrdən biri də nəqliyyat sektorudur. Bu gün ölkədə yükqaldırıcı kran idarə edən, pilot kimi uçuş həyata keçirən qadınlar var. Bu sahədə çalışan qadınların sayının artması cəmiyyətdə mövcud stereotiplərin tədricən aradan qalxmasına, eyni zamanda əmək bazarında yeni imkanların formalaşmasına töhfə verir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hazırda "Bakı Metropoliteni" QSC-də 3 qadın maşinist çalışır. "Azərbaycan Dəmir Yolları" QSC-də isə 3 xanım qatar maşinisti köməkçisi kimi fəaliyyət göstərir. Aviasiya sahəsində də qadın mütəxəssislərin təmsilçiliyi genişlənir. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) istismarında olan təyyarələrdə 3 xanım pilot uçuşlar həyata keçirir. Dəniz nəqliyyatında da qadın dənizçilərin fəaliyyəti diqqət çəkir. Belə ki, gəmi heyətində kapitanın böyük köməkçisi kimi 1, kapitanın III köməkçisi kimi 1, motorçu kimi isə 2 xanım çalışır. Motorçulardan biri artıq mexanik sertifikatı əldə edərək mexanik ixtisası üzrə komandir heyətinə daxil olmaq hüququ qazanan ilk xanım dənizçi olub.

Женщины за рулем автобусов в Баку: успешный старт профессиональной программы
Avtobus nəqliyyatı sahəsində də qadın sürücülərin sayı artmaqdadır. Hazırda 3 xanım təlim və imtahan mərhələlərini uğurla başa vuraraq avtobus sürücüsü kimi fəaliyyətə başlayıb. Davam edən ikinci mərhələdə isə daha 6 xanım namizəd təlim prosesinə cəlb olunub. Taksi fəaliyyəti üzrə də qadın sürücülərin sayında artım müşahidə olunur. İndiyədək taksi sürücüsü olmaq istəyən 169 qadın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Onlardan 111-i müvafiq imtahanları uğurla keçərək hazırda taksi sürücüsü kimi çalışır. Statistikaya əsasən, müraciət edən qadınların 8-i 20-30 yaş, 78-i 30-50 yaş, 25-i isə 50 yaşdan yuxarıdır. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var.

Dünya üzrə statistika və müqayisə

Beynəlxalq təcrübə göstərir ki, nəqliyyat sektoru hələ də əsasən kişi üstünlüklü sahə olaraq qalır. Avropa İttifaqında qadınlar nəqliyyat sektorunda çalışanların orta hesabla 22 %-ni təşkil edir. Lakin birbaşa nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı peşələrdə bu göstərici xeyli aşağıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, dünyada mülki aviasiyada qadın pilotların payı cəmi 5-6 % səviyyəsindədir. Onlardan "cüzi" bir faizi kapitan olur. Hindistanda kommersiya aviaşirkətlərində qadın pilotların payı ən yüksəkdir, bu da ümumi pilot sayının 15 %-ni təşkil edərək ABŞ və Avropa ölkələrini üstələyir.

Dəmir yolu sektorunda qadın maşinistlərin payı bir çox Avropa ölkələrində 1-3 % civarındadır.

Dəniz nəqliyyatında vəziyyət daha kəskindir. Beynəlxalq Dəniz Təşkilatının (IMO) qiymətləndirmələrinə əsasən, qadınlar dünya üzrə dənizçilərin yalnız 2 %-dən azını təşkil edir və onların böyük hissəsi texniki heyətdə deyil, xidmət sahələrində çalışır.

Avtobus və taksi nəqliyyatında isə qadınların iştirakı ölkədən-ölkəyə dəyişir. Məsələn, Böyük Britaniyada avtobus sürücülərinin təxminən 11-12 %-i, ABŞ-da isə taksi və "ride-hailing" (taksi sifarişi) sürücülərinin 10 %-ə yaxını qadınlardır.

Bu mənzərənin fonunda Azərbaycanda qadınların eyni vaxtda metro, dəmir yolu, aviasiya, dəniz və avtomobil nəqliyyatı sahələrində təmsil olunması diqqət çəkir. Say baxımından göstəricilər hələ yüksək olmasa da, müxtəlif nəqliyyat növlərini əhatə etməsi ölkədə gender balansının geniş spektrdə formalaşmağa başladığını göstərir.

Oxunub 274
ŞƏRH YAZ
Ad

E-mail

Şərh