Azərbaycanda son 100 ilin rekord istiləri qeydə alınıb
Ötən gün ərzində respublikanın bəzi ərazilərində, xüsusən də qərb rayonlarında ən yüksək temperaturlar qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya deyib ki, Gəncədə havanın temperaturu 42, Balakən-Şəki bölgəsində 40-42 dərəcəyədək yüksəlib. Bu isə həmin rayonlar üçün rekord göstəricilərdir. Respublikanın qərb bölgəsində, xüsusən də Gəncə, Balakən və Şəkidə 100 illik meteoroloji müşahidələrə görə ən yüksək temperatur qeydə alınıb. Gəncədə indiyədək rekord temperatur 40 dərəcə idisə, ötən gün bu göstərici 42 dərəcə olub. U.Tağıyevanın sözlərinə görə, isti günlərdə Abşeron yarımadası və Aran rayonlarında istilər rekord həddə çatmayıb. O bildirib ki, 100 illik meteoroloji müşahidələrə görə həmin ərazilərdə əvvəllər də temperatur 40 dərəcəyədək yaxınlaşıb və ötən günlərdə də temperatur bu səviyyədə olub. U.Tağıyeva son günlər sosial şəbəkələrdə, saytlarda müxtəlif dayanacaqlarda quraşdırılmış cihazlarda yüksək temperatur göstəricisi qeydə alınmasına da münasibət bildirib. Onun sözlərinə görə, cihazlarda temperaturun belə olması əhalidə müxtəlif fikir yaradır ki, hansısa məlumatlar təqdim edilmir və ya temperatur göstəriciləri gizlədilir: “Tam məsuliyyətlə deyirəm ki, hidrometeorologiya sahəsində məlumatların əhaliyə çatdırılmasında heç bir orqan tərəfindən məhdudiyyət qoyulmayıb. Bu o deməkdir ki, bizim təqdim etdiyimiz reallığı əks etdirən temperaturdur. Sadəcə insanlar bilməlidir ki, havanın temperaturu bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi yerlərdə quraşdırılmış hidrometeoroloji stansiyalarda ölçülür. Orada isə yer səthi mütləq qrunt olmalıdır, asfalt yox... Buna görə də Bakı şəhərinin bəzi ərazilərində asfalt örtüyü, küçələrin sıxlığı və sair amillər temperatur göstəricilərinə öz təsirini göstərə bilər. Lakin fərqlər 3-4 dərəcədən çox olmur. Ona görə də əhali haradasa 48 və ya daha yüksək temperaturun olduğunu gördükdə, bilsin ki, bu reallığı əks etdirən məlumatlar deyil. Çünki Bakı hansısa Afrika şəhəri deyil. Bütün müşahidələrə görə paytaxtda temperatur 41 dərəcədən yuxarı qalxmayıb. Bu da bizim coğrafi mövqeyimizlə bağlıdır. 48, 51 dərəcə temperaturu göstərən cihazlar günəş şüalarının altında yerləşdirilir və dəmirdən olduğu üçün tez qızır. Bu da temperatur göstəricilərinə öz təsirini göstərir. Ona görə də əhalidən xahiş edirik ki, bizim təqdim etdiyimiz məlumatlara inansın. Bizim hansısa məlumatları gizlətməkdə heç bir marağımız yoxdur, ola da bilməz”.