Azərbaycanla ABŞ arasında imzalanmış anlaşma memorandumunun mətni açıqlanıb

Azərbaycanla ABŞ arasında imzalanmış anlaşma memorandumunun mətni açıqlanıb.
Avtosfer.az-ın xəbərinə görə, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında anlaşma memorandumunda deyilir ki, Azərbaycan Respublikasının Hökuməti və Amerika Birləşmiş Ştatlarının Hökuməti (bundan sonra – “İştirakçılar”), aşağıdakı razılaşmaları əldə ediblər:
I. Məqsəd
Bu Anlaşma Memorandumunun (bundan sonra – “Memorandum”) məqsədi İştirakçılar arasında strateji münasibətlərin möhkəmlənməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasıdır.
İştirakçılar Strateji İşçi Qrupunda aşağıdakı üç sahəyə diqqət yönəltmək niyyətindədirlər:
Enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar;
Süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr;
Müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.
II. Əməkdaşlıq sahələri
İştirakçılar aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir sıra sahələrdə əməkdaşlıq etmək niyyətindədirlər:
Enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi;
Müdafiə və terrorizmə qarşı mübarizə sahəsində daha möhkəm əməkdaşlığın qurulması;
Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi;
Süni intellekt üzrə tərəfdaşlıqların və rəqəmsal infrastruktur sahəsində sərmayələrin inkişaf etdirilməsi.
III. Ümumi müddəalar
Müddət: Bu Memorandum İştirakçılar tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır. Memorandum İştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər. Hər bir İştirakçı istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf digər İştirakçıya diplomatik kanallar vasitəsilə altmış (60) gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir.
Layihələrin davam etmə müddəti: İştirakçılar tərəfindən başqa qərar verilmədiyi təqdirdə, bu Memoranduma xitam verilməsi iki İştirakçı arasında bu Memorandum çərçivəsində artıq başlanmış və tamamlanmamış layihələrə və fəaliyyətlərə təsir göstərmir.
Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirilə bilərlər.
Memorandumun təsiri: Bu Memorandum beynəlxalq hüquq və ya daxili qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu Memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu Memorandum çərçivəsində İştirakçılar arasında əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi təfsir edilməsi nəzərdə tutulmur. Hər bir İştirakçının bu Memorandumla bağlı çəkdiyi bütün xərcləri özü tərəfindən qarşılaması gözlənilir. İştirakçılar bu Memorandumu İştirakçılar arasında bu Memorandum imzalanmazdan əvvəl və ya sonra bağlanmış razılaşmalara xələl gətirmədən icra etmək niyyətindədirlər. Bu Memorandumda heç nəyin eksklüziv işçi münasibəti kimi təfsir edilməsi nəzərdə tutulmur.
Vaşinqton şəhərində, 8 avqust 2025-ci il tarixində, ingilis dilində iki orijinal nüsxədə imzalanıb.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










